Soyğunçuluq və oğurluq halları artıb
31 iyul 2009 11:45 (UTC +04:00)

Soyğunçuluq və oğurluq halları artıb

“6 ay ərzində 531 cinayət işi xitam edilib”


“6 ay ərzində DİN üzrə müstəntiqlər tərəfindən 10268 cinayət işindən 46,5 faizinin istintaqı tamamlanaraq 4244-ü ittiham aktı ilə məhkəmələrə göndərilib, 531 iş xitam edilib”.

Bunu DİN-də respublika daxili işlər orqanlarının cari ilin birinci yarısında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov deyib.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nazir müavini ilin birinci yarısında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində görülmüş işlərin yekunlarına dair hesabat məruzəsi ilə çıxış edib.

Nazir müavini deyib ki, cinayətlərin açılmasında aparıcı rolu olan istintaq və təhqiqat aparatları əməkdaşlarının fəaliyyəti də bütövlükdə qənaətbəxş olub. Cinayət işləri üzrə dəymiş 30 milyon 988 min manat maddi ziyandan 68,5 faizinin ödətdirilməsi təmin olunub. Təhqiqat qurumlarında araşdırılan cinayət xarakterli ərizə və məlumatların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz azalaraq 53405 material təşkil edib. Onlardan 1879-u böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər olduğundan məhkəməyədək sadələşdirilmiş icraat açılıb, araşdırılması tamamlanmış 1117 material prokurorluğa göndərilib. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 34.176 qərar qəbul olunub.


Fəaliyyətin əsas istiqamətlərindən olan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, bu sahədəki problem və çatışmazlıqların aradan qaldırılması üzrə işlər də nəzarətdə saxlanılmaqla məqsədyönlü profilaktiki tədbirlər davam etdirilib. Cari ilin 6 ayında respublikada təxminən 40 min avtomobilin artması fonunda yol-nəqliyyat hadisələrinin sayı 4,2, qəzalarda ölənlərin sayı 1,3, yaralananların sayı 5,5 faiz azalıb. Sürücülər tərəfindən yol hərəkəti qaydalarının kobud şəkildə pozulması səbəbindən baş vermiş hadisələr 3,5, piyadaların vurulması ilə bağlı qəzaların sayı 10,8 faiz az olub. Yol hərəkətinə nəzarət prosesində 377.389 qayda pozuntusu aşkarlanmışdır ki, bu da 2008-ci illə müqayisədə 3,9 faiz çoxdur. Belə inzibati xətalara görə 375.909 sürücü cərimələnib, 1480 nəfərin nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılıb. Avtoxuliqanlıq etdiyinə görə 1303 sürücü barəsində qanunla müəyyən edilmiş ölçülər götürülüb.


Vətəndaşların müraciətlərinə baxılması və qəbulu, şəxsi heyətin qanunçuluğa, etik normalara və davranış qaydalarına ciddi əməl etməsi, anda sədaqət ruhunda tərbiyə olunması yönümündə kompleks tədbirlər ötən 6 ayda da davam etdirilib. Nazirliyin rəhbərliyi tərəfindən 85 vətəndaş qəbul edilib və onların qaldırdıqları məsələlərin əksəriyyəti yerində həll olunub. Əlavə yoxlama tələb edən ərizələr nəzarətə götürülərək araşdırılıb, nəticələri barədə yazılı cavablar verilib. Xidməti fəaliyyətə şəffaflıq, açıqlıq və sosial yönümlülük verilməsi şəxsiyyətin və cəmiyyətin təhlükəsizliyinin qorunmasına müsbət təsir göstərib, eyni zamanda vətəndaşların şikayətlərinin sayının azalması ilə müşayiət olunub.
Bu mənada, vətəndaş müraciətlərinin sayı 3,5, təkrar ərizələrin sayı 17,3, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, Nazirlər Kabinetindən və Milli Məclisdən daxil olmuş ərizələrin sayı 7-15 faiz azalıb. 2008-ci ilin 6 ayı ilə müqayisədə aşkarlanan qanun pozuntularının 25,2, bu əsasda məsuliyyətə cəlb edilənlərin sayının 17,1 faiz azalması isə vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının qorunması kursunun ardıcıllıqla həyata keçirildiyini bir daha təsdiqləyir.

Müasir silah, texnika, xüsusi vasitələrlə təchiz edilmiş, şəxsi heyətinin professionallığı yüksək tələblərə cavab verən Daxili Qoşunlar cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təminində fəal iştirak edib. Ümumən, şəxsi heyətin gərgin əməyi və fədakar xidməti ölkə başçısı tərəfindən növbəti dəfə yüksək qiymətləndirilərək 46 əməkdaş dövlət mükafatları ilə təltif olunmuş, 3 rəhbər vəzifəli şəxs ali xüsusi rütbələrə layiq görülüb.

Bununla belə, cari ilin birinci yarısında cinayətkarlıqla mübarizə və ictimai asayişin mühafizəsi sahəsində müsbət nəticələrlə bərabər, nöqsan və çatışmazlıqlar da olub. Bəzi ərazi polis orqanları tərəfindən kriminogen duruma mənfi təsir göstərən amillərin qarşısının alınması üzrə vaxtında adekvat tədbirlərin görülməməsi nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmalar 19 fakt, soyğunçuluqlar 28 fakt, oğurluqlar 26 faiz, o cümlədən mənzillərdən edilənlər 37,3 faiz artıb. Lakin bu artım qeyd olunan hüquqazidd əməllərin birdən-birə, kəskin şəkildə çoxalmasına deyil, uçot-qeydiyyat intizamında yaranmış əsaslı dönüşə, bunun nəticəsində cinayətlərin uçotdan gizlədilməsinin minimuma enməsinə və qeydiyyatda yaranmış tamlığa dəlalət edən müsbət bir reallıqdır. Belə ki, əsas etibarı ilə “102” xidmətinin əhatə etdiyi Bakı şəhəri üzrə qeydə alınmış bu artım cinayətlərin ümumi artımının 71,8, Sumqayıt və Abşeronda isə 2,4 faizini təşkil edib.


Müzakirələrdə Bakı BPİ-nin rəisi R.Abbasov, BNMİ-nin rəisi H.Aslanov, İnterpolun MMB-nin rəisi S.Mirzəyev, İAQMİ-nin rəisi C.Şıxəliyev, Gəncə ŞPİ-nin rəisi R.Musayev və başqaları çıxış edərək görülmüş işlərdən və buraxılmış nöqsanlardan danışıb, çatışmazlıqları qısa müddətdə aradan qaldıracaqlarını bildiriblər.
# 415

Oxşar yazılar