Daha bir boksçumuz mübarizəni dayandırdı - YENİLƏNİR
30 aprel 2010 10:30 (UTC +04:00)

Daha bir boksçumuz mübarizəni dayandırdı - YENİLƏNİR

Bakıda keçirilən gənclər arasında boks üzrə dünya çempionatında bu gün ¼ final görüşləri keçirilir.


Lent.az-ın məlumatına görə, bu mərhələyə Azərbaycanın 11 boksçusundan 7-si vəsiqə qazanıb. 48 kq çəki dərəcəsində çıxış edən Salman Əlizadənin ¼ finaldakı rəqibi Vadim Kirilenko (Belarus) olub. Görüş Əlizadənin qələbəsi ilə başa çatıb – 14:6. Yarımfinalda Zohidyon Hurboyevlə (Özbəkistan) keçirəcəyi qarşılaşmanın nəticəsindən asılı olmayaraq, artıq Əlizadənin ən azı bürünc medalı təmin etdiyini demək olar. Hər çəki dərəcəsi üzrə mükafatçıların 14 – 26 avqustda Sinqapurda keçiriləcək Yeniyetmələrin I Yay Olimpiya Oyunlarına lisenziya qazanacağını nəzərə alsaq, boksçumuzun bu vəzifənin də öhdəsindən gəldiyini demək olar.


51 kq çəkidə yer alan Şaban Şahpələngov da yarımfinala yüksəlib. Şahpələngov Bhaskar Jerripothulanı (Hindistan) yenib. 3-cü raundun sonlarına yaxın hesab 14:2 olarkən, hakimlər döyüşü dayandırıblar. Boksçumuz ½ finalda Vasili Vetkinlə (Rusiya) qarşılaşacaq.


57 kq çəkidə qüvvəsini sınayan Elvin İsayev ¼ finalda Nursultan Pazilovla (Qırğızıstan) vuruşub. Görüş boksçumuzun böyük üstünlüyü ilə başa çatıb – 22:11. İsayev yarımfinalda Ünal Güleçlə (Türkiyə) qarşılaşacaq.


60 kq çəkidəki boksçumuz Kamran Baxşəliyev isə Evaldas Petrauskasa (Litva) uduzaraq, mübarizəni dayandırıb. Bu çəkidə yer alan Ermənistanın sonuncu təmsilçisi Hrayr Matevosyan da yarımfinala çıxa bilməyib. Matevostan ¼ finalda Tomas Vahrenholta (Almaniya) yenilib – 2:7. Bununla da düşmən ölkə boksçularının Bakıda mükafatçılar sırasına düşməkdən məhrum olublar.


75 kq çəkidə yarışan Vətən Hüseynli də yarımfinala çıxa bilməyib. Hüseynli ¼ finalda Harşa Zoltana (Macarıstan) uduzub – 5:9.


81 kq çəkidə çıxış edən Teymur Məmmədov ¼ finalda Burak Akşinlə (Türkiyə) üz-üzə gələcək.


91 kq-dan yuxarı çəkidə çıxış edən Fərqan Ömərov Filip Xrqoviçlə (Xorvatiya) üz-üzə gələcək.

Yarımfinal görüşləri mayın 2-də olacaq.
# 520

Oxşar yazılar