İran məhkəməsi Tatalu səhnə adı ilə tanınan məşhur musiqiçi Amir Hosseyn Maqsudlunu küfrdə ittiham edərək edam cəzasına məhkum edib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, qərar Ali Məhkəmənin musiqiçinin əvvəlki 5 illik həbs cəzası ilə bağlı prokurorun etirazını təmin etməsindən sonra verilib.
Tatalu əvvəlcə küfrdə təqsirli bilinərək 5 il azadlıqdan məhrum edilib. Lakin prokurorun etirazlarından sonra işə yenidən baxılıb və bu dəfə məhkəmə musiqiçini “peyğəmbəri təhqir etməkdə” - İranda ölümlə cəzalandırılan cinayətdə təqsirli bilib.
Bildirilir ki, ölüm hökmünə əlavə olaraq, Tatalunun "fahişəliyi təbliğ etmək" üçün 10 il həbs cəzası alması, həmçinin "dövlət əleyhinə təbliğat" yaymaq və "ədəbsiz məzmun" dərc etmək ittihamı irəli sürülüb.
37 yaşlı musiqiçi rep, pop və R&B-ni birləşdirən üslubu, eləcə də çoxsaylı döymələri də daxil olmaqla, parlaq obrazı sayəsində kult fiqura çevrilib. O, 2018-ci ildən Türkiyədə yaşayırdı, lakin İran hakimiyyətinin tələbi ilə 2023-cü ilin dekabrında İrana ekstradisiya edilib. O, İrana verildikdən bəri həbsdədir.
Tatalu dəfələrlə mübahisə mövzusu olub. 2015-ci ildə o, İranın nüvə proqramını dəstəkləyən mahnı buraxıb, 2017-ci ildə isə liberal düşüncəli gəncləri cəlb etmək kampaniyası çərçivəsində ultra-mühafizəkar prezident İbrahim Rəisi ilə görüşüb. Lakin onun işi və təxribat xarakterli davranışı xüsusilə son illərdə İran hakimiyyəti ilə münaqişəyə salıb.