İrandan Azərbaycana 20 kq narkotik gətirən şəxslər tutulub
15 iyul 2009 17:00 (UTC +04:00)

İrandan Azərbaycana 20 kq narkotik gətirən şəxslər tutulub

Saxlanılanlar arasında Azərbaycan və İran vətəndaşları var

Milli Təhlükəsizlik Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində birgə keçirilən əməliyyat tədbirləri nəticəsində narkotiklərin daşınması ilə məşğul olan şəxslər ifşa olunaraq zərərsizləşdirilib, onlardan ümumilikdə 20 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb.


Bu barədə Lent.az-a MTN ictimai əlaqələr mərkəzindən bildirilib. Azərbaycan vətəndaşları Almas Qafarov və Ərzuman İsmayılov, habelə İran vətəndaşları və qeyriləri qabaqcadan əlbir olaraq, satış məqsədilə 14 kiloqrama yaxın narkotik vasitəni qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla İrandan Azərbaycan ərazisinə gətiriblər.


Məlum olub ki, Almas Qafarovun qardaşı Eldəniz Qafarov viza qaydasında İrana səfər edib və birincinin tapşırığına əsasən, orada hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşlarına külli miqdarda narkotik sifariş verib. Əvvəlcədən əldə olunmuş razılığa əsasən, İrandan göndərilən narkotiki qəbul etmək məqsədilə Almas Qafarov Neftçala şəhərinə gəlib, orada Ərzuman İsmayılov ilə birlikdə sonuncuya məxsus qayıqda «Qızılağac» Dövlət Qoruğunun Xəzər dənizi ərazisindəki «Kurkasa» adlanan adanın yaxınlığında təxminən saat 23-24 radələrində hazırda şəxsiyyətləri istintaqla araşdırılan digər iranlılarla görüşüblər. Almas Qafarov və Ərzuman İsmayılov iranlılardan külli miqdarda narkotik vasitələri qəbul edərək həmin adada gizlədiblər.


Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Almas Qafarov və Ərzuman İsmayılov saxlanılıb, qeyd olunan «Kurkasa» adasına baxış nəticəsində oradan 8 kiloqrama yaxın tiryək və təxminən 6 kiloqram həşiş aşkarlanaraq götürülüb.


MTN-in keçirdiyi digər əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması ilə bağlı daha bir cəhdin qarşısı alınıb. Belə ki, Azərbaycan vətəndaşı Elxan Quliyev, İran vətəndaşları - Kamrani Mansur Mohsen, Şahrəvan Kərim Ordu və onun qardaşı Şahrəvan Rəhim Ordu saxlanılıb, onlardan 6 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.


Məlum olub ki, Elxan Quliyevin sifarişinə əsasən, Mansur Kamrani İran ərazisində əldə etdiyi narkotik vasitələri Rəhim Şahrəvana məxsus «Samand» markalı avtomobildə xüsusi olaraq, hazırlanmış saxlanc yerində gizlədib. Bundan sonra Rəhim Şahrəvan və onun qardaşı Kərim Şahrəvan həmin avtomobildə Biləsuvar Nəzarət Buraxılış Məntəqəsindən keçərək Bakı şəhərinə gəlib və burada Mansur Kamranini gözləyiblər. Öz növbəsində Mansur Kamrani narkotiklərin təhlükəsiz Azərbaycan ərazisinə keçdiyinə əmin olduqdan sonra Biləsuvar Nəzarət Buraxılış Məntəqəsindən keçib Bakı şəhərinə gəlib.


Burada onlar Rəhim Şəhrəvanın idarə etdiyi «Samand» markalı avtomobillə Biləcəri qəsəbəsinə gəlmiş, narkotik vasitələri avtomobilin gizli saxlanc yerindən çıxarmaq istəyərkən MTN əməkdaşları tərəfindən cinayət başında yaxalanıblar. Avtomobilə baxış keçirilərkən gizli saxlanc yerindən 3 kiloqram tiryək, 2 kiloqramdan artıq həşiş və 800 qrama yaxın heroin aşkarlanıb.


Hər iki faktla bağlı başlanılmış cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 594

Oxşar yazılar