Ə.Ağaoğlunun övladları: Sürəyya, Səməd, Gültəkin Ağaoğlular
11 dekabr 2020 20:15 (UTC +04:00)

Ə.Ağaoğlunun övladları: Sürəyya, Səməd, Gültəkin Ağaoğlular

Çarşabını ilk atan vəkil, müəllimini “söyən” dəcəl, Atatürklə şam eləyən qarabağlı qız – HƏYAT HEKAYƏTİ

Lent.az-ın “Həyat hekayəti”ndə bu dəfə haqqında söhbət açacağımız qadın Cümhuriyyət lideri Əhməd bəy Ağaoğlunun qızıdır - Sürəyya. Təqdimat belə olsa da, onun haqqında  yalnız Əhməd bəy Ağaoğlunun qızı olduğu üçün yazmaq qərarına gəlməmişəm. Sürəyya Ağaoğlu - qətiyyəti, cəsarəti ilə türk dünyasının ilk qadın hüquqşünası, vəkili, hüquq sahəsində Atatürkün “köməkçi”lərindən biri, hətta Atatürk inqilabının simvolu kimi tanınıb.

Qarabağ əsilzadələrindən Əbdürrəhman Vəzirovun qızı Sitarə ilə Qarabağ bəylərindən Həsən Ağayevin Fransada təhsil almış oğlu - “firəng Əhməd”in izdivacına qızın nənəsi  razılıq vermirdi. Uzun çək-çevirdən sonra nəhayət, Sitarənin əmisi oğlu, Əhməd bəyin Peterburqda yaşayan dostu Fərrux bəyin köməkliyi ilə evlənə bilirlər.

Sürəyya 1903-cü ildə Şuşada dünyaya gələndə atası sevindiyindən Sitarə xanıma 12 iri qızıl düymə, qızına isə 12 kiçik qızıl düymə hədiyyə edib. Ailədə Sürəyyadan sonra daha bir qız Tezər, iki oğlan – Əbdürrəhman və Səməd böyüyüblər.

1905-ci ildə çar hökumətinə və daşnak ermənilərə qarşı mübarizə aparmaq üçün Difai təşkilatını yaratdığına görə çar hökuməti tərəfindən təqib olunan Əhməd bəy həbs olunma təhlükəsi ilə 1908-ci ilin sonlarında İstanbula köçməli olur. Qızı Sürəyyanın gündəliyində qeyd etdiyi kimi, “əsir bir türk diyarından Türkiyəyə gəlir”: “Uşaqlığımı, Bakıdan İstanbula gəlişimizi demək olar ki, bir yuxu kimi xatırlayıram. Əmim Hüseyn bəy anamı, Humay bibimi, atamın qardaşı oğlunu və ən böyüyü altı yaşında olan məni və bacı-qardaşlarımı götürərək, qatarla yola düşdü. Qohumlar ağlayırdı. Anam ilə Humay bibim də. Yenə xəyalən Batumdan gəmiyə minməyimizi və mənə çox qələbəlik görünən Galata körpüsünə gəlməyimizi, o izdiham arasında atamın bizə əl etdiyini görürəm. 1910-cu il idi”.

Sürəyya “Bəzmi-Aləm” qız liseyinə imtahanla dördüncü sinfə daxil olur. Çox nadinc olduğundan həmişə müəllimləri ondan şikayətçi idilər. Bir dəfə müəllimi Rəbiyyə xanımı o həddə çatdırır ki, qıza “eşşək” deyir. Sürəyya da müəlliminə eyni sözü qaytarır. Atasından buna görə bir sillə “yeyən” Sürəyya ilə Rəbiyyə müəllim sonradan elə dostlaşırlar ki, bu dostluq müəllimin son gününə qədər davam edir. Vəfatından sonra belə, Sürəyya ən çətin anlarında müəlliminin yuxusuna girdiyini, ona dəstək olduğunu, yol göstərdiyini deyərmiş.

1913-cü ildən, Osmanlı Dövlətinin ən qaranlıq illərindən tam işıqlığa çıxıncaya qədər Türkiyə tarixi, demək olar ki, Sürəyyanın gözləri qarşısında, onların evlərində yaşanırdı. Evlərində keçirilən yığıncaqlar sayəsində dövrün siyasi, ideoloji cərəyanlarının içində yaşayıb Sürəyya ilə ondan kiçik bacı, qardaşları. Atası övladları ilə fəxr edərdi, onları bütün qonaqlara tanıdardı: “Bir çox məşhura “əmi” deyə xitab edirdik. Bir tərəfdən Ziya Göyalp, Yusif Akçura, Hüseynzadə Əli bəy, Cəlal Sahir, Həmdullah Süphi, Fuad Köprülü, Abdullah Cövdət, göz həkimi Əsəd Paşa, Həlim Sabit, Ömər Naci kimi yazıçı və türkçülər, Ənvər və Tələt Paşalar, digər tərəfdən Seyid Tahir Əfəndi, Əbdürrəşid Əfəndi kimi din adamları tez-tez evimizə gəlirdilər. Bunların çoxunun ailələri ilə də aramızda demək olar ki, bir qohumluq münasibəti vardı”.

