Vaqif Sadıqov: “Neftçi”də böyük islahatlar etmək istəyim kiməsə sərf etmədi” – MÜSAHİBƏ
18 sentyabr 2012 12:03 (UTC +04:00)

Vaqif Sadıqov: “Neftçi”də böyük islahatlar etmək istəyim kiməsə sərf etmədi” – MÜSAHİBƏ

- Azərbaycan Premyer Liqasının V turunda “Qarabağ”a 6:2 hesabı ilə qalib gələcəyinizi gözləyirdiniz?

- Bu hesabı təkcə mən yox, Azərbaycanda heç kim gözləmirdi. Amma qələbə qazanacağımıza mən də, komandam da inanırdıq.

- Bəlkə bu yaxınlarda keçirilmiş yoldaşlıq görüşündə “Qarabağ”a 4:0 hesabı ilə qalib gəldikdən sonra futbolçularınızda belə böyük hesablı qələbəyə inam yaranmışdı?

- Məncə, elə o oyundan sonra uşaqlarda inam yarandı. Ondan sonrakı bütün yoldaşlıq görüşlərində də qələbə qazanmışıq. Çempionatdakı startımız da uğurlu alınıb. İlk 3 turda uduzmamışdıq. “Qarabağ”la bazar günü keçirilən matçımızda isə sırf qələbəyə köklənmişdik və onu əldə edə bildik.

- Böyük hesablı qələbənin rəqib həmkarınız Qurban Qurbanovun istefasına səbəb ola biləcəyini düşünmüşdünüz?

- Biz meydanı qalib tərk etmək istəyirdik. Başqa heç nə fikirləşmirdik. Mətbuat konfransında da Qurban müəllimə bildirdim ki, emosional addımlar atmaq lazım deyil. Hesab edirəm ki, “Qarabağ” yenə Azərbaycanın ən güclü komandalarındandır, olub və olacaq. Bu komandanın ən yaxşı oyunları hələ qabaqdadır. Lakin bu oyundan da nəticə çıxarmaq çox vacibdir.

- Sizin komanda belə hesabla uduzsaydı, hansı tədbirlər görərdiniz?

- İndi bunu demək çox çətindir. Belə məğlubiyyət olsaydı, ondan sonra nə etməyin gərəkliyi bilinərdi. Qurbanovun özü də mətbuat konfransında bildirdi ki, hansısa dəyişikliklər etməyin vaxtı çatıb. O dəyişiklikləri özü məndən qat-qat yaxşı bilir və lazımi islahatlara əl atacaq. Ən vacib məsələ odur ki, hansısa emosiyalara qapılmaq və günahkarları axtarmaq lazım deyil. Komandanı qoruyub saxlamaq üçün birliyin olması çox vacibdir. Bu oyun dünən olub. Bu gün isə komanda tam fərqli fikirlərlə hazırlığı davam etdirməlidir. Belə məğlubiyyətdən sonra kimisə günahkar çıxarmaq düzgün olmazdı.

- 5 turdan sonra çempionatın liderisiniz və hələ ehtiyatda bir oyununuz var. Zirvədə özünüzü necə hiss edirsiniz?

- Mən özümü həmişə rahat hiss edirəm. Düz 23 ildir davam edən məşqçilik karyeram ərzində ilk gündən indiyədək məndə heç bir mənfi dəyişiklik baş verməyib.

- Böyük hesablı qələbə və liderliyə nail olduqdan sonra arxayınçılıq hissiniz yoxdur?

- Xeyr. Heç bir arxayınçılıq yoxdur. Çünki gələcəyə yönəlik komanda yaratmaq fikrimiz var. AZAL qüdrətli, inamlı, güclü komanda olmalıdır. Bu istiqamətdə ilk addımlarımızı atırıq. Onu deyə bilərəm ki, AZAL istədiyimin hələ 50 faizinə nail olub. Görüləcək işlər, boşluqlar, zəif tərəflər çoxdur. Çatışmazlıqları aradan qaldırmaqdan ötrü çox işləmək lazımdır.

- “Qarabağ”la matçda 4 qol vurmuş Junior Nildonu necə tapdınız?

- Öz transferim olan və təkidlə Azərbaycana gətirmək istədiyim futbolçu haqqında onu deyə bilərəm ki, Nildo özünü doğrultmaqdadır. Bu da çox sevindirici haldır. Amma Nildo fərdi oyuna üstünlük verməsə və komandanın xeyrinə oyununu yönəltsə, xeyri qat-qat artıq olacaq. Bir futbolçu kimi komandamıza xeyir verəcəyinə inanıram.

- Nildo Sizin tapıntınızdır?

- (gülür) Bütün Azərbaycan futbolunun tapıntısıdır. Düzdür, onu menecer təklif edib. Amma baş məşqçi kimi son qərarı mən vermişəm. Bizə xeyli oyunçu gəlib-gedib. Ən azı 20 transfer etmişik. Onların arasında əcnəbi və yerli, istedadlı və gənc, eləcə də təcrübəli futbolçular var. Biz yeni formalaşan AZAL-ı görmək üçün əlimizdən gələni etmişik. Lakin yenə deyirəm: hələ işin 50 faizi görülüb. Görüləcək işlər irəlidədir.

- Karyeranız və futbol biliyiniz hər kəsə bəllidir. Amma əvvəllər çalışdığınız komandalarda sanki nəticə elə də gözə dəymirdi. Bu, nə ilə əlaqədar idi?

