Azərbaycanda 2013-cü ilin payızında buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaitləri hesabına verilən yardımların istifadə vəziyyətinin öyrənilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən İmişli rayonunda monitorinq keçirilib.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, aparılan monitorinq zamanı İmişli rayonunun seçmə yolu ilə müəyyən olunmuş kənd ərazilərində buğda səpininə görə yardımın verilməsi vəziyyəti araşdırılarkən bir sıra ciddi hüquqpozmalar, o cümlədən “Buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi Qaydaları”nın tələblərinə əməl olunmadığı müəyyən edilib.
Monitorinqin yekun nəticələrinə dair materiallar araşdırılması üçün Baş Prokurorluğa göndərilib.