Sürəyya belə bir mühitdə böyüyür. Liseyin 7-ci sinfində oxuyanda yoldaşlarına Cümhuriyyət quruluşunu izah edir, bu mövzuda müzakirə açırdı.

İngilis işğalı zamanı Sürəyya yoldaşlarını da yığıb, Liseyin üstündə dalğalanan ingilis bayrağını çıxardıb, yerinə Türk bayrağını asır. Onu bu hərəkətinə görə günahlandıran ingilis zabitinə "Sizin ölkənizi birisi işğal etsəydi, siz eyni davranışı göstərməzdinizmi?" - deyə sual verir. Zabit heç nə demədən çıxıb gedir.

Küçədə bacısına sataşmaq istəyən ingilis əsgərinə sillə vurur və bu kimi cəsarətli hərəkətləri onu Türkiyədə sevdirib. Sonrakı nüfuzu da belə epizodlardan formalaşır.

1921-ci ildə Sürəyya sənədlərini hüququ fakültəsinə vermək üçün İstanbul Universitetinə gəlir. O vaxt hüquq fakültəsində qızların oxumasına qadağa vardı. Rəfiqələri ədəbiyyat və fəlsəfə fakültələrini seçmişdilər. Sürəyya inqilab etməyi sevirdi. Çarşabsız gəzməklə də ilk addımı atmışdı. Bəlkə də hüquq fakültəsinə olan qadağa ona məhz bu fakültəni sevdirmişdi. Uşaqlıqdan “vəkil olacam” demişdi, fikrini dəyişmədi.

Hüquq fakültəsinin dekanı, beynəlxalq hüquq professoru, mərhum Səlahəddin bəy Sürəyyanın onun qarşısında durub “hüquq fakültəsinin məzunu olmaq istəyirəm” deməsinə heyrətləndi, amma gülümsəməklə qarşıladı. Qarşısında 17 yaşında çarşabsız bir qız dayanıb və hüquq fakültəsinə qəbul olunmaq istəyir. Səlahəddin bəy “daha üç nəfər tap, qızlar üçün ayrıca fakültə açıb sizi qəbul edək” - deyir. Yanındakı başqa bir müəllimin “açırıqsa tibb fakültəsi açaq, qızlara daha çox yaraşar” - sözünə Səlahəddin bəy “haqq hüquqa aiddir, Sürəyya xanım haqqını axtarır, müvəffəq olmasını diləyək” söyləyir.

Sürəyya başqa fakültələrə sənəd verən rəfiqələri Bədiyyə, Məlahət ilə Sayiməni də necə razı salırsa, onlar da hüquq fakültəsinə yazılır və qızlar üçün bu fakültəni açdırır.

Maltada sürgündə olan atası bunu eşidib, ona məktubunda yazır ki, daha artıq tarix və ədəbiyyatla məşğul olmalısan, yaxşı bir hüquqşünas olmaq üçün mütləq ərəbcə və farsca bilməyin lazımdır.

“Atam, istədiyim şeyi əldə etmək üçün necə səy göstərdiyimi və mütləq müvəffəq olmanın yollarını axtaracağımı bildiyindən bu dəfə məni təşviqedici mahiyyətdə məktublar yazırdı. Anam da mənimlə oturub söhbət edərək, fakültədəki davranışlarım haqqında xəbərdarlıq etdi:

- İlk qız tələbələrsiniz. Ən kiçik bir xətanız sizdən sonrakılar üçün də bir maneə yaradar. Bunu yadından çıxartma və oğlan dostlarını seçməkdə çox ehtiyatlı ol - dedi.”

Sürəyyanın tələbəlik illərində Əhməd bəy Ağaoğlu artıq sürgündən qayıtmışdı, amma təqib davam edirdi. Ermənilər onu da, Azərbaycanın daxili işlər naziri olmuş Behbud xan Cavanşiri də qara siyahıya salmışdılar. Tarix boyu belə olub, bizim aydınlar onların əli ilə məhv edilib.

