Böyük futbol beşliyi: İnqilab gözlənilmir...
17 mart 2009 15:45 (UTC +04:00)

Böyük futbol beşliyi: İnqilab gözlənilmir...

...Üsyanlar isə mümkündür

Dünya futbolunda son 20 ildə qəti şəkildə formalaşmış “böyük beşlik” anlayışı Avropa arenasındakı qüvvələr nisbətini müəyyən edən əsas meyar olaraq qalmaqdadır. Sözügedən sistemdə köklü dəyişikliklərə səbəb olacaq güc mərkəzi isə yoxdur. Buna baxmayaraq, yığma və klub səviyyəsində müəyyən ölkələrin səs-küyə səbəb olan, ajiotaj mənbəyinə çevrilən çıxışları da gündəlik futbol yaşantısında yoxluq təşkil etmir. Qeyd edilən istiqamətdə Rusiya, Türkiyə, Portuqaliya və s. ölkələrin əhəmiyyətli uğurları (DÇ-nın seçmə mərhələsinin son oyunlarında, eləcə də avrokuboklarda qeyd edilən ölkələrin bəziləri uğursuzluğa düçar olsa da, bu, ümumi tendensiyanı dəyişmir) mövcud iyerarxiya üzərində edilə biləcək mümkün korrektələr üçün əsaslı zəmin rolunu oynaya bilər.

Meyarlar

Dünya futbolunda üstün mövqedə olanlarla rəqabətdə “böyük beşliy”ə daxil olmayanların mümkün çıxışlarının baş verməsini şərtləndirən amillər zirvədə qərarlaşan güc sahiblərinin mövqeyini xarakterizə edən elementlərin müəyyən edilməsi ilə bağlıdır. Burada məsələlərin düyün nöqtəsi iki aspektdə təhlil edilə bilər Birincisi, zirvəyə istiqamətlənmək üçün milli və yığma səviyyəsində balanslı inkişafa nail olmaq lazımdır. Yəni futbol sahəsində nəhəng hesab edilmək naminə həm güclü çempionata, həm də yüksək səviyyəli milliyə sahib olmaq şərtdir. Digər tərəfdən , qeyd edilən iki istiqamətdə inkişaf davamlı olmalıdır. Belə ki, yalnız stabil qrafik üzrə davam edən evolyusiya “oturuşmuş səviyyə” haqqında mühakimə yürütməyə əsas verə bilər. “Böyük beşlik”dən kənarda olan ölkələrin yeni mövqeyə qalxması məhz yuxarıdakı istiqamətlər üzrə mümkündür.

“Qırmızı maşın” geri qayıdır

AVRO-2008-də Rusiya millisinin bürünc medallara layiq görülməsi, “Zenit”in klub miqyasında olan uğurları şimal qonşularımızın fərqli səviyyədə olduqlarını göstərir. SSRİ dağıldıqdan sonra keçirilən DÇ və AÇ-da fiasko ilə üzləşən rusların əsas çatışmazlığı əsasən keçid dövrünün uzun sürməsi və əlaqəli amillərlə izah edilirdi. İndi Rusiyada fərqli mühit mövcuddur Artıq yığma komandaya dünyanın ən yaxşı məşqçilərindən sayılan Qus Hiddink başçılıq edir. Müxtəlif səviyyələrdə milli komandaların komplektləşdirilməsi beynəlxalq standartlara uyğun şəkildə aparılır. Tolyattidə əsası qoyulan futbol akademiyası da məhsuldar işləyir. Müəssisənin məzunlarından olan Zaqoyev artıq Rusiyanın əsas komandasına cəlb olunur. Ölkə çempionatı da səviyyə, buna uyğun azarkeş marağı baxımından xeyli yol qət edib. Rusiya “Premyer-liqa”sı Avropa ölkələrinə yayımlanır və beynəlxalq televiziya setlərində ciddi şəkildə analiz olunur (məsələn, Türkiyə “Superliqa”sı ilə bağlı yuxarıda qeyd edilənlər keçərli deyil). Bir sözlə, proseslər müsbət məcrada cərəyan edir və bütün bunlar ümumilikdə, SSRİ dövründə idman terminologiyasına daxil olan “qırmız maşın” anlayışının dönüşünü şərtləndirən faktorlar kimi səciyyələndirilə bilər. Rusiya Futbol Federasiyasının prezidenti Vasili Mutko son illər müşahidə olunan yüksəlişi “yaxın gələcəyə hesablanmış” “məqsədli planların effektivliyi ilə izah edir: “Ölkəmizdə potensial həmişə olub. Rusiyanın ucqar nöqtələrindən tutmuş Moskvaya kimi müxtəlif regionlarda çoxsaylı istedadlar aşkarlamaq mümkündür. Uğurlarımızın əsas səbəbini özümüzə və imkanlarımıza diqqətlə yanaşmağımızda görürəm”

