Almaniya prezidenti Frank-Valter Ştaynmayer onu Rusiyaya dəstək verməkdə ittiham edən yazıçı Marko Martini vurub.
Lent.az bildirir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.
Ştaynmayer yazıçı Martini necə vurub?
Hadisə Berlin divarının uçurulmasının 35-ci ildönümünə həsr olunmuş tədbirdə baş verib.
Yazıçı Almaniya prezidentini xarici işlər naziri olarkən “Şimal axını-2” qaz kəmərinin tikintisinə dəstək verdiyinə görə tənqid edib.
Şahidlərin “Bild”ə verdiyi məlumata görə, Martinin çıxışı zamanı Ştaynmayer çənəsini sıxıb və ağır nəfəs alıb.
Yazıçı özü bildirib ki, hadisədən sonra prezident onu şər-böhtanda ittiham edib və vurub.
“O, özünü itirdi və başıma zərbə endirdi”, - Martin bildirib.
2021-ci ildə Almaniyanın “Rheinische Post” nəşrinə müsahibəsində “Şimal axını-2” layihəsini müdafiə edən Ştaynmayer deyib ki, enerji əməkdaşlığı bəlkə də Avropa ilə Rusiya arasında qalan sonuncu körpüdür. Almaniya prezidenti o vaxt “Rusiya ilə zəngin tarixi” də xatırladıb.
“Şimal axını-2”nin tikintisinə 2018-ci ildə başlanılıb. Rusiya 2022-ci il fevralın 21-də “Donets Xalq Respublikası” və “Luqans Xalq Respublikası”nın müstəqilliyini tanıdıqdan sonra Almaniya hökumətinin başçısı Olaf Şolts qaz kəmərinin sertifikatlaşdırılmasının dayandırıldığını elan edib.