Novruz günlərində dünyaya gəlmişdi. Novruz bayramını çox sevərdi. Bayram bayrama qarışardı, təbriklər, yeyib-içməklər. Nə qədər ki insan gəncliyinin zövqü-səfasını yaşayır, həyat rəngarəng olur. Müəyyən yaşdan sonra Novruz bayramı yenə öz vaxtında gəlir, amma nə həyat, nə də bayramlar adama sevinc gətirmir artıq… Beləcə… hansı Novruzdasa artıq həyatda olmursan. Qəhrəmanım bayramda doğulduğu kimi, bayramda da dünyasını dəyişdi. Bu Novruz günlərində onu yad etməyə qərar verdik. Lent.az oxucularına Xalq artisti Yusif Vəliyevin həyat hekayətini danışacağıq bu dəfə.
Öz adı bəlkə də bugünkü gəncliyə tanış gəlməz, amma “Nəsimi” filmində yaratdığı Əmir Teymur və bir də “Arxadan vurulan zərbə”də Qurd Cəbrayıl obrazlarının adlarını çəksəm, şəksiz, söhbətin kimdən getdiyi hamıya bəlli olar.
Uşaqlığı
1917-ci il martın 22-də, Novruz ab-havasından çıxmamış Dərbənddə Abdulla ilə Minaxanımın ailəsində bir oğlan uşağı dünyaya gəldi. Adını Yusif qoydular. Ailədə çox uşaq olmuşdu, amma nədənsə hamısı tez də dünyadan köçmüşdülər. Sağ qalan üç uşaqdan biri idi Yusif. Tezliklə ataları dünyasını dəyişir. Ailə böyük çətinliklərlə üzbəüz qalır. Atadan sonra ana da yatağa düşür. Ailənin yükü uşaqların zəif çiyinlərinə düşür.
Bu qədər keşməkeşli həyatla Yusif kinoya, teatra maraq göstərməyə vaxt tapırdı. Bu maraq da onu Dərbənddən Bakıya dartıb gətirdi. Teatr texnikumuna qəbul olundu. Təhsilini başa vuranda kurs rəhbəri Həsən Əliyev onları, yəni öz kursunu götürüb, yenicə açılmış Nuxa (Şəki) Dövlət Dram Teatrına işləməyə gətirir.
Müharibə
Şəki teatrında gənc, istedadlı aktyor tez bir zamanda özünü göstərə bilib. Maraqlı obrazlara imza atıb, amma müharibə o dövrün bütün gəncləri kimi, onun da həyatını dəyişib.
Könüllü yollansa da, cəbhədə çox olmur, onu dərhal geri çağırırlar. “Aktyor düşmənə silahla yox, sənətlə qalib gələ bilər” - deyirlər.
Yenə Şəki teatrında fəaliyyətini davam etdirir. Bu teatrda Yusif geyim ustası Rəbiyyə xanımla tanış olur. Dostlaşırlar, çox keçmir ki, teatrda söz-söhbət yaranmağa başlayır. Söhbətlər səbəbkarların özlərinə də gəlib çıxır ki, onların münasibətlərindən bütün teatrın xəbəri var artıq. Rəbiyyə Yusifdən 12 yaş böyük olduğundan aktyor evlənməyə qərar verə bilmirdi. Yusifin cəmi 20 yaşı vardı. Söhbətin böyüdüyünü görüb, münasibətləri aşkarlamalı olurlar. Rəsmi nikaha girməsələr də, birlikdə yaşadıqlarını, hətta övladlarının dünyaya gəldiyini görən dedi-qoduçuların “göllərinə daş atılır”.
Şəkidə teatr bağlanandan sonra Yusif Vəliyev 1948-ci ildə ailəsi ilə birlikdə Şəkidən Bakıya köçəndə onların iki qızları vardı. 10 və 12 yaşlarında Naira və Natavan.
Həmin vaxtdan ömrünün axırına qədər Gənc Tamaşaçılar Teatrında işləyib. Bu teatrın səhnəsində Vaqif (“Vaqif”), Ovod (“Ovod”), Rüstəm (“Rüstəm və Söhrab”), M.Ə.Sabir (“Sirli şəhər”), “Hacı Qəmbər” (“Hacı Qəmbər”) və sair obrazlar yaradıb.
Kino
Çəkildiyi filmlərin sayı ilə deyil, keyfiyyəti ilə öyünə bilərdi Yusif Vəliyev. Amma öyünmək ona yad xüsusiyyət idi. Sadə olduğu halda mürəkkəb görünən ikinci belə aktyor tapmaq çətin olar.
