Gələn həftədən etibarən “Yeni Müsavat” qəzeti və musavat.com saytının kollektivi Nəqliyyat Nazirliyi qarşısında etiraz aksiyalarına başlayacaq. Bu barədə musavat.com saytı məlumat yayıb.
Saytın yazdığına görə, aksiyaya səbəb qəzetin əməkdaşı Fərahim İlqaroğlunun döyülməsi ilə bağlı istintaqa nəqliyyat naziri tərəfindən təzyiq edilməsi iddiasıdır. Belə ki, "Yeni Müsavat" qəzeti deputat Elton Məmmədovun oğlu Aynarın F. İlqaroğlunun döyülməsi ilə bağlı sifariş verdiyini, onun nazir əmisi Ziya Məmmədov tərəfindən himayə edilərək, istintaqdan yayındırdırıldığını iddia edir.
Qeyd edək ki, Fərahim İlqaroğlu aprelin 25-də yaşadığı binanın qarşısında döyülüb. Bu hadisə jurnalistin maşınının video qeydedicisinə aydın şəkildə düşüb. Ondan sonra jurnalisti döyən Feyruz Termişi adlı şəxs həbs olunub.