İstanbulda 1 May qarşıdurması
01 may 2013 14:55 (UTC +04:00)

İstanbulda 1 May qarşıdurması

İstanbulun Taksim meydanında 1 May - Zəhmətkeşlərin Həmrəylik Günü ilə bağlı planlaşdırılan icazəsiz aksiya polislə qarşıdurmaya yol açıb.

 

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, aksiyanın qarşısını almaq üçün Taksim meydanı və ətrafına 40 min polis cəmləşdirilib.

 

Meydana çıxan prospekt və küçələr səhər saatlarından avtomobillər üçün qapadılıb. Mətbuat nümayəndələri istisna ilə, meydana piyadaların da daxil olmasına qadağa qoyulub. Ətrafdakı yüksək binaların damlarına da polis dəstələri yerləşdirilib, əraziyə təzyiqli su vuran xüsusi maşınlar gətirilib, havada da polis vertolyotları müşahidə aparır. Bayramı Taksim meydanında keçirmək istəyən qruplar səhər saatlarından müxtəlif yerlərdə toplaşmağa başlayıb. Səhər saat 9:00 radələrində Cümhuriyyət Xalq Partiyasının (CHP) Beşiktaş rayonundakı şöbəsinin qarşısında toplanan, Türkiyə Kommunist Partiyası, Fəhlə Partiyası və “Xalq Evləri”nin üzvlərinin də aralarında olduğu qruplar Taksimə doğru yürüşə başlayıb. Barrikada quran polis qruplara təzyiqli su və bibər qazı ilə müdaxilə edib. Polisin müdaxiləsi ilə dağılan qruplar arxa küçələrdə yenidən bir araya gəlib. Qarşıdurmalar davam edir. CHP sədrinin müavini Gürsel Tekin və CHP Məclis üzvü Ercan Karakaşa da polisin bibər qazından “pay düşüb”. Gürsel Tekin və Ercan Karakaş xəstəxanaya yerləşdiriliblər. Polisin müdaxiləsi zamanı aksiyaçıların atdıqları daşlar 2 jurnalistin də yaralanmasına səbəb olub. “Yeni Şafak” qəzetinin müxbiri Cihat Arpacıq isə polisin atdığı qaz bombasından qaçmaq istəyərkən başı dirəyə dəyib və yaralanıb. Jurnalist xəstəxanaya yerləşdirilib.

 

Səhər saatlarında Taksim meydanında aksiya keçirməkdə qərarlı olan həmkarlar təşkilatlarının binaları da polisin hədəfi olub. DİSK Mərkəzi Qərargahına atılan qaz bombası nəticəsində bir çox insan yaralanıb. Qaz bombalarından biri “Enerji-Sen” sədri Ali Dumanın başına tuş gəlib. Ali Duman yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Taksim meydanı ətrafında qarşıdurmalar davam edir.

# 850
avatar

Oxşar yazılar