Goranboy rayon Təhsil Şöbəsinin müdirinin həbsi rəsmən təsdiqləndi
18 iyun 2009 15:45 (UTC +04:00)

Goranboy rayon Təhsil Şöbəsinin müdirinin həbsi rəsmən təsdiqləndi

Müdirlə yanaşı, daha bir neçə nəfər saxlanılıb

Respublika Baş Prokurorluğu Goranboy rayon Təhsil Şöbəsinin müdiri və digər şəxslərin həbs olunması faktını təsdiqləyib.

Lent.az-ın məlumatına görə, Baş Prokurorluq bildirir ki, təhsil müəssisələrində mövcud olan mənfi halların aradan qaldırılması üçün həyata keçirilmiş tədbirlər nəticəsində son günlər orta məktəb şagirdlərinin buraxılış imtahanlarından müvəffəqiyyətlə keçmələri üçün rüşvət toplamaqla məşğul olan korrupsiya şəbəkəsi ifşa edilib.
Uşaqlarının orta məktəbin buraxılış imtahanlarında müvəffəqiyyət qazanması üçün onlardan rüşvət alınması barədə Goranboy rayonunun bir qrup sakininin şikayət ərizələri üzrə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən müvafiq yoxlama aparılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətindən sui-istifadə etmə) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.
Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Goranboy rayon təhsil şöbəsinin müdiri Elmar Əliyevin korrupsiya şəbəkəsi yaradaraq şöbənin metodisti Faiq Dosiyevi və rayonun müxtəlif yaşayış məntəqələrindəki orta məktəblərin direktorları ilə qabaqcadan əlbir olmaqla cinayət əlaqəsinə girərək XI sinif şagirdlərinin mərkəzləşdirilmiş qaydada keçirilməsi nəzərdə tutulan test imtahanlarında yüksək bal toplaması və attestatlar verilməsi üçün onlardan pul yığılmasını təşkil etməklə külli miqdarda rüşvət alması təkzibedilməz dəlillərlə sübuta yetirilib.
İstintaqla, həmçinin müəyyən edilmişdir ki, Elmar Əliyevin Goranboy rayon təhsil şöbəsinin müdiri vəzifəsində işləyərkən 2008/2009-cu tədris ilində rayonun orta məktəblərində təhsil alan XI sinif şagirdlərinin buraxılış imtahanlarında yüksək bal toplaması və onlara attestatlar verilməsinə yardım edəcəyi müqabilində şagirdlərin hər birindən 100 manat və daha yüksək məbləğdə pul yığılması barədə Faiq Dosiyevə verdiyi göstərişi əsasında sonuncu əvvəlcədən cinayət əlaqəsinə girdiyi, rayonun Səfikürd kənd orta məktəbinin direktoru Cəmaləddin Nəsibov vasitəsilə həmin məktəbin 21 nəfər XI sinif şagirdindən 1700 manat, Ağamalıoğlu kənd orta məktəbinin direktoru İlqar Əliyev vasitəsilə 8 nəfər XI sinif şagirdindən 800 manat, Goranboy şəhər 1 nömrəli orta məktəbin direktoru Xasay Qasımov vasitəsilə 17 nəfər XI sinif şagirdindən 1700 manat, Dəliməmmədli şəhər orta məktəbinin direktoru Rövşən Abbasov vasitəsilə 23 nəfər XI sinif şagirdindən 3350 manat məbləğində pul alaraq Elmar Əliyevə veriblər.

Ümumilikdə isə Goranboy rayonunun əksər orta məktəblərinin direktorları, əsasən sinif rəhbərləri vasitəsilə, ayrı-ayrı hallarda isə bilavasitə şagirdlərdən və ya onların valideynlərindən külli miqdarda pul toplayaraq Faiq Dosiyevə verib, o isə öz növbəsində həmin pulları Elmar Əliyevə çatdırıb. Elmar Əliyevin iş və yaşayış yerlərində aparılmış axtarış zamanı Goranboy rayon orta məktəblərinin IX və XI sinif şagirdlərinin adları və qarşılarında müxtəlif pul məbləğləri göstərilən siyahılar, siyahıların arxasında hər məktəb üzrə toplanmış məbləğ, təhsil şöbəsi tərəfindən mərkəzləşmiş qaydada təşkil edilmiş buraxılış imtahanında iştirak edəcək şagirdlərin bəzilərinin imtahan verdiyi məktəbin adı və şagirdin kodu yazılmış vərəqələr, şagirdlərin müxtəlif seriya və nömrəli 1996/2002-ci illərdə tədris müəssisəsini bitirmələrinə dair 44 ədəd yazılmış, 27 ədəd isə boş əsas təhsil haqqında şəhadətnamə və orta təhsil haqqında attestat, Elmar Əliyevin yaşadığı evindən və xidməti otağındakı seyfindən külli miqdarda pul aşkar edilərək götürülüb və müvafiq qaydada rəsmiləşdirilib.

Eyni zamanda, Faiq Dosiyev və digər məktəb direktorları tərəfindən, şagirdlərdən pulun yığılmasını təsdiq edən siyahılar istintaqa təqdim olunub.
Törətdikləri cinayət əməlləri üzrə Cəmaləddin Nəsibov, İlqar Əliyev, Xasay Qasımov və Rövşən Abbasov qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar rüşvət almağa görə, Elmar Əliyev və Faiq Dosiyev isə qeyd olunanlarla yanaşı, külli miqdarda rüşvət almağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə Elmar Əliyev, Cəmaləddin Nəsibov və İlqar Əliyevin barəsində məhkəmənin qərarı ilə həbs, Xasay Qasımov, Rövşən Abbasov və Faiq Dosiyevin barəsində isə həbslə bağlı olmayan digər növ qətimkan tədbirləri seçilib.
Hazırda həmin iş üzrə cinayətin baş vermə səbəblərinin müəyyən edilməsi, işin hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, Goranboy rayon Təhsil Şöbəsinin müdiri və daha bir neçə nəfərin həbs ilə bağlı ilk məlumatı APA yayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1300

Oxşar yazılar