Baş Prokurorluq əməkdaşları Türkiyəyə dəvət olundu - FOTO
23 sentyabr 2022 13:00 (UTC +04:00)

Baş Prokurorluq əməkdaşları Türkiyəyə dəvət olundu - FOTO

Köklü tarixi münasibətlərimizin olduğu, dost və qardaş ölkə Türkiyə Respublikasının Hakimlər və Prokurorlar Şurasının dəvəti əsasında hüquq mühafizə orqanları ilə əməkdaşlığın davamı və gücləndirilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorunun müavini Elmar Camalovun rəhbərliyi ilə nümayəndə heyəti sentyabrın 18-22-də Türkiyəyə səfər ediblər.

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, heyət Ali Məhkəmənin sədri Mehmet Akarca, Ali Məhkəmənin Baş prokuroru Bekir Şahin, Ədliyyə naziri Bekir Bozdağ, Hakimlər və Prokurorlar Şurasını təmsil edən həmin şuranın sədr müavini Mehmet Akif Ekinci, Şuranın Baş Katibi Seyfi Han və digər məsul heyətlə görüşüblər.

Görüş zamanı Hakimlər və Prokurorlar Şurasının xarici münasibətləri, Şuranın quruluşu, iş prinsipi və vəzifələri mövzusunda ətraflı məlumat verildikdən sonra, işə qəbul, vəzifədə irəli çəkilmə, sosial müdafiə, etik davranış qaydaları, şikayət və intizam icraatının işləmə üsullarına dair hər iki dövlətin hüquq mühafizə orqanlarının oxşar və fərqli yönləri qarşılıqlı olaraq müzakirə edilib.

Daha sonra heyət Ankara Qərb Baş prokuroru Gökhan Karaköse və İnsan haqları və bərabərlik qurumu sədri Muharrem Kılıç ilə görüşüb.

Qeyd olunan səfərdə nümayəndə heyətinin eyni zamanda İstanbul Baş prokuroru Şaban Yılmaz və digər məsul şəxslərlə görüşü baş tutub.

Bütün görüşlərdə nümayəndə heyətinə müvafiq qurumların sistemi və iş prosesləri barədə məlumat verilib. Bununla yanaşı Azərbaycan ilə Ermənistan arasında yaşanan son silahlı münaqişə zamanı şəhid olan hərbi qulluqçular üçün baş sağlığı verilərək, bir millət iki dövlət olan Türkiyə və Azərbaycan arasında hüquq mühafizə orqanlarının fəaliyyətində mövcud səmimi münasibətlərin davam etdirilməsi və dəstəklənməsi vacibliyi vurğulanıb.

Eyni zamanda, Türkiyə və Azərbaycan arasında ticarət, mədəni və siyasi sahələrində səmimi münasibətlərin mövcud olduğu vurğulanıb, qarşılıqlı səfərlərdən məmnunluq ifadə edilməklə iki tərəfli münasibətlərin hər iki dövlət başçılarının müəyyən etdiyi siyasətə uyğun daha da gücləndirilməsinin vacibliyi ifadə edilib.

# 1458
avatar

Oxşar yazılar