Uşaqların ölümünə görə təqsirləndirilən mərkəzin keçmiş direktoru məhkəmədə ifadə verməkdən İMTİNA ETDİ
13 yanvar 2025 13:21 (UTC +04:00)

Uşaqların ölümünə görə təqsirləndirilən mərkəzin keçmiş direktoru məhkəmədə ifadə verməkdən İMTİNA ETDİ

"Respublika Perinatal Mərkəzi” PHŞ-də baş vermiş yanğına görə təqsirləndirilən mərkəzin keçmiş direktoru Mehriban Abasquliyeva, şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədlinin məhkəməsinin növbəti prosesi keçirilib.

Lent.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Mehriban Abasquliyevanın vəkili Əliövsəd Abasov çıxış edərək hakimə bildirib: "Noyabrın 14-də sizə müraciət etmişəm mütəxəssisin iştirakı ilə hadisə yerinə baxış keçirək. Bizi mərkəzə içəri buraxmırlar".

Hakim Leyla Əsgərova-Məmmədova təqsirləndirilən şəxs Mehriban Abasquliyevaya sərbəst ifadə verməyi təklif edib. Təqsirləndirilənin vəkilləri isə müvəkkillərinin hazırkı mərhələdə ifadə vermək istəmədiyini bildiriblər. 

Məsələyə münasibət bildirən dövlət ittihamçısı Orxan Səmədov Mehriban Abasquliyevanın ibtidai istintaqda verdiyi ifadəsinin elan edilməsini xahiş etdi. 

İttiham aktından məlum olub ki, Mehriban Abasquliyeva cəmi 11 ay Perinetal Mərkəzin direktoru işləyib. Ancaq vəkil Əliövsəd Abasov müvəkkilinin ibtidai istintaqda verdiyi sonuncu ifadəsinin elan olunmasını istəyib və hakim vəkilin təklifi ilə razılaşıb nəinki sonuncu ifadəsini onun verdiyi bütün ifadələri elan edib. 

Məhkəmənin növbəti iclası fevralın 10-na təyin olunub. 

Xatırladaq ki, ötən il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, istintaqla müəyyən olunub ki, "Respublika Perinatal Mərkəzin" Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib. 

Qeyd edək ki, hər üç şəxs barəsində "polis nəzarəti altına vermə" qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1335
avatar

Oxşar yazılar