“Oğlumu və qızımı bıçaq, arvadımı baltayla öldürdüm”
21 yanvar 2010 13:30 (UTC +04:00)

“Oğlumu və qızımı bıçaq, arvadımı baltayla öldürdüm”

Hadisə 2007-ci il avqustun 18-də Gəncə şəhəri, C.Rəfibəyli küçəsi 50-də, Kəlbəcərlilərin məskunlaşdığı yataqxanada baş verib. 1966-cı il təvəllüdlü Mürsəl Mahmudov günorta saatlarında evə gələrək, həyat yoldaşı 1980-ci təvəllüdlü Nəcibə Mahmudovanı balta ilə qətlə yetirib. Daha sonra 5 yaşlı qızı Fəxriyyəni və 4 yaşlı oğlu Yusifi yatdıqları yerdə bədən və baş hissələrinə kəsici alətlə xəsarət yetirərək öldürüb.


Həmin gün Mürsəl Mahmudov şübhəli şəxs qismində istintaqa cəlb edilsə də, hadisəni törədəndən sonra onun psixi xəstəliyə tutulması aşkarlanıb. Bununla əlaqədar olaraq 13 fevral 2008-ci ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə Mürsəl Mahmudov barəsində məcburi müalicə tətbiq olunub. Bu qərara əsasən, o, Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasında məcburi müalicə olunub.

Nəhayət 20 iyul 2009-cu il tarixdə Gəncə şəhər Nizami rayon məhkəməsinin qərarı ilə Mürsəl Mahmudovda psixi xəstəliyin əlamətləri qeyd olunmadığından o, psixi cəhətdən sağlam hesab edilib və məhkəmə-tibb ekspertizasının rəyləri nəzərə alınaraq, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb.


Qatil haqda qısa arayış:

Mahmudov Mürsəl Allahverdi oğlu - 1974-cü ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində anadan olub. Əvvəllər məhkum edilməyib. Məcburi köçkündür. Gəncə şəhəri, C.Rəfibəyli küçəsi 50 ünvanında yerləşən Gəncə Tibb Məktəbinin yataqxanasında məskunlaşıb.

“Mən öləndən sonra ailə üzvlərimin yaşamasının nə mənası?”

Təqsirləndirilən şəxs qismində dindirilən Mürsəl Mahmudov ona elan olunmuş ittihamla özünü tam təqsiri bilib. O ifadəsində göstərib ki, məcburi köçkün kimi ailə üzvləri ilə birgə Gəncə Tibb Məktəbinin yataqxanasında məskunlaşıblar. Rəsmi olaraq həm Kəlbəcər rayonu 7 saylı orta məktəbdə gözətçi işləyib, həm də özünəməxsus “VAZ 2105” markalı avtomobillə sərnişin daşımaqla ailəsi dolandırıb: "Yaxın qohumum Nəcibə ilə 2001-ci ildə ailə həyatı qurmuşam. Birgə nikahdan iki övladımız dünyaya gəlib. Arvadımla münasibətim həmişə normal olub, aramızda heç bir inciklik, narazılıq və ədavət olmayıb.


Hadisədən bir il əvvəl boğazımda "zəhərli zob" yaranmışdı. Bu xəstəlikdən çox əziyyət çəkirdim. Dəfələrlə müalicə olunsam da, xeyri yox idi. Xəstəliklə əlaqədar boğazım ağrıyır, tez-tez əsəbiləşirdim. Bəzən əsəbiləşib evdə arvad-uşağın üstünə qışqırırdım, yersiz dava-dalaş salırdım. Amma bu söz-söhbətlərin heç biri evimizdən kənara çıxmırdı. Yəni, Nəcibə mənim xəstə olduğumu bildiyindən bu barədə heç kimi şikayət etmirdi. Xəstəlik məni boğaza yığmışdı. Boğazımdakı ağrılara dözə bilmirdim, fikirləşirdim ki, yaxın vaxtlarda öləcəyəm. Mən həyatda olmayandan sonra ailə üzvlərimin yaşamasının mənası yoxdur”.


