“Aclıq aksiyası ucuz taktikadır”  - 97 gün ac qalan Fazil Qasımovun məhkəməsi
19 sentyabr 2024 16:42 (UTC +04:00)

“Aclıq aksiyası ucuz taktikadır” - 97 gün ac qalan Fazil Qasımovun məhkəməsi

Fazil Qasımovun məhkəmə prosesi onun vəkili ilə danışığından sonra davam etdirilib.

Lent.az xəbər verir ki, Fazil Qasımov yenidən vəsatət qaldırıb. O, vəsatətində ötən prosesdə qəbul edilməyən tələbini yenidən səsləndirib. Bildirib ki, ona qarşı elan olunan ittihamlara xitam verilsin.

Prokuror vəsatətə etiraz edərək ittiham aktının elan etməsini məhkəmədən istəyib:

“Mən təklif edirəm ki, ittiham aktını elan edim. Çünki sənədlər tədqiq edilməmiş ittihama baxa bilmərik. Elan etməmişəm vəsatət qaldırıblar ki, xitam verilsin”.

Məhkəmə sədri Fazil Qasımovdan təkrarçılıq etməməsini və yeni əsaslar varsa, onları səsləndirməyini istəyib. 

Fazil Qasımov vəsatətinin ittihama xitam verilməsi ilə bağlı olduğunu deyib. 

Təqsirləndirilən şəxsin vəkili Rövşanə Rəhimli Fazil Qasımovun vəsatətini təsdiqləyib. Daha sonra, Rövşanə Rəhimli Fazil Qasımovun 97 gündür qida qəbul etmədiyini əsas gətirərək ev dustaqlığına və ya polis nəzarətinə verilməsi barədə vəsatət qaldırıblar.

Prokurora söz verilib:

“İttiham aktı elan olunmamış, sənədlər tədqiq edilməmiş vəsatətlər təmin edilməməlidir. Nəyə xitam olunsun? İttiham elan edilməyib. Ev dustaqlığı isə düşünürəm ki, aclıq aksiyası ucuz taktikadır. Əksinə yemək yeməlisən, özünü toparlayıb sübutları təqdim etməlisən. Belə aclıq aksiyası etməklə olmaz”.

Prokurorun çıxışından sonra müdafiə ilə ittiham tərəfi mübahisə edib. Hakim mübahisənin sonlandırılmasını tələb edib:

“Belə olmaz. Sakitləşin deyirəm, səsimi yüksəldirəm saymırsınız”. 

Məhkəmə yerində müşavirə keçirib. İttihama xitam verilməsi barədə vəsatəti təmin etməyib. Məhkəmə ev dustaqlığı vəsatətini müzakirə etmək üçün müşavirəyə yollanıb. Müşavirədən qayıdan məhkəmə sədri bildirib ki, ittiham elan olunduqdan sonra xitam məsələsinə baxılacaq. Ev dustaqlığına verilməsinin isə təmin edilmədiyini bildirib.

***
15:07

Ötən il iqtisadçı Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq ölkəyə gətirilən alim Fazil Qasımovun məhkəməsi keçirilib.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə şahidlər elan edilib.

Adı sadalanan şahidlərdən biri prosesdə iştirak edib. Daha sonra, hakim prokurordan ittiham aktını elan etməsini istəyib.

Lakin, təqsirləndirilən Fazil Qasımov vəsatət qaldırıb. O, məhkəmədən vəkili Rövşanə Rəhimli ilə 10 dəqiqəlik konfidensial danışıq aparmaq üçün vaxt istəyib. 

Hakim Fazil Qasımovun vəsatətini təmin edib. Konfidensial danışıq üçün zalda olan hər kəs çıxarılıb.

Qeyd edək ki, F.Qasımov ötən ilin avqust ayında Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib.

Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaqın sonunda Fazil Qasımovun işi Qubad İbadoğlunun işindən ayrılıb. Q.İbadoğlunun işi ayrıca icraata götürülüb.

Bir sıra KİV-də yayılan məlumatlara görə, o, FETÖ terror təşkilatı ilə əlaqəli olmaqda təqsirləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8541
avatar

Fidan İlqar

Oxşar yazılar