“Quest Net”-in Azərbaycan agentliyinin rəhbəri həbsdən buraxıldı
28 iyul 2009 17:45 (UTC +04:00)

“Quest Net”-in Azərbaycan agentliyinin rəhbəri həbsdən buraxıldı

Mirvaleh Ağayevlı birgə agentliyin daha üç əməkdaşı azad edilib

Daxili İşlər Nazirliyi tərəfindən bu ilin fevralında həyata keçirilən əməliyyat zamanı tutulan “Quest Net” şirkətinin Azərbaycan agentliyinin rəhbəri və agentliyin daha üç əməkdaşı həbsdən azad edilib.

Bu barədə APA-ya şirkətin hüquqi təmsilçisi Natiq Abdullayev məlumat verib. Onun sözlərinə görə, bu, zərərçəkən şəxslərin şirkət rəhbərliyinə qarşı irəli sürdükləri şikayətləri geri götürməsindən sonra mümkün olub. Nərimanov rayon Məhkəməsi “Quest Net” şirkətinin Azərbaycan agentliyinin rəhbəri Mirvaleh Ağayev və agentliyin daha 3 əməkdaşı barəsində seçilmiş həbs-qətimkan tədbirinin ləğv edilməsi barədə qərar qəbul edib və təqsirləndirilən şəxslər məhkəmə zalından azadlığa buraxılıblar. Buna baxmayaraq, onların barəsində başlanmış cinayət işinə xitam verilməyib. Fakt üzrə istintaq tədbirləri davam etdirilir. N. Abdullayev, həmçinin “Quest Net” şirkətinin artıq Azərbaycanda rəsmi nümayəndəliyinin açıldığını və bura Namiq Abbasov adlı şəxsin rəhbərlik etdiyini bildirib.

Qeyd edək ki, bu ilin fevral ayında Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq yolu ilə vətəndaşları aldadıb onların milyonlarla manat pulunu ələ keçirmiş transmilli mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsi barədə məlumat yayıb: “Bu dəstə on minlərlə vətəndaşa çəkisi üç qramadək olan qızıl məmulatlarını həqiqi dəyərindən on dəfə baha qiymətə, 800-1500 ABŞ dollarına sataraq külli miqdarda qazanc götürüblər. Prosessual araşdırmalar göstərib ki, “Quest Net” firmasının mərkəzi ofisi Çin Xalq Respublikasının Honq-Konq şəhərində off-şor zonada yerləşir. Firmanın Azərbaycandakı agentliyinin rəhbəri Saatlı rayonunda anadan olmuş, 42 yaşlı Mirvaleh Ağayevin təşkilatçılığı ilə cinayətin qurbanına çevrilmiş 20 mindən çox şəxsdən cəmi 5100 nəfərinə zərgərlik məmulatları verilib, daha 15 minə yaxın sadəlövh vətəndaş hədiyyə alacağı və işə düzələcəyi vədi ilə aldadılıb”.

Əməliyyat zamanı ilk olaraq firmanın Bakıda 23 satış mərkəzində işləyən 41 nəfər saxlanılsa da, sonradan onların hamısı həbsdən azad olunublar.

Fakt üzrə Cinayət Məcəlləsinin 178.3.1 (mütəşəkkil dəstə tərəfindən dələduzluq) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.
# 874

Oxşar yazılar