Adam oğurluğunda təqsirli bilinən mütəşəkkil dəstə üzvləri İmran Hüseynov, Eyvaz Nəzərov və Rahil Manafovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Cavid Səfərlinin icraatına verilib.
Cinayət işi üzrə zərərçəkmiş qismində 2 bacı olan qadınlar və 1 kişi iştirak edir.
Qeyd edək ki, bu il mayın 15-də Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 144.2.3. (adam oğurluğu - bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə;) maddəsi ilə axtarışda olan Şirvan şəhər sakini, 58 yaşlı Nəzərov Eyvaz Mehti oğlu Abşeron rayonu Xırdalan şəhəri ərazisində və qohumu, eyni maddə ilə axtarışda olan Cəlilabad rayon sakini, 33 yaşlı Hüseynov İmran Ələşrəf oğlu Bakı şəhəri ərazisində saxlanılaraq ŞPŞ-nin İstintaq Bölməsinə təhvil veriliblər.
Eyvaz Nəzərov cari ilin fevral ayında qohumu İmran Hüseynov və tanışı Rahil Manafov ilə qabaqcadan əlbir olaraq Şirvan şəhəri ərazisində baş vermiş adam oğurluğu hadisəsini törədib.
Dəstənin üzvü, Hacıqabul rayon sakini Manafov Rahil Sahil oğlu cinayət hadisəsinin törədilməsindən bir müddətdən sonra tutularaq məsuliyyətə cəlb olunub.