Lent.az-ın təqdim etdiyi növbəti yol qəza görüntülərində maraqlı məqamlar var. Birinci yol qəzası 4-cü mikrorayon dairəsində baş verib. Daxili İşlər Nazirliyinin "Təhlükəsiz şəhər" Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameralarında qeydə alınan bu qəzada sağdan hərəkət edən ağ "Mersedes" üstünlüyə malik olsa da, qəflətən onun yoluna çıxan qara "CİP"lə toqquşur. Zərbənin təsirindən idarəetməni itirən "CİP" yolda təmizlik işləri aparan süpürgəçilərin üstünə hərəkət edir. Bunu görən həmin qadınlar dərhal kənara çəkilirlər. Bir qədər gecikmə onların həyatı bahasına başa gələ bilərdi. Məsələ ondadır ki, kommunal xidmət əməkdaşlarının küçə və yollarda təhlükəsizlik qaydalarına əməl etmədən iş görməsi də normal hal deyil.
Digər yol qəzası da elə eyni ünvanda və eyni səbəbdən baş verir. Yəni, sürücülər nizamlanmayan yol ayrıcını keçmə qaydasına əməl etmirlər.
“Təbriz” küçəsində baş verən növbəti qəzada da başqasının yoluna çıxan sürücü həmin yolda hərəkətdə olan nəqliyyat vasitəsini gözləmir. Bu qədər yaxın məsafədən və açıq görüntü imkanları olan yerdə qəza törətmək əsl təcrübəsizlikdir.
Sonuncu yol qəzasında da demək olar ki, səbəb eynidir. Yolun ortasında dönmə əməliyyatı aparan sürücü öz yolu ilə hərəkət edən avtomobili sanki görmür. Nəticə isə göz qabağındadır.