İndiki şəraitdə “böyük beşliy”ə daxil olmayan ölkələrdən Rusiya sürətli və hərtərəfli tərəqqi baxımından öz eşelonunda olan rəqiblərini üstələyir. Yığmamızla 1 qrupda yer alan şimal qonşularımızın Almaniya ilə liderlik uğrunda sona kimi mübarizə aparacağı gözlənilir. “ÇSKA” və “Zenit” UEFA kubokunda mübarizəni davam etdirirlər. Eyni zamanda Rusiya özünəməxsus futbol rejimi, yaz-yay sisteminin avroarenadakı çıxışlar üzərində olan mənfi nəticələrini aradan qaldırmağın yolunu tapıb. Qış mövsümündə keçirilən müxtəlif turnirlər, eləcə də oyunçuların fiziki hazırlığında tətbiq olunan metodlar SSRİ dönəmindən ciddi problemə çevrilən “yaz süstlüyü”nə qarşı effektiv vasitə kimi qəbul edilə bilərlər.

“Barıt çəlləyi”

Türkiyənin Avropa arenasındakı uğurları stabil, davamlı xarakter daşımasa da, osmanlı ruhunun davamçılarından sürprizlər, bəzən isə adı məntiqlə izah edilməsi mümkün olmayan zəfərlər gözləmək mümkündür. 2002-ci ilə kimi davam edən “yüksəliş qrafiki”ni yeni formada davam etdirməyə cəhd edən türklərin futbolunda mövcud olan problemlər əsasən klub səviyyəsində diqqəti cəlb edir. Belə ki, “Fənərbağça”nın keçən mövsüm ÇL-da ilk səkkizliyə düşməsi istisna olmaqla, 2001-ci ildən Türkiyə futbolunda qeyd edilən istiqamətdə uğur olmayıb. UEFA kubokunda “Qalatasaray”ın nə qədər uzağa gedəcəyini isə yalnız təxmin etmək olar. “Superliqa”nın səviyyəsində isə keyfiyyət dəyişikliyi yoxdur. Bugünkü Türkiyənin futbol imici daha çox milli səviyyəsində diqqəti cəlb edir. Fatih Terimin xarizmasından asılılıq, oyunçuların emosional yüksəliş fonunda qeyr-adi üstünlüklərini ortaya qoymaq bacarığı “yeniçərlər”in uğurlarının epizodik və “əhval-ruhiyyədən” asılı olmasını şərtləndirir. Türkiyənin tanınmış telejurnalisti Hıncal Uluç problemlərin həllində geniş kütlələrin qüsurlarının az rol oynamadığını düşünür: “Bizdə vətən, milli komanda haqqında söz düşəndə hamı gözəl sözlərlə hislərini izah etməyə meyl edir. Amma yığmanın oyunlarında klub sevgisi bəzən ümumi qayğıları arxa plana atır. Azarkeşlərin, medianın futbolla birbaşa əlaqəsi olmayanların da günahı az deyil. Bu gün Türkiyə millisinin baş məşqçisi Terim olduğundan “Fənərbağça” və “Beşiktaş”sevərlər yığmanın “Qalatasaray” ruhu daşıdığını iddia edirlər. Belə olmaz. Bu gün Türkiyədə futbol deyəndə “Üç böyüklər” yada düşür və başqa klublar unudulur”.

Türkiyə millisinin mundiala vəsiqə uğrunda mübarizənin son 2 turunda qazanılması şərt olan 6 xaldan yalnız 4-nə yiyələnməsi faktına gəlincə, bunu ilk növbədə qeyri-stabilliklə izah etmək olar. Digər tərəfdən, “ay-ulduz”luların oyun konstruksiyası da qüsursuz deyil. Rəqib qapısına yol tapmaqda çətinlik çəkən, lakin asanlıqla qol buraxan türklərin Bosniya-Hersoqovina və Estoniya kimi “orta Avropa səviyyəsi”ndən aşağıda olan millilərlə mübarizədə problemlərlə üzləşməsi əvvəlki dövrlərdəki kimi yetərli sayda istedadlı futbolçunun olmaması ilə də bağlı ola bilər (qeyd edilən fikir nisbi xarakter daşısa da, 2000-ci illərin əvəlləri ilə müqayisə baxımından özünü doğruldur). Qeyri-stabilliyə baxmayaraq, “ay-ulduzlular” istənilən halda hər an partlamağa hazır olan “barıt çəlləyi” olaraq qalırlar. Bu baxımdan, Türkiyənin qarşıdan gələn İspaniya matçında və digər prinsipial qarşıdurmalarda “qeyri-ordinar” oyun göstərmə ehtimalı real qarşılanmalıdır.

