Mingəçevirdə qaçırılan 17 yaşlı qızın yeri bilindi
03 oktyabr 2012 15:53 (UTC +04:00)

Mingəçevirdə qaçırılan 17 yaşlı qızın yeri bilindi

Oktyabrın 1-də Mingəçevir şəhərində 17 yaşlı qız qaçırılıb. Qızın atası Vilayət Həsənov Lent.az-a açıqlamasında bildirib ki, ailə 3 gündür ki, qaçırılan qızlarından xəbərsizdir: “Oktyabrın 1-də, səhər saat 8 radələrində qızım kollecə dərsə gedirmiş. 10-a yaxın tələbə yoldaşları yanında imiş. Avtobusdan düşən kimi 4 nəfər oğlan qızımın qolundan tutaraq, zorla maşına basıblar. Tələbə yoldaşları nə qədər qışqırıb, qızı oğlanın əlindən almaq istəsələr də bacarmayıblar”.

Atası deyir ki, hadisədən dərhal sonra polisə müraciət etsələr də onlara kömək edən olmayıb: “Dərhal polisə müraciət etdim. Ailəmizdən, qızın tələbə yoldaşlarından izahat aldılar. Bizə dedilər ki, tezliklə qızınızı sizə çatdıracağıq. Deyirlər, oğlanın dayısı Yevlaxda müstəntiqdir. Ona görə də hamısı ehtiyat edir. Mingəçevir polisi deyir ki, qızı Yevlax sakini qaçırdığı üçün onlar axtarmalıdır. Yevlaxdan da bildirirlər ki, hadisə Mingəçevirdə baş verdiyi üçün həmin ərazinin polisi məşğul olmalıdır. İndi gah deyirlər qızın Yevlaxdadır, bir saata təhvil verəcəyik, gah deyirlər axşam gətirəcəyik. Beləcə, 3 gündür biz polis bölməsinin qarşısında gözləyirik”.

Qızı haqqında danışarkən göz yaşlarını saxlaya bilməyən Vilayət Hüseynov deyib ki, 17 yaşlı qızının taleyindən çox narahatdır: “Mən anasından da soruşdum ki, bəlkə qız istəyirmiş oğlanı. O da söylədi ki, belə şey olmayıb. Bir neçə gün bundan öncə həyat yoldaşıma işdə deyiblər ki, qızınızdan filankəslərin xoşu gəlir. Həyat yoldaşım da dərhal etiraz etmişdi. Çünki bildiyimiz qədər onların ailəsi normal şəxslər deyil. Qızım olduqca həssas və tərbiyəli qızdır. Xahiş edirəm, qızımı mənə qaytarmaqda köməklik edin”.

Mingəçevir şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Ələsgər Bədəlov Lent.az-a açıqlamasında bildirib ki, hazırda axtarışlar davam etdirilir: “Artıq onların yerini müəyyənləşdirmişik. Yaxın saatlarında qız ailəsinə təhvil veriləcək”.

Polis rəisi bildirib ki, bəzi şahidlər izahatlarında qızın könüllü qoşulub getdiyini deyiblər: “Qızın özünü görmədiyimiz üçün danışdırmamışıq. Amma bir neçə şahidin dediyinə görə, qız könüllü olaraq qoşulub gedib. Hər şey onları danışdırdıqdan sonra bəlli olacaq”.

Jalə
# 4735

Oxşar yazılar