Ronaldu UEFA-nın tədbirlərini boykot edir
14 sentyabr 2012 13:55 (UTC +04:00)

Ronaldu UEFA-nın tədbirlərini boykot edir

İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kriştianu Ronaldu UEFA-nın avqustun 30-da keçirdiyi mükafatlandırma mərasimindən narazı qalıb. Lent.az-ın məlumatına görə, portuqaliyalı hücumçu Avropada 2011-2012-ci il mövsümünün ən yaxşı oyunçusu kimi təltif olunmamasına etiraz edib.

Mükafat “Barselona”nın yarımmüdafiəçisi Andres İnyestaya verilib. Ronaldu bildirib ki, mükafat almayacağı tədbirlərə bir daha yollanmayacaq. Ulduz futbolçu iradlarını UEFA rəhbərliyinə də çatdırıb.

Ötən mövsümün ən yaxşı oyunçusu üçün müəyyənləşdirilmiş mükafata daha bir “Barsa”lı Lionel Messi də namizəd olub. Mükafat İnyestaya verildikdən sonra Ronaldu heç kiminlə ünsiyyət qurmadan zalı tərk edib. O, sentyabrın 2-də “Qranada” ilə İspaniya çempionatı matçında (3:0) 2 qol vursa da, heç birinə sevinməyib. Futbolçu matçdan sonra “Real Madrid”də xoşbəxt olmadığını söyləyib. Portuqaliyalı ulduzun bu sözləri mətbuatda onun İnyestaya mükafat verilməsindən narazılığı və klubu ilə 2015-ci ildə başa çatacaq müqaviləsini daha yaxşı şərtlərlə bağlamaq istəyi kimi yozulub. Ronaldu sentyabrın 13-də “Real Madrid”in prezidenti Florentino Pereslə görüşüb. Lakin görüşün təfərrüatları məlum deyil.

Qeyd edək ki, Kriştianu Ronaldu sentyabrın 11-də Portuqaliya millisinin heyətində Azərbaycan millisinə qarşı 2014-cü il dünya çempionatının seçmə qrup matçına çıxıb. Komandası 3:0 hesabı ilə qalib gəlsə də, Ronaldu qol vura bilməyib.
# 1243

Oxşar yazılar