Maradona 50 yaşında – HƏYAT HEKAYƏSİ –
30 oktyabr 2010 14:53 (UTC +04:00)

Maradona 50 yaşında – HƏYAT HEKAYƏSİ –

Argentina millisinin heyətində 1986-cı ilin dünya çempionu, 1979 və 1980-ci illərdə Cənubi Amerikada ilin futbolçusu, İngiltərə millisinin qapısına vurulan və “Yüzilliyin qolu” adını alan topun müəllifi, Buenos-Ayresin fəxri vətəndaşı – onun adını demək olar ki, əfsanəvi idmançının virtuoz oyunlarından heç olmasa birini təkrarlamağı arzulayan hər bir uşaq bilir. Qısamüddətli karyerasına baxmayaraq, Maradona dünya futbol tarixinə XX əsrin ən istedadlı şəxsiyyətləri sırasında düşəcək.

“Meydança maşını”

1960-cı il oktyabrın 30-da Argentinanın paytaxtı Buenos-Ayres şəhəri yaxınlığında yaşayan don Dieqo və Don Dalmanın ailəsində yerli miqyasda əhəmiyyətli hadisə baş verdi: Dörd qızın ardından, nəhayət, ilk varis dünyaya gəldi. Ailə başçısının sevincinin həddi-hüdudu yox idi. Buna görə də Don Dieqo ilk oğluna öz adını qoymağı qərara gəldi.

Həqiqətən də kiçik Dieqo dörd bacı – Rita, Ana, Elza və Mariyadan ibarət səs-küylü qadın kompaniyasını vaxtında sakitləşdirdi. Daha sonra Maradona ailəsində daha iki oğlan – Uqo və Raul dünyaya göz açdı.

7 yaşının tamamında Dieqoya ilk futbol topu hədiyyə verildi. Uşaq hədiyyəyə o qədər sevindi ki, topu qucaqlayaraq, yuxuya getdi. Lakin onu sınaqdan çıxarmaq yalnız yazda mümkün oldu. Balaca Dieqoya ən vacib futbol fəndlərini atası öyrətdi. Məktəbdə isə dərhal məşhur “Arxentinos Xuniors”un gənclərdən ibarət komandası sayılan “Los Sebolyitas”a qəbul edildi. İlk məşqlərdəcə o, ən yüksək nəticələr göstərdi. Hətta bir dəfə gənc Dieqo sınıq ayağı üzündən oynaya bilməyən yoldaşına dedi ki, onun əvəzinə 3, öz yerinə isə 2 qol vuracaq.

“Biz meydançada maşına bənzəyirdik. Hamını hətta 20:0 hesabı ilə məğlub edirdik. Biz Argentina çempionu olan “River Pleyt”in məşhur yeniyetmələrinə qarşı oynamağı arzulayırdıq. Nəhayət, bu matç baş tutdu. 7:1 hesabı ilə qalib gəldik. Özüm gözəl qol vurdum. Ümumilikdə isə vəd etdiyim kimi, 5 qola imza atdım. Rəqibin necə qəzəbləndiyini və bütün meydança boyunca arxamca qaçdığını görməyin yeri var idi” - deyə sonradan Maradona xatırlayacaqdı. Məhz həmin vaxt rəqibi virtuoz oyunu ilə darmadağın edən 10 yaşlı Dieqo Argentina futbolunun əsas ümidi kimi özünü göstərdi.

Argentinanın əsas tapıntısı

Maradona 12 yaşından etibarən “Arxentinos Xuniors”un gənclərdən ibarət komandasında oynamağa başladı. Komandanın məşqçisi Dieqonun əsl yaşını gizlətməli olurdu. Çünki yaşı minimal həddən də aşağı idi. Yeniyetmə futbolçu başqa adla oynamaq zorunda qalırdı. 1973-cü ildə gənc “Arxentinos” Evita Kubokunun finalında 5:4 hesabı ilə “River Pleyt”i məğlub etdi. Bu oyunda Maradona 7 nəfəri keçərək, qol vurdu. Qısa müddət sonra o, “Arxentinos”un 7-ci, ardından 5-ci, 3-cü və nəhayət, əsas komandasında peyda oldu.