Fərəməz (“Zirvə”), Balıqçı (“Sən nə üçün yaşayırsan?”), Şirməmməd (“Sən niyə susursan?”), Kəndli (“Quzu”), Prorab (“Uşaqlığın son gecəsi”), Səfərəli (“Bir cənub şəhərində”), Fəttah (“Arxadan vurulan zərbə”), Halvaçı (“Qatır Məmməd”), Teymurləng (“Nəsimi”), Qılınc Qurban (“Tütək səsi”) Yusif Vəliyevin kinoda yaratdığı obrazlardır.
Bakı mühiti aktyorun imkanlarını bir az da açırdı. Həm teatrda, həm də kinoda müxtəlif obrazlar yaradırdı. Daha çox tanınır, sevilirdi. Kinostudiyada rəhbərliklə aralarında problemlər vardı. Bununla belə, Adil İsgəndərov onun xətrini çox istəyir, sənətkar kimi qiymətini verməyi bacarırdı. Özünün dəvət olunduğu Əmir Teymur roluna Yusif Vəliyevin çəkilməsini məsləhət görüb. Özünün çəkildiyi Kərbəlayi İsmayıl rolunun səsləndirilməsini Yusif Vəliyevə həvalə edib. Ümumiyyətlə, Adil İsgəndərov Yusif Vəliyevi kino aktyoru hesab edirmiş. Özü Azdramada işlədiyi müddətdə onun həmin teatra işə gəlməsinə razılıq verməyib. “Onun yeri kinodur” - deyib.
“Nəsimi” filminin çəkilişləri zamanı rejissor Həsən Seyidbəyli görüb ki, nə qədər mizan versə, çalışsa da, Nəsimi ilə Əmir Teymurun qarşılaşdığı səhnədə Əmir Teymur daha möhtəşəm görünür. Yusif Vəliyev özünün şəxsi və sənətkar xarizması ilə gənc Rasim Balayevi və onun Nəsimisini kölgədə qoya bilər. Axırda Həsən Seyidbəyli Yusif Vəliyevi kənara çəkib, danışmağa məcbur olur: "Yusif, nəzərə al ki, biz "Nəsimi" filmini çəkirik, "Əmir Teymur"u yox”.
Kinoda aktyora bundan yüksək qiymət daha nə verilməlidir? Fəxri ad? O barədə danışacağıq hələ.
İkinci evlilik
Yusif Vəliyevin sənətdə yüksək zirvələrə çatdığı illərdə xanımı Rəbiyyənin beyninə qan sızıb. Qadın ömürlük yatağa məhkum olub. Yusif Vəliyev ikinci dəfə ailə qurmağa məcbur olub. İşlədiyi teatrda aktrisa Sona Pirverdiyeva ilə ailə qurub. Cəmi bir il bir yerdə yaşayıb, ayrılıblar.
Qürurlu adam olub Yusif Vəliyev. Gənc Tamaşaçılar Teatrında işlədiyi müddətdə dəfələrlə onu böyük teatra - Akademik Dram teatrına dəvət ediblər, getməyib. Bunun bir neçə səbəbi vardı. Onlardan biri Adil İsgəndərov idisə, bu sonranın söhbəti idi. Ona qədər Tofiq Kazımov dəvət etmişdi. Həmin vaxt böyük teatrda çox böyük sənətkarlar işləyirdi. Yusif Vəliyevin ora getməsi rəqabəti bir az da gücləndirəcəkdi. Yusif Vəliyev bunu bilirdi. Hiss edirdi ki, həmkarları onun o teatra gəlməsini istəmirlər, qısqanclıqla yanaşırlar. Gənc Tamaşaçılar teatrında isə zirvədə dayanmışdı, heç bir qüvvə onu oradan düşürə bilməzdi. Üstəlik, teatrın baş rejissoru Zəfər Nemətov onu buraxmırdı, “sən getsən, bu teatr yıxılar, buranın sütunu sənsən” - deyirdi.
Gecikmiş məhəbbət
1965-ci ildə Yusif Vəliyevin 48 yaşı olanda Gənc Tamaşaçılar Teatrına gənc, çox gözəl aktrisa gəlir. 22 yaşlı Zemfira Sadıqova.
Aktyor ona aşiq olur, bəlkə də həyatında ilk dəfə. Çünki Şəki teatrında özündən çox böyük xanımla evlənəndə çox gənc idi. İkinci evliliyi məhəbbətlə olmamışdı. Üçüncü qadına olan hissləri isə böyük olub, dəyişilməz qalıb.
