Berti Foqts: “Rusiyaya niyə qol vurmayaq ki?”
15 oktyabr 2012 15:39 (UTC +04:00)

Berti Foqts: “Rusiyaya niyə qol vurmayaq ki?”

Lent.az-ın məlumatına görə, jurnalistlərlə görüş millimizin Rusiya yığması ilə oktyabrın 16-da keçirəcəyi 2014-cü il dünya çempionatının seçmə qrup matçına həsr olunub.

Foqts əvvəlcə kapitan Rəşad Sadıqovun durumuna aydınlıq gətirib: “Hazırda müalicə olunan Sadıqovun Rusiya yığması ilə oyunda meydana çıxması üçün əlimizdən gələni edəcəyik. Komandanın kapitanı oynamayanda, çox çətin olur. Rəşad oynamayacağı təqdirdə onu kimin əvəzləyəcəyini bilirik. Lakin bunu açıqlamaq istəmirəm. Mənə elə gəlir ki, Fabio Kapello üçün Sadıqovun oynayıb-oynamamağının elə də fərqi yoxdur. Amma bizim üçün fərqi var. Çünki Rəşad seçmə oyunlarda çox yaxşı təsir bağışlayıb. Meydana çıxacağı halda, ondan yenə eyni oyunu gözləyirik”.

Almaniyalı mütəxəssis Rusiya yığması barədə də danışıb: “Bu komanda həmişə güclü olub: 3 il əvvəl də, indi də. Onların builki Avropa çempionatında uğursuzluğu təəssüf doğurur. Rusiya yığmasının, sadəcə, bəxti gətirmədi”.

Bununla belə, yığmamızın baş məşqçisi Rusiyaya qol vurmaq iqtidarında olduqlarını bildirib: “Ötən seçmə mərhələdə Almaniya yığmasına hər 2 oyunda qol vuran yeganə komanda Azərbaycan millisi oldu. Rusiyaya niyə qol vurmayaq ki? Bəlkə də lap 2 qol vurduq. Düzdür, Portuqaliya kimi komanda onlara qol vura bilmədi. Amma futbolda komanda oyunu var”.

Foqts Rusiya ilə görüşün süni meydanda keçirilməsinin yığmamıza problem yaratmayacağını söyləyib. Onun sözlərinə görə, Azərbaycanda belə meydança çoxdur, “Lujniki”də isə ən yaxşı süni örtük mövcuddur: “Burada oynamaq çətinlik yaratmamalıdır. Tez gəlməyimiz Moskvanın soyuq havasına uyğunlaşmaq məqsədi daşıyır”.

Qeyd edək ki, Rusiya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
# 1540

Oxşar yazılar