Rayon sakinin mağazası yandırıldı, nazirə müraciət etdi
17 mart 2022 19:40 (UTC +04:00)

Rayon sakinin mağazası yandırıldı, nazirə müraciət etdi

Kürdəmirin bəzi kəndlərində quldurluq və soyğunçuluq hadisələri ilə bağlı məlumat yayılıb.

Lent.az xəbər verir ki, bu barədə rayon sakinlərindən biri özünü "Facebook" sosial şəbəkə hesabında bildirib.

O , son zamanlar rayonun kəndlərində quldur və soyğunçuların peyda olduğunu vurğulayaraq, törədilən cinayətlərin artdığını bildirib. Rayon sakini bununla bağlı daxili işlər naziri, general-polkovnik  Vilayət Eyvazova müraciət edib.

Paylaşımla bağlı Daxili İşlər Nazirliyi mətbuat xidməti ilə əlaqə saxladıq. DİN mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Lent.az-a bildirdi ki, rayon ərazisində mağazanın yandırılması faktı ilə bağlı polisə müraciət edilib:

"Kürdəmir rayonu Qaramahmudlu kənd sakini A.Niftəliyev mart ayının 16-da DİN-in "102" xidmətinə, daha sonra isə rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus mağazanın yandırılması barədə məlumat verib. 
Məlumatla əlaqədar hadisə yerinə baxış keçirilib və ilkin araşdırmalar başlanılıb.

Hazırda faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq Bölməsində araşdırmalar davam etdirilir".

Qeyd edək ki, sosial şəbəkədəki sözügedən məlumatın məhz mağazası yandırıldığı deyilən şəxs tərəfindən paylaşıldığı iddia olunur.

# 1929
avatar

Mehman Nəbiyev

Oxşar yazılar