Zemfira xanım ona qədər bir dəfə ailəli olmuşdu, 18 yaşında. Bir oğlu da vardı, yoldaşı çox erkən vəfat etmişdi.
Yusif Vəliyevlə münasibətləri yarananda, Zemfira xanımın dediyinə görə, onun birinci xanımı Rəbiyyənin yataq xəstəsi olduğunu bilmirmiş. Teatra gələndən az sonra münasibətləri başlayıb. Zemfira xanım ondan 22 yaş kiçik, onun böyük qızı yaşında idi. Teatrda hamı Yusif Vəliyevin zəhmindən ehtiyatlanıb, Zemfira xanıma heç nə demirmiş. Aktrisa onunla kinostudiyaya da ayaq açır, filmlərə çəkilir. Aktyor münasibətləri rəsmiləşdirmək istəyir, aktrisa isə bundan qaçır:
“Doğrusu, mən qorxurdum. Çünki xeyli yaş fərqimiz vardı. Eşidəndi ki, Rəbiyyə xanım xəstə də olsa, sağdı, çox pis vəziyyətə düşdüm, stress keçirdim. Yusifdən ayrılmaq qərarına gəldim. Həmin il də məni İrəvan teatrına dəvət etmişdilər. Bu təklif Yusifdən ayrılmaq üçün mənə bir bəhanə oldu. Razılığımı verdim, anamı və oğlum Pərvizi götürüb, İrəvana getdim. Amma orda da mənə o qədər zənglər edirdi, necə məktublar yazırdı...
Biz bir-birimizi çox sevirdik. Hər dəfə onunla danışanda, məktubunu alanda ağlayırdım. Ürəyim onu istəyirdi, amma ağlımla başa düşürdüm ki, olmaz, onun birinci xanımı sağdı. Yusif özü də məni dəfələrlə başa salırdı ki, bəs mən niyə ikinci dəfə evləndim? Rəbiyyə xanım xəstədi, vəziyyəti ağırdı. Amma mən elə hesab edirdim ki, o qadına bunu etməyə ixtiyarım yoxdu. Təsadüfdənmi, ya zərurətdənmi o aralar məni “Torpaq, dəniz, od, səma” filmində çəkilməyə çağırdılar. Onda Bakıya gəldim. Yusif məni tapdı, dedi daha səni heç yerə buraxmayacam. Mənim də ayrılığa dözümüm qalmamışdı. Odur ki, nəhayət, birlikdə olmaq qərarına gəldik”.
Kinostudiyada isə söz-söhbət Adil İsgəndərovun qulağına çatıb. Kinostudiyanın rəhbəri ailəli adamın gənc aktrisa ilə münasibətini qəbul edə bilməyib. Aktrisa onun Yusif Vəliyevə aqressiyasının qarşısını almaq üçün Adil İsgəndərovun yanına gəlib, evləndiklərini xəbər verib, kəbin kağızını göstərir. Beş ildən sonra onların bir qızı olub, adını Bahar qoyublar.
Zemfira Sadıqova onunla sevgisindən çox böyük məhəbbətlə söhbət açır: “Mən onu çox sevirdim. Dünyada heç vaxt heç kimi Yusif qədər sevməmişəm. Sevgi həqiqətən də yaşa baxmırmış. 30 ildən çoxdur vəfat edib. Amma yoxluğunu hələ də hiss edirəm. O, mənə tək ər olmayıb. Dost, yoldaş, yol göstərən olub, yolda necə yerimək lazımdı, onu da deyib. Mən ona ərə gedəndə yemək bişirməyi bilmirdim. Bir borş, bir də kotlet bişirirdim. O, mənə hətta yemək bişirməyi də öyrətmişdi”.
Teatr elə bir məkandır ki, orda rəqabət sağlam olmur, intriqaya, şəxsi qərəzə, düşmənçiliyə çevrilir. Sənətkarlar qəlbi yumşaq insanlardı, əksəriyyəti zatən ahıl yaşlarında bunun peşmanlığını yaşayırlar, amma nə fayda, çərxi geri fırladıb həyatı yenidən yaşamaq olmur.
Yusif Vəliyev də bütün istedadlı insanlar, əsil sənətkarlar kimi çox əziyyət çəkib sənətdə-həmkarlarından. Çox deyilmiş bir fikir var – istedadlıya yol açın, istedadsız özü yol tapacaq. İstedadlı adam özünü təqdim etməyi bacarmır, təvazökar olur.
