Yığmamızdan qovulan boksçular danışdı
09 aprel 2010 10:30 (UTC +04:00)

Yığmamızdan qovulan boksçular danışdı

“Otelə içkili halda gəldiyim üçün yığmadan kənarlaşdırılmağım doğrudur”.

Bu sözləri Lent.az-a açıqlamasında boks üzrə 2007-ci il dünya çempionatının bürünc mükafatçısı Samir Məmmədov deyib.

Məmmədov içkini boksçu dostlarından birinin oğlunun kiçik toy məclisində qəbul etdiyini bildirib: “Həmin məclisdə mən şampan içmişdim. Otelə isə deyildiyi kimi, gecə saat 2-də yox, axşam saat 10-11 radələrində gəlmişəm”.


Bununla belə, günahını etiraf edən boksçu “Nə deyilibsə, mənim xeyrimədir” söyləyib. O, hazırda Tofiq Bəhramov adına Respublika stadionunda şəxsi məşqçisi Zahid Məmmədovun rəhbərliyi altında əvvəlkindən qat-qat artıq qüvvə ilə məşq etdiyini bildirib. Məmmədov 4 – 13 iyunda Rusiyanın paytaxtı Moskvada keçiriləcək Avropa çempionatınadək yığmadakı yerini qaytarmaq üçün əlindən gələni edəcəyini vurğulayıb.


Qeyd edək ki, 22 yaşlı Samir Məmmədov (51 kq) 2005-ci il dünya çempionatının gümüş mükafatçısı, 24 yaşlı Elçin Əlizadə (91 kq) ilə birgə milli komandadan uzaqlaşdırılıb. Hər 2 boksçu nizam-intizamı pozduqları üçün kubalı məşqçilər Xesus Yu Polier və Lazaro Ximenes Martinesin qəzəbinə tuş gəliblər.


Azərbaycan Boks Federasiyasının (ABF) I vitse-prezidenti Ağacan Abiyev millimiz “Sərhədçi” İdman Olimpiya Mərkəzində təlim-məşq toplantısında olduğu vaxt Məmmədovun gecə saatlarında otelə içkili halda qayıtdığını və otelin videokameraları tərəfindən qeydə alındığını bildirib. Əlizadənin qovulmasına isə səbəb kimi məşqlərə gecikməsi və tapşırıqlara əməl etməməsi göstərilib.


Elçin Əlizadənin özü Lent.az-a açıqlamasında federasiyanın qərarına hörmətlə yanaşdığını bildirib: “Ağacan müəllim professordur, ağsaqqalımızdır. Əgər o, belə deyibsə, bizim yaxşılığımız üçün söyləyib. Onun qərarına hörmətlə yanaşıram”.


Bununla yanaşı, ağır çəkili boksçu kubalı məşqçilər Xesus Yu Polier və Lazaro Ximenes Martinesin məşqlərindən narazılığını gizlətməyib. Onun fikrincə, “Azadlıq adası”ndan gələn mütəxəssislər heç də azərbaycanlı məşqçilərdən səviyyəli deyillər: “Biz dünya səviyyəli boksçularıq, müntəzəm nüfuzlu yarışlarda iştirak edirik. Özüm 1999-cu ildən müxtəlif yaş qrupları üzrə yığma komandalarımızda yer almışam. Bizə ibtidai məşqçilər lazım deyil. Onların dillərini də başa düşmürük. Yanvardan millimizdə fəaliyyətə başlasalar da, ötən müddətdə irəliləyişə nail olduqlarını deməzdim. Heç ola bilməyəcəklər də”.


Kubalı məşqçilərlə heç bir problem yaşamadığını deyən Əlizadə aralarında müəyyən anlaşılmazlığın baş verməsinin mümkünlüyünü istisna etməyib: “Son illər onurğa sütunumda yırtıq vardı. Məni əməliyyat etdikdən sonra həkimlər 6 ay müddətinə məşqlərə qatılmamağımı istədilər. Lakin 3 aydan sonra öz istəyimlə məşqlərə qoşuldum. Hələ hazır formada olmadığımdan, məşqlərdə də tam qüvvə ilə özümü göstərməkdə çətinlik çəkmişəm. Ola bilsin, kubalı məşqçilərə yenicə əməliyyat olunduğumu izah edə bilməmişəm”.


Hazırda şəxsi məşqçisi Vidadi Tağıyevin rəhbərliyi altında məşq edən Elçin Əlizadə bildirib ki, çıxış etdiyi çəkidə özündən güclüsü tapılsa, ümumiyyətlə, boksdan getməyə hazırdır.

Elşən Məmmədov
# 741

Oxşar yazılar