İstedad bolluğu və oliqarx yoxluğu

Daim dünya miqyasında tanınan yüksək səviyyəli “top sehrbazları”ilə öyünən Portuqaliyanın “böyük beşliy”ə daxil olması ilk növbədə iqtisadi səbəblərdən mümkünsüz görünür. Stabil olaraq güclü milli komandaya, “Ayaks” kimi produktiv futbol məktəbinə sahib olan hollandların başlıca problemi isə yerli istedadların ölkədə qalmasının təmin edilməməsi ilə bağlıdır. Bu baxımdan “zanbaqlar ölkəsi” ilə Portuqaliya arasında paralellər aparmaq olar. Uzun illər Hollandiya yığmasının formasını geyinən Ronald Kuman da bu qənaətdədir: “Bizdə istedad sarıdan həmişə bolluq olub. Məncə, yeni səviyyəyə qalxmaq üçün İngiltərə, İspaniya, İtaliya kimi ölkələrdə istifadə edilən metodlara əl atmalıyıq. Bizdə futbola kifayət qədər pul xərclənir. Lakin maddi vəsait əsasən çoxlu sayda istedadlı oyunçuların yetişdirilməsinə yönəlir. Müəyyən səviyyəyə çatan hər bir gənc kənara çıxmaq istəyir. Çünki əvvəlkilər belə olub və bu, ənənə formasını almaqdadır. Mən hollandiyalıların xarici klublarda yer almasına pis baxmıram Amma bununla yerli çempionatın səviyyəsini aşağı salırıq. Bu məsələyə diqqət yetirilməlidir”. Hollandiyada bütün zamanların ən yaxşı oyunçusu hesab edilən Kruiffin məsələyə münasibəti də eyni tərzədir: “Biz böyük futbol ölkəsi olmaq üçün bu məsələyə diqqət yetirməliyik. Bir az liberallığı azaltmalıyıq. İngilislər, italyanlar bizdən daha mühafizəkardırlar. Düşünürəm ki, bəzi məsələlərdə liberallıq mənfi nəticələrə gətirib çıxarır. Müəyyən korrektələr olmalıdır. Buna nail olsaq, rəqabət mühitində daha güclü ola biləcəyik. Bizim futbolda oliqarxların ciddi maraq sahibi qismində çıxış etməmələrini də unutmamalıyıq”.

Haqqında danışılan iki ölkənin yığma komandalarının DÇ-nın seçmə mərhələsindəki son çıxışları bir-birindən ciddi şəkildə fərqlənir. Özündən qat-qat zəif komandaları udmaqda çətinlik çəkən portuqallardan fərqli, “zanbaqlar ölkəsi”nin nümayəndələri üçün kvalifikasiya etapının yoldaşlıq görüşlərindən daha yüngül keçdiyini demək olar. Buna baxmayaraq, hər iki kollektivin mundialın final mərhələsində ən yüksək titullar uğrunda mübarizə aparacağı heç kimdə şübhə doğurmur.

Yekun

Almaniya və dünya futbolunun patriarxlarından Frans Bekkenbauer yaxın gələcəkdə “böyük beşlik” formulasına dəyişiklik ediləcəyini güman etməsə də, müəyyən yerdəyişmələrin olacağını düşünür: “ Mənə elə gəlir ki, sözügedən beş ölkənin daxil olduğu qruplaşmanın öz daxilində yerdəyişmələr mümkündür. Eləcə də, 6, 7, 8-ci yerləri bölüşən ölkələrin qüvvələr nisbəti də stabil qalmayacaq. Rusiyanın yaxın gələcəkdə altıncı pillədə tam möhkəmlənəcəyini, Hollandiya və Portuqaliyadan uzaqlaşacağını güman edirəm.”.

Orxan Amaşov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2113

Oxşar yazılar