Məşhur futbolçunun atası narkotik alverçisi imiş
14 may 2010 10:00 (UTC +04:00)

Məşhur futbolçunun atası narkotik alverçisi imiş

İngiltərə milli komandasının və “Çelsi” klubunun futbolçusu Con Terrini xoşagəlməz hallar izləməkdə davam edir.


Lent.az-ın məlumatına görə, bu dəfə onun atası narkotik ticarətində günahkar olduğunu məhkəmədə etiraf edib.


Londonda keçirilən dinləmələrdə 56 yaşlı Edvard Terri kokain alveri etdiyini boynuna alıb. İstintaq materiallarına əsasən, 2009-cu ilin noyabrında şəhər barlarından birində o, narkotikin bir dozasını “News of the World” nəşrinin jurnalistinə 160 funta satıb. Həmin jurnalist özünü narkotik alıcısı kimi təqdim edib. Müttəhimin vəkili bildirib ki, mətbuat məşhur futbolçunun atasını qalmaqal yaratmaq istəyilə hədəf seçib. Hökm iyunun 1-də açıqlanacaq. Həmin vaxtadək müttəhim girov qarşılığında azadlığa buraxılıb.


Qeyd edək ki, fevralda İngiltərə yığmasının baş məşqçisi Fabio Kapello Con Terrini komanda yoldaşı Co Koulun sevgilisi ilə görüşdüyü üçün yaranan qalmaqalla əlaqədar kapitan sarğısından məhrum edib. Bunadək Terri nümunəvi ailə başçısı sayılırdı. İki övladı olan futbolçu hətta ötən yay “ilin atası” titulunu almışdı. 2009-cu ilin dekabrında isə Terri 10 min funt sterlinq qarşılığında 3 jurnalistə ”Çelsi”nin bazasına giriş məqsədilə şəxsi buraxılış vərəqəsi satdığı üçün gündəmə gəlib. Eyni zamanda, “Çelsi”nin kapitanının anası və qaynanası mağazadan oğurluq etdikləri üçün saxlanılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 550

Oxşar yazılar