Dieqonun bütün uğurlarına baxmayaraq, ailəsi ehtiyac içində idi. Lakin ata-Dieqo oğlunun futbola şiddətli həvəsinə heç vaxt sədd çəkmədi. “Atam dəyirmançı işləyirdi. O, daim işdən yorğun qayıdırdı. İki növbədə - səhər və axşam işləyirdi. Dəyirmana dəni, demək olar ki, sutka boyunca gətirirdilər və narın un dərhal sahibinə qaytarılırdı. Lakin günorta nahar edəndən sonra əlimdən tutaraq, məni kluba aparırdı” deyə Maradona sonralar xatırlayırdı.

O, ən parlaq və vacib debütü kimi “Arxentinos”un heyətində 1976-cı ildə keçirdikləri matçı sayır. Həmin vaxt Dieqonun komandası uduzsa da, onun meydançadakı çıxışı milyonlarla fanatına sevimli klubunun məğlubiyyətini unutmaq imkanı vermişdi. Maradona məşqçidən tutmuş jurnalistlərədək hamını təəccübləndirmişdi. Onun peşəkarlığına və ustalıqla çıxışına hətta rəqibləri də qibtə edirdilər. Lakin bu matç onun yaddaşında təkcə istedadı ilə hamının qürur duyması kimi yox, bundan az əhəmiyyət kəsb etməyən daha bir fakt kimi qaldı. Məhz həmin matçdan sonra ona Kristina adlı bir qız yaxınlaşdı və gənc futbolçuya təşəkkür etdi. Dedi ki, komandanın məğlubiyyətində onun günahı yoxdur. Əvəzində Maradona söz verdi ki, növbəti dəfə qollarından birini cazibədar həmsöhbətinin şərəfinə vuracaq. Belə də oldu. Düz iki həftə sonra “San-Lorentso” ilə matçda o, həddən artıq gözəl qol vurdu. Bu zaman komanda yoldaşları onu təbrik etməyə tələsərkən, Dieqo həmklublarını dayandırdı və üzünü Kristinanın oturduğu tribunaya tərəf tutub, “Mənə yox, bax, ona təşəkkür edin” - deyə qışqırdı.

Yeri gəlmişkən, 10 il sonra Kristina Sinaqra adlı bir qadın Maradonadan oğlan uşağı dünyaya gətirdiyini və ona atasının şərəfinə Dieqo adı verdiyini bildirdi. Maradonanın həqiqətən də həmin uşağın atası olduğu sübuta yetirilmədi. Lakin o məlumdur ki, Dieqo Sinaqra “ata”sının yolu ilə getməyi qərara aldı və İtaliyanın çimərlik futbolu üzrə yığmasında çıxış etdi.

“Allahın əli”

18 yaşında ikən Maradona öz ölkəsinin milli komandasında debüt etdi. Sonra isə 1982-ci ildə İspaniyada keçirilmiş dünya çempionatında çoxlu oyun keçirdi, 1986-cı il Meksika mundialında 5 qol vurdu və komandasını dünya futbolunun liderinə çevirdi. 1986-cı il argentinalılar üçün ən parlaq illərdən oldu. Məhz həmin vaxt Maradonanın gözəl oyunu sayəsində Argentina millisi dünya çempionu oldu. Elə oradaca Dieqo əllə qol vurdu. Bu qayda pozuntusunu matçın hakimindən başqa hamı gördü. Hakim bütün qaydalara zidd olaraq vurulan qolu qeydə aldı. Dieqonun özü isə “Bu, Allahın əli idi” deyə vurduğu topa şərh verdi. O vaxtdan Maradonanı “Allahın əli” adlandırmağa başladılar.

