Rusiya Federal Təhlükəsiz Xidmətinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə idarəsinin əməkdaşları polis həmkarları ilə birlikdə beynəlxalq mütəşəkkil qrupun fəaliyyətini dayandırıblar.
Lent.az xəbər verir ki, Belarus və Azərbaycan vətəndaşları siqaret qaçaqmalçılığında şübhəli bilinirlər. İş üzrə dörd müttəhim var.
Əməliyyatçıların sözlərinə görə, həmin vətəndaşlar mütəmadi olaraq Belarus fabriklərində istehsal olunan və Rusiyaya qanunsuz gətirilən tütün məmulatlarını satıblar. Təhlükəsizlik qüvvələri bir neçə qarajda əməliyyat keçirib və orada təxminən 100 milyon rubl (təxminən 2 milyon 132 min manat) dəyərində tütün məmulatları, 6 milyon nağd pul, mobil telefonlar, iki avtomobil və bir furqon aşkar ediblər.
Faktla bağlı Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin 226.1-ci maddəsinin 3-cü hissəsi ilə cinayət işi açıb. Qaçaqmalçılıqla məşğul olan şəxslər saxlanılaraq nəzarətə götürülüb.