Behbud xan Cavanşir ailəsi ilə birlikdə İstanbula gələndə izləndiyini duyub, Əhməd bəy Ağaoğlunun Şahzadəbaşındakı evində qalıb. Rus əsilli həyat yoldaşı bu həbs həyatına dözə bilmədiyini izhar etdiyindən “Pera Palas” otelinə yerləşiblər. Ertəsi gün - 1921-ci il iyulun 18-də Behbud xan erməni qatil Torlakyan tərəfindən vurulub.

Behbud xanın qətli ilə bağlı məhkəmə işində Sürəyya da iştirak edib. Qatilin istintaqını Rikatson-Hatt aparırdı. Sürəyya xanım xatirələrində yazır: “Otelin zirzəmisindəki saxlanma otağından həbs olunmuş qatili yuxarı çıxartdıqlarında təəccübləndim: cılız, tir-tir titrəyən bir qorxağa bənzəyən bu adam dağ kimi Behbud xanı necə vurmuşdu?”

Məhkəmədə rusların da ermənilərlə birləşib Behbud xanı haqlı qətlə yetirdiklərini sübut etməyə çalışıblar. Onun nazir olduğu qurum guya ermənilərə soyqırım edibmiş. Hüquq fakültəsinin birinci kursunda oxuyan Sürəyya üçün bu məhkəmə bir həyat dərsi idi. İllər sonra gündəliyində yazırdı ki, dinlənilən şahidlərin hamısı Türkiyə və Azərbaycanda ermənilərə edilən zülmdən danışırdı.

Sonda prokuror qatil üçün ölüm cəzası istədi. Nəticədə gənc prokuror 24 saat içində Türkiyədən uzaqlaşmağa məcbur edildi. Yerinə gələn yeni prokuror məhkumun bəraətini istəyib. Bəraət verilən qatil həmin gecə vəkili ilə birlikdə Amerikaya qaçırıldı. Sürəyya xanım illər sonra həmin məhkəmə işində tanış olduğu Rikatson-Hatt ilə Londonda qarşılaşıb. Müstəntiq ona danışıb ki, o məhkəməyə sədrlik edən şəxslə illər sonra Çində qarşılaşıb, ona türklərin o vaxt da, indi də haqlı olduqlarını deyib.

Sürəyyanı yaşadığı mühit, cərəyan edən hadisələr yetişdirmişdi artıq. Ona görə də nümayişlərdə “Yaşasın Mustafa Kamal Paşa!”, “Yaşasın Böyük Millət Məclisi Höküməti!”, “Rədd olsun düşmənlər!” deyə qışqıran gənc qızların səfində irəlidə gedirdi. Qəzetlər nümayişlərlə bağlı məqalələrində “Ağayevin qızı başda” deyə yazırdılar.

Ailəsi Ankarada olduğu müddətdə bacısı Tezər ilə Sürəyya bir müddət Əli bəy Hüseynzadənin evində qalıblar. Tezər fransız filosof Giyo haqqında tədqiqat işi aparırdı. Bildiklərini bacısı ilə bölüşürdü. Bir gün fəlsəfədən bezən Sürəyya bacısına acıqlanıb. Bunları müşahidə edən Əli bəy Əhməd bəyə “Tezər bir alimdirsə, Sürəyya bir aləmdir” - yazır.

Qərb dünyası “ilk hüquqşünas türk qadını” haqqında eşidir. Rokfeller Fondu Sürəyyaya Paris Beynəlxalq Hüquq İnstitutunda 3 aylıq bir seminar təqaüdü təklif edir. Sürəyya yazır: “Təbii çox sevindim. Atam getməyimi məsləhət gördü, vəziyyəti maarif naziri Həmdullah Sübhi bəyə deyərək razılığını aldı və Paris səfiri Fəthi (Okyar) bəyə mənim ora təqaüdlü gedəcəyimə dair bir məktub yazdı. Ancaq bir neçə gün sonra Həmdullah Sübhi bəy məni çağırtdıraraq dedi:

- İsmət Paşa (İsmət İnönü - Atatürkün zamanında baş nazir) sənin Parisdəki bu seminara getməyini istəmir, - millətçi Ağaoğlunun qızı belə bir seminara gedə bilməz -  deyir. Əlbəttə, bu, mənim üçün böyük bir məyusluq və eyni zamanda bir həyat təcrübəsi oldu. Ancaq İsmət Paşanın fikri tez dəyişmişdir ki, bir il sonra həmin seminara iki türk hüquqşünas göndərmişdi”.

