Qubada sahibsiz itlərin hücumuna məruz qalan şəxslərin vəziyyəti açıqlanıb.
TƏBİB-dən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 7-də müxtəlif saatlarda Quba rayonu ərazisində baş verən it dişləməsi səbəbilə xəsarət alan 3 nəfər Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
2018-ci il təvəllüdlü şəxsə (kişi cinsli) sol yanağın və gicgah çənə nahiyəsinin çoxsaylı cırılmış açıq yarası, 1960-ci il təvəllüdlü şəxsə (qadın cinsli) burunun kəsilmiş cırılmış açıq yarası, sağ saidin didilmiş sıyrılmış yarası, 1959-cu il təvəllüdlü şəxsə (qadın cinsli) isə sağ əlin 3 və 4 cü barmaqlarının kəsilmiş cırılmış yarası, sağ saidin arxa səthinin kəsilmiş açıq yarası diaqnozu təyin olunub.
Zərərçəkmişlərə ilkin zəruri tibbi yardım göstərildikdən və quduzluq əleyhinə vaksin vurulduqdan sonra onlardan iki nəfər - 1960-cı il və 2018-ci il təvəllüdlü pasiyentlər həmin günü Bakı şəhərində yerləşən Sabunçu Tibb Mərkəzinə təxliyə olunublar.
1959-cu il təvəllüdlü şəxs isə zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
***
05:08
Quba rayonunun Qəçrəş və Küsnətqazma kəndlərində sahibsiz itlər 3 rayon sakininə hücum edib.
Lent.az xəbər verir ki, rayonun Qəçrəş kəndində kənd sakinləri Zöhrə Mərdəliyevaya və Raida Salahovaya sahibsiz itlər hücum çəkib.
Onlar Quba Mərkəzi rayon Xəstəxanasına çatdırılıb, ilkin tibbi yardımdan sonra paytaxtdakı tibb müəssisələrindən birinə göndəriliblər.
Quba rayonunun Küsnətqazma kəndinə isə, azyaşlı Məhəmməd Məmmədov itlərin hücumuna məruz qalıb.
Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralıya it dişləməsi diaqnozu qoyulub və quduzuluğa qarşı iynə vurulub.