Bu gün Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 19 ünvanında partlayıcı qurğunun olması barədə məlumat daxil olub. Bu barədə Lent. az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Xüsusi Riskli Xilasetmə Xidmətinin mütəxəssisləri hadisə yerinə gediblər. Baxış keçirilərkən məlum olub ki, vətəndaş zibil yeşiyinin yanında şübhəli əşya görüb və yaxınlıqda xidmət aparan polis əməkdaşına məlumat verib. Polis əməkdaşları əşyaya baxış zamanı partlayıcı qurğu olduğunu aşkar ediblər. Xidmətin mütəxəssisləri hadisə yerinə gəlmiş hüquq mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidəki insanları oradan uzaqlaşdırıb və axtarış əməliyyatı aparıblar.
Hadisə yerində 1ədəd RQ-5 əl qumbarası, AK avtomat silahın 1 ədəd darağı və 23 ədəd 7,62 millimetr çaplı patronu aşkar olunub. Məlum olub ki, əl qumbarası təlim üçündür və döyüşə yararsızdır. Aşkar edilmiş AK avtomat silahın darağı və patronlar aidiyyəti üzrə təhvil verilib.