Foqts: “Rusiya təkcə oyunda yox, qrupda da favoritdir”
27 mart 2009 10:00 (UTC +04:00)

Foqts: “Rusiya təkcə oyunda yox, qrupda da favoritdir”

Azərbaycan futbolçuları Rusiyadan heç olmasa, 1 xal almağa da razıdırlar

Bu gün futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts, yığmamızın kapitanı Rəşad Sadıqov və müdafiəçi Samir Abbasov Rusiyanın paytaxtı Moskvada mətbuat konfransı keçiriblər. Lent.az-ın məlumatına görə, Sadıqov Rusiya yığması ilə 2010-cu il dünya çempionatının seçmə qrup matçı öncəsi komandamızın yaxşı əhval-ruhiyyədə olduğunu bildirib.

O, sabah keçiriləcək görüş haqda fikirlərini bildirib: “İstərdik ki, maraqlı oyun alınsın. Biz matça hərtərəfli hazırlaşmışıq. Rəqibi uzun müddət analiz etmişik. Rusiya bizə yaxşı tanışdır. Beynəlxalq yarışlarda Türkiyə ilə yanaşı, Rusiyaya da azarkeşlik edirik. 80 min nəfərlik “Lujniki” stadionunun tam dolacağı bizi narahat etmir. Biz Uelsə qarşı da eyni auditoriyada oynamışıq. Ümid edirik ki, maraqlı görüş alınacaq”.

Sadıqov rəqibin heyətində daha çox Yuri Jirkovdan ehtiyatlandığını açıqlayıb. Onun fikrincə, Jirkov Avropanın ən yaxşı futbolçularındandır. Sadıqov müdafiə xəttinin Andrey Arşavin və Roman Pavlyuçenko kimi hücumçularla oyuna necə hazırlaşdıqları haqda sualı belə cavablandırıb: “Biz şəxsiyyətlər haqda yox, Rusiya yığmasının bütün oyunçularına qarşı necə oynamaq haqda düşünürük. Rəqibin çox yaxşı kollektiv oyunu var ki, bunu da Avropa çempionatında göstərdi”.

O, azarkeşləri heç olmasa, 1 xalla sevindirmək istədiklərini də əlavə edib.
Samir Abbasov da heç-heçənin yığmamızı qane edəcəyini etiraf edib. Bununla yanaşı, Abbasov millimizin əks-hücum taktikasına üstünlük verəcəyini bildirib: “Bizim son səfər matçlarımız eyni cür keçib. Rəqib bütün oyun boyu hücum edib. Məşqlərdə müdafiədən oyunu qurmaq üzərində işləmişik. Bunun nə dərəcədə alınacağı martın 28-də bilinəcək. Lakin bu, o demək deyil ki, bütün 90 dəqiqəni müdafiədə oturacağıq”.
Berti Foqts isə bildirib ki, Rusiya təkcə oyun baxımından deyil, həm də dünya çempionatının 4-cü seçmə qrupunda favoritdir. Onun sözlərinə görə, artıq Rusiya və Almaniya futbolçuları dünya çempionatının keçiriləcəyi Cənubi Afrika Respublikasına bilet ala bilərlər.
Bununla yanaşı, almaniyalı mütəxəssis “Lujniki” stadionunun İngiltərə ilə 2008-ci il Avropa çempionatının seçmə oyununda olduğu kimi, Azərbaycanla qarşılaşmada da tam dolma ehtimalını sevindirici hal sayıb: “Mən buna şadam. Deməli, bizə burada İngiltərə millisi kimi yanaşırlar”.
Matçın soyuq hava şəraitində keçirilməsinin yetirmələrinin oyununa mənfi təsirini istisna edən Foqts yığmamızın heyətindən kənarlaşdırdığı İlqar Qurbanovu həvəskar futbolçu adlandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1314

Oxşar yazılar