- Nəticə onu görmək istəməyənlərin gözünə görünmürdü. Baxır hansı nəticə. Əgər 6:2-ni nəticə sayırsınızsa, AZAL-dakı üstünlüyüm ondadır ki, burada istədiyim komandanı formalaşdırıram. Lakin əvvəllər hazır komandalara gəlib bataqlıqdan yuxarı qaldırmağa çalışırdım. Fərq ondadır. Bu, hələ 1993 – 1995-ci illərdə “Neftçi”də çempionluğa iddialı olduğumuz və bəzi səbəblərdən çempionluqdan kənar qaldığımız və çempionatdan imtina etdiyimiz vaxta düşüb. Həmin vaxt ölkə kubokunun sahibi olmuşduq, böyük işlər görmüşdük. Azərbaycan millisinin baş məşqçisi olduğum vaxtlarda futbolumuza 4 nəsil bəxş edən insanam. Hesab edirəm ki, ən vacib məsələ Tanrının qarşısında görülən işlərin müsbət hal almasıdır.

- AZAL-dan öncə də ölkə komandalarından “Neftçi”nin sükanı arxasında idiniz. Amma çox keçmədən istefa verdiniz...

- “Neftçi”də yeni komanda formalaşdırırdılar. Mənə dedilər ki, yaya qədər döz. Baş məşqçi postuna gələrkən, “Neftçi” 10-cu yerdə idi. Komandanı ilk “6-lığ”a salan mən olmuşam. O vaxtlar gələcəkdə böyük islahatlara əl atmaq fikrində idim. Görünür və təəssüf ki, bu, kiməsə sərf etmədi. Bu gün AZAL-da ən böyük üstünlüyüm ondadır ki, istədiyim komandanı yaratmağa imkan verirlər, məni tələsdirmirlər. Mənim üçün şərait yaradılıb, komandanın gözəl təlim-məşq bazası, stadionu var. Rəhbərlik tərəfindən hər cür dəstək verilir və komandamız planlı şəkildə peşəkarcasına fəaliyyətini davam etdirir. Ən vacib məsələlər bunlardır. Mənə həmişə lazım olan bunlar idi. Hələ gözəl komanda yaratmaq üçün vaxt lazımdır. Bu gün belə komandalar “Neftçi”dir, “Qarabağ”dır. Gözəl oyun sərgiləyən “Xəzər Lənkəran”ımız var. Bu komandalar hazırda öz oyunları ilə seçilirlər. AZAL-ın isə görüləsi işləri hələ çoxdur.

- Bəs Rusiya “Anji”sində böyük məşqçi kimi çalışdıqdan sonra uğurlu nəticələr əldə etməyə başladığınıza dair iddialara münasibətiniz necədir?

- Mən 1999-cu ildə də “Anji”də çalışmışam. Harada çalışmağımdan asılı olmayaraq, futboldakı dəyişikliklərdən kənarda qalmamışam. Kimsə bu gün hansısa klubda təcrübə yığmağına sevinirsə, mən 1997 – 1998-ci illərdə İspaniyanın “Real Madrid”, “Barselona”, “Atletiko” kimi komandalarda təcrübə toplamışam. Türkiyənin ən iddialı klublarından “Qalatasaray”, “Fənərbağça”, “Beşiktaş”da təcrübə yığmaq üçün qardaş ölkədə olmuşam. Söhbət 15 il əvvəldən gedir. Bu gün isə orta səviyyəli futbolçulardan güclü komanda olmağa çalışan kollektivimiz var. Belə futbolçularla minimum vəzifəmizin – ilk “6-lığ”a düşməyin öhdəsindən gəlmək niyyətindəyik.

- Mahaçqala komandasındakı fəaliyyətiniz Sizə nə verdi?

- Çox şey verdi. Böyük insanlarla tanış oldum, görüşdüm. Hərtərəfli futbol təşkilatçılığına malik şəxslərlə əlaqələrim var. “Anji”dəki fəaliyyətim mənə çox şeyi verdi. Hazırkı baş məşqçi Qus Hiddinkin köməkçiləri olan məşqçilərlə bir ilədək çiyin-çiyinə fəaliyyət göstərdim. Çox şadam ki, Mahaçqala komandasında yüksək səviyyəli mütəxəssislərlə çalışırdım. Sizinlə razıyam ki, işimdə də dəyişikliklər görünür. Bu da müasir futbolun tələblərindən biridir. Lakin ona görə yox ki, “Anji”dən nə isə götürüb gəlmişik.

Elşən MƏMMƏDOV
# 1976

Oxşar yazılar

“Yuventus” baş məşqçisini qovdu

“Yuventus” baş məşqçisini qovdu

18 may 2024 , 07:13
Şahruddinin komandası xalsız qaldı

Şahruddinin komandası xalsız qaldı

18 may 2024 , 02:17
14 yaşında Maradonanın rekordunu qırdı

14 yaşında Maradonanın rekordunu qırdı

18 may 2024 , 00:23
Tomas Tuxel "Bavariya"da  bu şərtlərlə   qala bilər

Tomas Tuxel "Bavariya"da bu şərtlərlə qala bilər

17 may 2024 , 19:49
Van Persi  baş məşqçi   oldu

Van Persi baş məşqçi oldu

17 may 2024 , 15:25
Xavi "Barselona"dan göndərildi:  Qərar verildi

Xavi "Barselona"dan göndərildi: Qərar verildi

17 may 2024 , 14:56
Suares “İnter Mayami”də Messidən 14 dəfə az   qazanır

Suares “İnter Mayami”də Messidən 14 dəfə az qazanır

17 may 2024 , 13:02
İlin ən çox qazanan  futbolçusu bəlli oldu

İlin ən çox qazanan futbolçusu bəlli oldu

17 may 2024 , 09:57