Pakistanın ən böyük tirajla nəşr olunan qəzetlərindən olan “The Nation”da “İlham Əliyev: Biz müasir dövlət qururuq” adlı məqalə dərc edilib. Bu barədə Lent.az-a Azərbaycanın Pakistandakı Səfirliyindən məlumat verilib.
“90-ci illərin əvvəllərində qaçqın seli, iqtisadiyyatı tənəzzülə uğrayan, əhalisi total ümidsizlik abı-havasında yaşayan Azərbaycanın parlaq gələcəyinə inananlar az idi” sözləri ilə başlayan məqalədə prezident İlham Əliyevin rəhbərliyi altında inamlı addımlarla inkişaf etdiyi bildirilib. Oxucuların nəzərinə çatdırılıb ki, əhalisi 10 milyondan az olan Azərbaycan Qafqazın aparıcı qüvvəyə çevrilib.
Sonra qəzetdə, İlham Əliyevin siyasi karyerası haqqında oxuculara məlumat verilib, onun 1995-ci ildə Milli Məclisin üzvü seçildiyi və Avropa Şurasında ölkəsinin nümayəndə heyətinə başçılıq etdiyi, 2003, 2008 və nəhayət 2013-cü il tarixində keçirilmiş ümumxalq prezident seçkilərində 85 faiz səslə inamlı qələbə çaldığını vurğulayıb.
Məqalədə bildirilib ki, ölkənin neft yataqlarının istismarı istiqamətində “Əsrin müqaviləsi”nə dair danışıqlarda İlham Əliyev aparıcı rol oynayıb, ölkə rəhbərliyinin həyat keçirdiyi müdrik neft strategiyasının icrası xalqın intibahına yol açıb. Bu siyasətin davamı olaraq neft və qazın nəqli marşrutları müəyyən edilib. Görülən işlər nəticəsində ölkə 78 milyard dollar mənfəət əldə etmiş, qazı idxal edən Azərbaycan bu məhsulu ixrac etməyə başlayıb.
Daha sonra qeyd edilib ki, Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ məsələsi hələ də öz həllini tapmaması səbəbindən Azərbaycan öz hərbi qüdrətinin inkişaf etdirilməsinə böyük diqqət ayırır. Məqalədə, prezident İlham Əliyevin Pakistan-Azərbaycan münasibətlərinə böyük önəm verdiyi, həyatın bütün sahələrini əhatə edən ikitərəfli münasibətlərin dinamikası, beynəlxalq və regional forumda qarşılıqlı dəstək haqqında oxuculara bilgilər verilmişdir.