“Atletiko” “Bakı” ilə oyuna gələcək
12 oktyabr 2012 03:55 (UTC +04:00)

“Atletiko” “Bakı” ilə oyuna gələcək

Lent.az-ın məlumatına görə, iki klubun nümayəndələri əvvəlcə Azərbaycan klubunun təlim-məşq bazası ilə tanış olublar.

Tanışlıq prosesində AFFA-nın prezidenti Rövnəq Abdullayev də iştirak edib. Onlar bazadakı bütün meydançalara baxış keçiriblər. Daha sonra jurnalistlərin 10 saatadək gözlədiyi mətbuat konfransı baş tutub. Media əhli ilə görüşə Gil Marindən əlavə, “Bakı”nın icraçı direktoru Yaşar Seyidov da qatılıb. Azərbaycan klubunun Media və Marketinq Departamentinin rəhbəri Nəriman Mehdiyev tədbirin xeyli gecikməsinə görə jurnalistlərdən üzr istədikdən sonra sözü qonağa verib. “Atletiko” rəsmisi “Bakı” ilə münasibətlərinin avqustun 31-də Monakoda İngiltərənin “Çelsi” komandasına qarşı keçirdikləri UEFA Superkuboku matçından sonra başladığını bildirib. O, artıq iki klub arasında əməkdaşlığa dair razılığa gəlindiyini açıqlayıb: “Həmin vaxt əlaqələrimizi genişləndirməyi qərara aldıq. “Bakı”nın prezidenti Hafiz Məmmədov “Atletiko”nun təcrübəsini bölüşməyi təklif etdi. Burada da bizi çox yaxşı qarşıladılar. Buna görə şəxsən Məmmədova minnətdaram. Artıq klublarımız arasında əməkdaşlığa dair razılıq əldə olunub. Qarşıdakı 15 gün ərzində ən azı 3 illik müqavilə bağlayacağıq”.

İspaniya yığmasına ən çox oyunçu verən klublar arasında yalnız “Barselona” və “Real Madrid”dən geri qalan “Atletiko” hazırda ölkə çempionatında “Barselona” ilə birgə ilk 2 pilləni bölüşür. Qonaq bildirib ki, klubda məşqlər çox yüksək səviyyədə aparılır. Məhz bu səbəbdən, Hafiz Məmmədov eyni məşqlərin “Bakı”da da tətbiqini istəyib. “Atletiko” rəsmiləri tanışlıq xarakterli səfərə dəvət olunublar. Gil Marin Azərbaycanda və klubun bazasında gördüklərindən çox təəccübləndiyini vurğulayıb. O, əməkdaşlığın müxtəlif sahələri əhatə edəcəyini də söyləyib. Bura futbolun səviyyəsinin artırılması, 2013-cü ilin yayında “Atletiko”nun 2 məşqçisinin təcrübələrini bölüşmək üçün “Bakı” komandasının düşərgəsinə gəlişi, Madrid komandasında 1 ilədək təcrübə keçmək məqsədilə 8 – 15 yaşlı 4 futbolçunun seçilərək aparılması, “Atletiko”nun ən azı ikinci komandası ilə “Bakı” arasında gələn ilin yayında yoldaşlıq görüşünün keçirilməsi, klubların atributlarının Bakıda və Madriddə satışı kimi məsələlər daxildir: “Biz artıq Birləşmiş Ərəb Əmirlikləri, Tailand və digər ölkələrdə belə layihələr həyata keçiririk. Bakıya göndərəcəyimiz mütəxəssislər məşq qaydaları və infrastrukturla bağlı təcrübələrini bölüşəcəklər. Gələn ilin iyun-iyul aylarında Tailandda yoldaşlıq görüşləri keçirmək niyyətindəyik. Həmin ərəfədə Bakıda da belə bir oyunu keçirə bilərik. “Atletiko” nəzdindəki uşaq futbol məktəblərində 2800-dək tələbə təhsil alır. 300-dək futbolçu isə akademiyamızda məşq edir. Onların 90 faizi ispaniyalıdır. Digər ölkələrə gəldikdə, məsələn, Çin klubunun 10-dək uşaq futbolçusu qarşıdakı 3 il ərzində “Atletiko”nun düşərgəsində təcrübə toplayacaq”.

İspaniya klubu rəsmisi görəcəkləri işlərin qarşılığında “Bakı” rəhbərliyi ilə maliyyə məsələləri barədə söhbətlərinin olmadığını deyib. “Biz bu işləri inkişaf naminə edirik. Buradan pozitiv emosiyalarla qayıdıram” söyləyən Gil Marin “Bakı”nın hazırkı futbolçularından Nurlan Novruzovun oyununu çox bəyəndiyini açıqlayıb. O, 2009-cu ildə Azərbaycan və İspaniya milli komandaları arasında keçirilmiş yoldaşlıq görüşünü də izlədiyini bildirib.

Qeyd edək ki, həmin matçda İspaniya 6:0 hesabı ilə qalib gəlib.

Elşən MƏMMƏDOV
# 1099

Oxşar yazılar