Onun da teatrda zirvədə olması az qala həyatı bahasına başa gəlirdi. Həm də görünür, bütün dövrlərdə yaltaq, qorxaq, “yaşamağı bacaran” adamlar ziyalı, mədəniyyətli, vicdanlı, bir sözlə, şəxsiyyətli adamlara “qalib” gəlib. İnsanlar onları ürəklərində qiymətləndiriblər, amma heç vaxt prinsipial məqamlarda tərəflərini saxlayıb, haqqı, haqlını müdafiə etməyiblər. Heç kim haqqı müdafiə etmir, sadəcə, ürəyində təəssüflənir, vəssalam. Sonra da itiririk həmin adamları, həm də vaxtsız. Onların bu dünyadan vaxtsız gedişlərinə, haqsız gedişlərinə ağlayırıq-yenə yolumuza davam edirik.
Yusif Vəliyev də belə insanlardan, sənətkarlardan olub. Arxasınca yalnız təəssüf hissi keçirilib, heç kim vaxtında onun qəlbinə dəyən zərbələrin qarşısına əlini verməyib, mane olmayıb.
Mədəniyyət Nazirliyi aktyorlara mənzil verirmiş. Ürək ağrısından şikayətlənən Yusif Vəliyevə 9-cu mərtəbədən ev verirlər. Mərtəbənin dəyişdirilməsi xahişi ilə mədəniyyət nazirinin yanına gedir. Deyir ki, ürəyim xəstədir, qalxıb-düşə bilməyəcəm, mənim mənzilimi aşağı mərtəbələrə dəyişin. Nazir onu tanımır. Heç vaxt heç kimdən özü üçün nə isə xahiş etməyən adam tək bir dəfə nazirə xahişə gedibmiş.
Vəfatından bir il əvvəl ona Xalq artisti fəxri adı verilib, heç sevinməyib. Deyib ki, nəyimə lazımdır, ondansa maaşımı artırsınlar, dərmanlarımı ala bilim. Son vaxtlar səhnəyə də çıxmırmış, daha doğrusu, imkan yaratmırmışlar, rol bölgüsündə istifadə edilən yollar ona yad olduğundan kənarda qalırmış.
Bütün bu ağrılar ürəyinə yığılıb, ilbəil xəstəliyini ağırlaşdırıb.
“Yusif xəstəxanada ürəyindən yatırdı. Martın 17-si idi, yanına gedəcəkdim. O gecə qəribə yuxu gördüm. Yusif qara kostyumda gəlir, əlində də sellofan var, içi dolu dərman. Dərmanların arasında “Aspirin” sözünü oxudum. Dedi indi bayrama gəlmişəm, ayın 20-də gedəcəm. Çox pis vəziyyətdə ayıldım yuxudan. Yusif xəstə olduğu üçün bayrama heç nə bişirmək istəmirdim. Amma Yusif qoymadı, məcbur etdi ki, bişir. Çünki biz hər il mütləq Novruz şirniyyatı bişirirdik. Özü də Novruz bayramını çox sevirdi. 17-si bişirdiyim bayram şirniyyatlarından yığıb, Baharla yanına getdik. Söhbətləşdik... Yuxumu da ona danışdım. Məni möhkəm qucaqlayıb, çoxlu-çoxlu öpdü, sonra da hönkürüb ağlamağa başladı. Birinci dəfəydi onu ağlayan görürdüm. Dedim, narahat olma, bir az da döz, az qalıb. Sabah konsilium olacaq, görək nə deyirlər. Gəldik evə. Sabah saat 2-də yenə xəstəxanaya gələn kimi dedilər baş həkimin müavini sizi çağırır. Getdim yanına. Başqa-başqa mövzulardan danışmağa başladı. Birdən xəstəxananın işçilərindən biri içəri girib soruşdu ki, mərhumun pasportunu gətirdiz? Elə yerimdəcə donub qaldım ki, axı necə ola bilər? Demə, səhər durub çayını içib, çörəyini yeyib, siqaretini çəkib, elə oturduğu yerdəcə rəhmətə gedib”.
1980-ci il idi, Yusif Vəliyevin 63 yaşı vardı. Novruz bayramına 2 gün qalmışdı, martın 22-i isə doğum günü olacaqdı.
Vida mərasimi evində olub. Xanımı deyir, nə qədər gözləsək də, nazirlikdən bir xəbər çıxmadı. 3 gün cənazə evdə qalıb, böyük qızı xaricdən gəlib çıxınca dəfn etməyiblər. Zemfira xanım deyir, axırda dedilər, kimsə deyib ki, Fəxri xiyabana layiq adam deyil.
Qurd qapısı məzarlığında torpağa tapşırılıb. Martın 20-də... Zemfira xanıma yuxusunda dediyi gün...