“Oğlumu anasının gözü önündə zorlayıblar”

Mürsəl ifadəsində dəhşətli bir faktı da açıqlayıb: “Hadisədən bir neçə gün əvvəl bizimlə eyni yataqxanada məskunlaşan Yaşarın oğlu mənim oğlumla qeyri-təbii yolla cinsi əlaqədə olub. Bu zaman arvadım bunu görüb. Mənə bu barədə deyəndə əsəbimdən bilmirdim ki, nə eləyim. Sanki bütün tərsliklər üst-üstə gəlirdi. Xəstəliyimin olması, bir tərəfdən də bu hadisənin baş verməsi məni özümdən çıxartdı. Ona görə də ailə üzvlərimi öldürməyə qərar verdim.


İyulun 18-də günorta vaxtı anamgilə getdim. Anam mənə yemək təklif etsə də, boğazım ağrıdığından yemədim. Bir qədər dincəlmək üçün yatağa uzandım, amma yata bilmədim. Sonra yaşadığım yataqxanaya qayıtdım. Nəcibə yemək yeyib-yemədiyimi soruşduqda ona yenə ağrıdığımı dedim. O isə ağlayaraq, "yemək ye ki, sağalasan", - dedi və uşaqları yatırtmağa getdi. Əvvəl qızım Fəxriyyəni uşaq çarpayısına qoyub yatırtdı, sonra oğlum Yusifi otaqdakı çarpayının sol tərəfinə uzadıb özü də onun yanına uzandı. Mən də onların yanına uzandım.

“Oğlumu və qızımı eyni bıçaqla öldürdüm”

Yarım saatdan çox vaxt keçdi. Onların yuxuya getdiyindən əmin olub yatağımdan qalxdım. Bu zaman Nəcibə yuxudan oyanıb hara getdiyimi soruşdu. Ona siqaret çəkmək istədiyimi deyib otaqdan çıxdım. Siqaret çəkib otağına qayıdanda Nəcibənin yenidən yuxuya getdiyini gördüm. Yenidən eyvana çıxdım. Eyvanda olan baltanı və bıçağı götürüb otağa keçdim. Bıçaqla Nəcibənin sinəsinə bir dəfə zərbə endirdim. Nəcibə oyanmaq istəyərkən balta ilə onun başına bir neçə dəfə zərbə endirdim. Baltanı yerə tullayıb bıçağı əlimə götürdüm. Çarpayının sol tərəfində uzanıb yatmış oğluma yaxınlaşdım. Bıçaqla onun boğazını kəsdim. Sonra həmin bıçağı qızım Fəxriyyənin qarnına soxdum. Özümü də öldürmək niyyətində idim. Buna görə əlimdəki bıçaqla sol dirsəyimi iki yerdən kəsdim, qarnıma iki dəfə zərbə endirdim, lakin özümü öldürə bilmədim.


Axşam saatlarında maşınıma əyləşib Gəncə şəhər Polis İdarəsinə getdim və törətdiyim cinayət barədə məlumat verdim. Törətdiyim cinayətə görə peşmançılıq çəkirəm. Xəstəliyim və oğlumun başına gələn hadisə olmasaydı, bütün bunlar olmazdı”.


Qeyd edək ki, Mürsəl Mahmudovun AR CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə;) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakimi Mirzə Xankişiyevin sədrliyi ilə baxılıb. Məhkəmə M.Mahmudovu ömürlük azadlıqdan məhrum edib.


Sonda bir şeyi qeyd edək ki, cinayət işi üzrə aparılmış istintaq zamanı məhkəmə-tibb ekspertizasının 25 iyul 2007-ci il tarixli rəyinə görə mərhum Yusif Mahmudova qarşı seksual xarakterli zorakılıq hərəkətlərinə yol verilməsi faktı öz təsdiqini tapmayıb.


Fərid Əkbərov

akberov.f@list.ru
# 660

Oxşar yazılar