Sürəyya Ağaoğlu yalnız hüquqşünas kimi deyil, həm də bir lider kimi yetişirdi.

Xaricə gedə bilmədiyi üçün Ədliyyə Nazirliyində Məlahətlə birgə ixtisası üzrə işə başlayır. Tələbə yoldaşları Fuad Sirmənlə eyni vaxtda təcrübə keçirdilər. Bir otaqda otururdular, ancaq bir kəlmə belə danışmırdılar. Ətrafdakılar qadınla bir otaqda, iş yerində necə rəftar edəcəklərini bilmədiklərindən susurdular ancaq. Belə mühiti vardı o zamanlar Türkiyənin. Qadın cəmiyyətdə heç bir hüquqa sahib deyildi.

Sürəyyaya bir kommunist şirkətindən yaxşı iş təklifi olur. Atası razılıq verir, ancaq xəbər gəlir ki, İsmət Paşa Ağaoğluya qızının bir kommunist şirkəti ilə işləyəcəyini irad tutub. Sürəyya bunu eşidəndə istefa verməyəcəyini bildirib. Anası isə “atanı düşün, qızım” - deyə nələr ola biləcəyini eyham edir.

İllər sonra atası artıq təqaüdçü olanda Sürəyyə həmin şirkətə işləmək üçün müraciət edib, bir müddət onlarla işləyir - sırf inad üçün.

Ankarada işlədiyi dövrdə isə Atatürk və onun ailəsi ilə Əhməd bəy Ağaoğlunun ailəsi çox yaxın olublar. Sürəyyanın inadkarlığı, bacarığı, inqilabi ruhu Atatürkün xoşuna gəlirmiş. Bir dəfə Paşa eşidir ki, Sürəyya restoranda rəfiqəsi ilə yemək yediyi üçün təzyiqlərə məruz qalıb. Səhəri gün Atatürk xanımı Lətifə ilə Sürəyyanı restorana dəvət edir. Restorandakılar şaşqınlıq içində olayı izləsələr də Atatürkün atdığı addımın müzakirəsi olmazdı. Restorandan çıxarkən isə Atatürk ətrafdakılara “Sürəyya hər gün iş fasiləsində burda yemək yeyəcək” - sifarişini verib gedir.

1929-cu ildə təşkilatlanan Dövlət Şurasında Sürəyya, Məlahət Ruacan və Mükərrəm İrdil referent olaraq işə başlayırlar. 1968-ci ildə İstanbulda bir qrup qadın hüquqşünas həmkarıyla Türk Hüquqşünas Qadınlar Cəmiyyətini qurur.

Uzun müddət xəyal etmişdi ki, hüquq sahəsində işləyən türk qadınlarını bir təşkilatda birləşdirsin.

Sürəyya Ağaoğlu "Türk qadınının dünəni və bu günü" adlı ingilisdilli məqaləsində yazırdı: "Bu gün Türkiyə qadınları digər mədəni dünya ölkələrində var olan haqlardan yararlanırlar. Türkiyə qadın haqlarını iki mərhələyə bölə bilərik: Bizans və İslam mədəniyyətlərinin etkisi altında olmayan dönəmlər. İkincisi isə bu iki mədəniyyətin təsir etkisindən sonrakı dönəmlər”.

Birinci dönəmdə qadınlar da kişilərin malik olduğu hüquqa malik idilər. Qadını hazır olmasaydı, hökmdar belə qonaq, elçi qəbul edə bilməzdi.

İkinci dönəm islamdan sonradır ki, qadınların hüzuru pozulub.

“Ərəblərin qadını küçümsəməsi və bir əyləncə məqsədi olaraq görməsi həqiqətdir. Ərəb qadınlarının miras, özəl mülk, məhkəmə haqlarının itirilməsindən sonra Hz.Məhəmməd qadının toplumdakı yerini dəyişdirmək üçün çox çabalayır. "Cənnət anaların ayaqları altındadır" deyən Məhəmməd qadınlara bir çox haqları tanıdır. İstədikləri sayda qadına sahib olmaq özgürlüyündə bulunan kişilər isə dörd qadınla evlənməklə çərçivələyir. Ərəb qadını bu yol ilə müəyyən hüquqlara sahiblənsə də, İslamın mövcudluğu türk qadınının əlindən öz erkəyi ilə çiyin-çiyinə haqq və hüquq müstəvisində olma özgürlüyünü alır. Halbuki, İslamdan öncə türk qadını haqq və hüquqa malik idi. İndi onlar ailənin təhriki ilə, ailənin seçdiyi bəy ilə evlənmək zorunda qalırdılar. Və bu erkəklər dörd qadınla evlənmək azadlığında idilər”.