Meksikadakı dünya çempionatından sonra Maradona İtaliyaya yollandı. Yerli azarkeşlər üçün bu, əsl bayram oldu. O vaxtlar Dieqo “Mən “Napoli”də oynadığım üçün xoşbəxtəm” dedi. Hətta argentinalı ulduz üçün italiyalı azarkeşlər xüsusi himn də bəstələdilər. Onun transferi isə “Napoli”yə 7,5 milyon dollara başa gəldi. Lakin Maradona bu klubu İtaliya çempionluğu, ölkə kuboku və UEFA Kubokuna qovuşdurduqdan sonra heç bir ağlasığmaz məbləğ bütün ölkənin keçirdiyi sevinc hissləri ilə müqayisə oluna bilməzdi. Oyunların birindən sonra Dieqonun qanından götürülən analiz nəticəsində kokain izləri aşkarlandı. Həmin vaxt argentinalı futbolçunu ilyarımlıq diskvalifikasiya etdilər. Bütün “günah”larına baxmayaraq, Maradonanı Neapolda səbirsizliklə gözləyirdilər. Bu arada o, 1990-cı ildə İtaliyada keçirilmiş dünya çempionatında Argentina yığması ilə gümüş medal qazanmışdı. Lakin Dieqo Mundialdan bir il sonra “Napoli” ilə müqaviləni birtərəfli qaydada pozmağı və öz cibindən dəbbə pulu ödəməyi qərara aldı.

Qalmaqallı gediş

Dieqo İspaniyanın “Sevilya” klubunun heyətində də bir neçə oyuna çıxdı. Sonra isə o, vətəni Argentinaya qayıdaraq, 1994-cü il dünya çempionatına hazırlaşmağa başladı. Lakin gələcək karyerasına yenə narkotiklər mane oldu. ABŞ-dakı mundialda ikinci oyunundan sonra futbolçunun qanında efedrin tərkibli preparat izləri aşkarlandı. Beləliklə, Maradonanı dünya çempionatından kənarlaşdırdılar.

Sonradan o, özünü məşqçi kimi sınadı. Lakin futbolçu kimi qazandığı şöhrəti burada qazana bilmədi. Əvəzində əsas qalmaqallı “nyusmeker” kimi o, hamıdan çox gündəmdə qalmağı bacardı. 2004-cü ildə təyyarəyə gecikərkən, dostları ilə birgə Rio-de-Janeyro hava limanında VİP-personalar üçün zalda çaxnaşma törətdi. O, dəfələrlə “ürək aritmiyası” diaqnozu ilə xəstəxanaya düşdü. Lakin əsl-həqiqətdə diaqnozun bir qədər fərqli – kokainin dozadan çox qəbulu” kimi səsləndiyi aşkarlandı. Maradona bir neçə dəfə narkotik asılılıqdan müalicə olundu.

O, Argentina və İtaliya telekanallarında şərhçi kimi də çalışdı. 2008-ci ilin oktyabrından 2010-cu ilin iyununadək Maradona Argentina yığmasının baş məşqçisi oldu, komanda ilə dünya çempionatının ¼ finalınadək irəlilədi.

Dieqo ailəli olub. Sabiq rəfiqəsi Klaudiya Vilyafanya ondan 2 yaş böyükdür. Dieqo Klaudiya ilə 25 il yaşayıb. Bir dəfə həyat yoldaşını kiməsə dəyişib-dəyişmədiyi ilə bağlı jurnalistlərin sualına Dieqo belə cavab verib: “Heç vaxt. Amma bu, baş versəydi belə, heç vaxt etiraf etməzdim”.

2002-ci ildə Buenos-Ayresdən 300 km aralıdakı Rosario şəhərində Maradonanın fanatları onun şərəfinə “İqlesiya Maradoniana” adlı kilsə açıblar. Həmin vaxt onlar “Dahi idmançı əbədi yaşamalıdır və Yer üzünü Allahın özü onunla futbol oynamaq istədiyi halda tərk etməyə haqlıdır” - deyiblər.

Hazırladı: Elşən MƏMMƏDOV
# 1034

Oxşar yazılar