"Barselona"nın keçmiş yarımmüdafiəçisi Andres İnyesta uşaqlıqda "Real"a azarkeşlik etməsi ilə bağlı yayılan xəbərlərə cavab verib.
Lent.az bildirir ki, bundan əvvəl İspaniya mətbuatında İnyestanın 2006-cı ildə "Barselona"dan "Real"a keçmək imkanını nəzərdən keçirdiyi və hətta Madrid klubu ilə ilkin razılıq əldə etdiyi barədə məlumatlar yayılmışdı. Keçid üçün ilkin şərtlərdən biri İnyestanın uşaqlıqda “Kral klubu”na azarkeşlik etməsi olub.
“Tamamilə yox. Haqqımda həqiqətə uyğun olmayan bəzi şeylər deyilib, məsələn, ilkin müqavilə imzalamışam. Qoy özlərini alçaltsınlar”, - İnyesta bildirib.
İnyesta 12 yaşına kimi Madriddən 250 kilometr aralıda yerləşən doğma şəhəri Albasetedə yaşayıb. 1996-cı ildə "Barselona"nın akademiyasına daxil olub və ümumilikdə 22 ili bu klubda keçirib. İnyesta bütün turnirlərdə komandanın heyətində 674 oyunda iştirak edib, 57 qol və 136 məhsuldar ötürmə edib. O, həmçinin Yaponiyanın “Vissel Kobe” və Birləşmiş Ərəb Əmirliklərinin “Emirates” komandalarında da oynayıb.
Kataloniya klubunun heyətində yarımmüdafiəçi dörd dəfə Çempionlar Liqasının qalibi, doqquz dəfə İspaniya çempionu, altı dəfə ölkə kubokunun qalibi olub. İspaniya millisinin heyətində İnyesta 2010-cu ildə dünya çempionatının qalibi, 2008 və 2012-ci illərdə isə Avropa çempionu olub. O, millinin heyətində 131 oyun keçirib, 14 qol vurub və 30 məhsuldar ötürmə edib.
Oktyabrın 8-də Andres İnyesta futbolçu karyerasını başa vurduğunu elan edib.