QALMAQAL: Lent.az ABŞ-ın axtardığı “Rusiya casusu”nun Bakıdakı evini tapdı -
06 oktyabr 2012 13:00 (UTC +04:00)

QALMAQAL: Lent.az ABŞ-ın axtardığı “Rusiya casusu”nun Bakıdakı evini tapdı -

ABŞ və Rusiya arasında növbəti “casus qalmaqalı” yaşanıb. Bu ölkənin hüquq-mühafizə orqanları bir neçə Rusiya vətəndaşını həbs edib. Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, Nyu-York ştatının Bruklin Prokurorluğunda 11 nəfər barəsində cinayət açılıb. Cinayətləri sübuta yetiriləcəyi təqdirdə isə Rusiya vətəndaşlarını uzun müddətli azadlıqdan məhrum etmə gözləyir.

İddiaya görə, həbs edilənlər ABŞ hərbi bazaları, ordu qüvvələri, habelə müxtəlif məxfi texnologiyalar barədə dövlət sirlərini Rusiya kəşfiyyat orqanlarına məlumat ötürürmüşlər.

Dəstəyə Şövkət Abdullayev, Lyudmila Baqdikyan, Anastasiya Dyatlova, Svetalina Zaqon, Viktoriya Klebanova, Aleksandr Posobilov, Sevinc Tağıyeva, Sergey Klinov, Yuriy Savin, Dmitriy Şeqrunov, Aleksandr Fişenko daxil olublar.

Maraqlıdır ki, haqqında cinayət işi qaldırılan 58 yaşlı Aleksandr Posobilov FTB tərəfindən axtarışdadır. İndi FTB əməkdaşları onun Meksikaya qaçıb Rusiya və Azərbaycanın bu ölkədəki səfirliyinə sığınacağından ehtiyat edir. Söhbət ondan gedir ki, Posobilov həm Azərbaycan, həm də Rusiya pasportları daşıyır. 34 yaşlı Şövkət Abdullayev və 32 yaşlı Sevinc Tağıyeva da milliyyətcə azərbaycanlıdırlar.

Aleksandr Posobilovun kimliyini araşdırarkən ilginc məqamların üstünə çıxdıq. İlkin araşdırma zamanı məlum oldu ki, Aleksandr Aleksandroviç Posobilov Bakıda anadan olub. Burda orta məktəbi qurtarıb. 1981-1996-cı illərdə Sumqayıtda müxtəlif vəzifələrdə çalışıb.

16 il bundan əvvəl Rusiyaya köçüb. Amma Azərbaycan vətəndaşlığını saxlayıb. Bunu sübut etmək üçün onun 23 saylı Nəsimi-Səbayel seçki dairəsinin seçicisi olduğunu aydın etdik. Ən azı 2010-cu ildə keçirilən parlament seçkilərində onun adı seçici siyahısında olub.

Bundan başqa, Posobilovun Bakıda şirkət də təsis etdiyi üzə çıxdı. “Transserv” adlı bu şirkətin Nobel prospekti 10 ünvanında yerləşdiyi məlum oldu. Həmin şirkət müxtəlif növ nəqliyyatda, o cümlədən avia yükdaşımaları ilə məşğul olduğu üzə çıxdı.

“Transserv”in Nobel prospekti 10 ünvanındakı yeri təkcə quru ünvandan ibarətdir. Daha doğrusu, bu ünvanda çürüməkdə olan metal darvaza və həyətində atılmış, köhnə dəmir-dümürdən ibarət bir yerdir. Qonşuluqda isə bir neçə yaşayış evi var. Həmin evlərin sakinləri ilə söhbət zamanı məlum oldu ki, bu həyətdə neçə ildir bir adam belə görməyiblər.

“Transserv”in əldə etdiyimiz telefonlarına zəng vurduq. Nömrələrdən birinin abonenti Ramana qəsəbəsindən cavab verdi. Digər nömrədən isə bildirdilər ki, burda nə belə şirkət var, nə də Rosobilov soyadlı adam tanıyırlar.

Rusiya KİV-nin yazdığına görə, Posobilovun həyat yoldaşı və qızı hələ də Bakıda yaşayır.

Bundan sonra Aleksandr Posobilovun Bakıda Nizami küçəsində qeydiyyatda olduğu mənzilə yollandıq. Qapını orta yaşlı rus qadın açdı. Biz əvvəlcə onun Aleksandr Rosobilovun həyat yoldaşı olduğunu zənn etdik. Amma həmin qadın bu evin ona məxsus olduğu, Aleksandrın isə onun uzaq qohumu olduğunu bildirdi. Təkidlə adını çəkmək istəməyən qadından ancaq onu öyrənə bildik ki, Aleksandr Posobilov illər öncə Rusiyanın Rostov şəhərinə köçüb.

- Qızını orda ərə verib. Oğlunu evləndirib. Onu da deyim ki, Aleksandr hazırda Amerikada yaşayır.

- Bəs Bakıya gəlmir?

- Xəbərim yoxdur.

- Burda nə işlə məşğul olurdu, bilmirsiz ki?

- Uzun illər “Azərkimya”da işləyib. Başqa heç nə deyə bilmərəm. Biz yaxın olmamışıq. Çox uzaq qohumuq. Mən bu evi də ondan yox, onun bir yəhudi qohumundan almışam. Xahiş edirəm, daha narahat etməyəsiz.

Araşdırmalarımız nəticəsində məlum oldu ki, Bakıdan Rostova köçən Posobilov 2001-ci ildə ordan da ABŞ-a köçüb. Texasın ştatının Hyuston şəhərində mənzil alıb və orda məskunlaşıb. Həyat yoldaşı Lyudmila Kustova və oğlu da onunla birgə yaşayır.

Həbs olunanlar arasında Şövkət Abdullayev və Sevinc Tağıyevanın da adı çəkilir. Abdullayev haqda heç bir bilgi əldə edə bilmədik. Sevinc Tağıyevanın isə 1980-ci ildə Bakıda anadan olduğunu müəyyən etdik. Onu da aydınlaşdıra bildik ki, Tağıyeva Bakıda doğulsa da, neçə illərdir ABŞ vətəndaşıdır və o da Hyustonda yaşayır.

Səbuhi MƏMMƏDLİ
# 8009

Oxşar yazılar

Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

3 may 2024 , 17:31
İtkin düşən hamilə qadının meyiti tapıldı

İtkin düşən hamilə qadının meyiti tapıldı

3 may 2024 , 16:47
Bakıda kişi sevgilisinə görə özünə OD VURDU  - VİDEO  - YENİLƏNİB

Bakıda kişi sevgilisinə görə özünə OD VURDU - VİDEO - YENİLƏNİB

3 may 2024 , 16:37
Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ:  1 ölü, 4 yaralı

Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ: 1 ölü, 4 yaralı

3 may 2024 , 16:27
Azərbaycanın güneyində DƏHŞƏTLİ QƏZA:  7 nəfər öldü

Azərbaycanın güneyində DƏHŞƏTLİ QƏZA: 7 nəfər öldü

3 may 2024 , 15:24
Sürücü yol polisinə bıçaq çəkdi

Sürücü yol polisinə bıçaq çəkdi

3 may 2024 , 15:19
Vilayət Eyvazov generalı müşavir  təyin etdi

Vilayət Eyvazov generalı müşavir təyin etdi

3 may 2024 , 14:54
Gömrük İdarəsində ƏMƏLİYYAT

Gömrük İdarəsində ƏMƏLİYYAT

3 may 2024 , 13:51