Azadlıq mücahidi, qadın azadlığı müdafiəçisi olan bu qadın özü 1950-ci ildə - 48 yaşında alman hüquqşünas Varner Tasçenbreker ilə ailə həyatı qurub. Adam bu qadını 48 yaşında olsa belə, ram edən kişini tanımaq istəyir. 10 il birgə yaşayırlar, övladları olmur. Sürəyya xanım heç yerdə bir kəlmə bu izdivacdan yazmır. Görünür, belə lazım bilib.

İngilis və fransız dillərini bildiyindən Sürəyya Ağaoğlu uluslararası konfranslarda Türkiyəni təmsil edirdi. O, 1952-ci ildə Millətlərarası Qadın Hüquqçular Birliyinə üzv olub. 1980-1982-ci illərdə Hüquqçu Qadınlar Federasyonunun ikinci başqanı seçilib.

Türkiyənin siyasi həyatında Yeni Türkiyə Partiyasının qurucularından olub, partiyanın İstanbul təşkilatına rəhbərlik edib. Türkiyə Hüquqşünas Qadınlar Dərnəyinin, Universitetli Qadınlar Dərnəyinin, Azad Fikirləri Yayma Dərnəyinin, Soroptimistlər İstanbul Klubunun, Türk-Amerikan Universitetlər Dərnəyinin, Uşaq Dostları Dərnəyinin qurucularından olub, həmin dərnəklərin bir çoxuna rəhbərlik edib. İndi Türkiyədə onun adını daşıyan küçə var. Yaratdığı Sürəyya Ağaoğlu Uşaq Dostları Dərnəyi hələ də fəaliyyət göstərir.

1982-ci ildə Sürəyya xanım Bakıda olması barədə yazır: "Bizi "Azərbaycan" adlı otelə apardılar. Növbəti gün Dostluq Evinə dəvət etdilər. Neft sahələrini, xüsusən də dənizdəki neft ərazilərini gəzdirdilər. Burada dolaşarkən ürəyimdən nələr keçdiyini izah edə bilmirəm. Sanki küçələri, parkları tanıyırdım. Anamdan və atamdan o qədər çox dinləmişdim ki... Keçmiş milyonçulardan Tağıyevin evi muzey olub. Bu evi və Tağıyevi atamdan çox eşitmişdim. Bizə keçmiş karvansara olan binada azəri yeməkləri verilərkən birdən içəriyə iki gözəl insan daxil oldu. Bunlar əmimin nəvələri idilər. Əllərində qırmızı güllərlə "Sürəyya abla!" deyə boynuma sarıldılar. Hamımız ağlamağa başladıq... Qarabağa getmək istədim, bakılılar "növbəti dəfə" dedilər"...

Yaşadıqları və gördükləri barədə "Londonda gördüklərim", "Bir həyat belə keçdi" adlı kitabların müəllifidir.

Sürəyya Ağaoğlu 29 dekabr 1989-cu ildə İstanbulda beyninə qan sızması nəticəsində küçədə getdiyi yerdə yıxılıb və dünyasını dəyişib.

2003-cü ildə Sürəyya Ağaoğlunun 100 illik yubileyinə həsr olunmuş gümüş xatirə sikkələri buraxılıb.

Atası Əhməd bəy Ağaoğlu ölüm ayağında övladlarına "Heç bir zaman doğrunu söyləməkdən çəkinməyin" – deyə vəsiyyət etmişdi. Sürəyya bu vəsiyyətə atasının sağlığında öz həyat tərzi ilə əməl edib. Əhməd bəy Ağaoğlu övladın tərbiyəsini qadının tərbiyəsində və savadında görənlərdən idi. Təhsilsiz, mühafizəkar böyüdülmüş bir qız azad düşüncəli övlad yetişdir bilməz, həmçinin diktator atadan bunu gözləmə - deyirdi. “Sus, danışma” deyilən övlad cəmiyyətin şikəst qolu olacaq. Övlad gördüyündən götürür, eşitdiyindən yox. Cəmiyyət ailələrdən, ailə isə fərdlərdən formalaşır.

Azadlıq istədiyini etmək deyil, azadlıq etmək istəmədiyini etməməkdir. Bütün bu ideyalar ona - Əhməd bəy Ağaoğluna məxsusdur. Qəhrəmanımız isə onun qızıdır - əlbəttə, biz Sürəyya Ağaoğlu haqqında Əhməd bəy Ağaoğlunun qızı olduğu üçün bəhs etmədik...

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13062
avatar

Oxşar yazılar