“Radio Molla”nın eşşəkləri, raket bazarı, azərbaycanlı gəlinin tükürpədən hekayəti... – AZƏRBAYCANDA İLK
19 fevral 2013 16:21 (UTC +04:00)

“Radio Molla”nın eşşəkləri, raket bazarı, azərbaycanlı gəlinin tükürpədən hekayəti... – AZƏRBAYCANDA İLK

Zaman, 2011-ci ilin dekabrı.

 

Məkan, Bakı şəhəri.

 

İmamverdiyevlər ailəsi qəfil gələn zəngdən az qala diksinirlər. Danışıq çox qısa olur. “Mama, ağlama, inşallah yaxşı olar, mənim üçün dua elə”. Ana zəngdən və gizli nömrədən çaş-baş qalır... 

 


Zaman, 22 yanvar 2013-cü il.

 

Məkan, İslamabad, “Serena” oteli.

 

“Orada keçmiş SSRİ-dən əsasən çeçenlər, dağıstanlılar və özbəklər döyüşür. Azərbaycandan olanlar isə azdır”. Bunu mənə Pakistanın sabiq daxili işlər naziri, senator Şahzad Vasim Xan deyir. Və gülümsəyib ayrılır…

 

***

 

2-ci yazı

 

Bazarında raket satılan şəhər

 

Əslində Miranşah Şimali Vəziristanın paytaxtı deyil, sadəcə inzibati mərkəzidir. 2006-cı ili fevralın 14-də Vəziristan İslam Respublikasını elan edən taliblər və yerli tayfa birlikləri hələ də bu “ölkə”nin dünya birliyi tərəfindən tanınacağına ümidlidirlər.

 

Orada dövlət anlayışı yoxdur. Ərazi şəriət qanunları ilə idarə olunur. Şimali Vəziristan dünyada bəlkə də yeganə ərazidir ki, burda ticarət hansı valyutada desən aparılır. Hətta rus rublu ilə belə. Amma təbii ki, əsas valyutalar dollar, avro, Pakistan rupisi, Əfqanıstan əfqanisi və İran tümənidir. “Orada hələ də orta əsrlərdəki kimi bazar əsas alış-veriş məkanıdır. Miranşahın özündə belə bizim market kimi başa düşdüyümüz ticarət obyekti yoxdur. Kiçik baqqal dükanlarını nəzərə almasaq, hər şey bazarda alınıb-satılır. Nəinki Miranşah, ümumiyyətlə, Vəziristanda aptek yoxdur. İnsanlar türkəçarə ilə müalicə olunur. Hepatitin tüğyan etdiyi bu yerlərdə peyvənd olunmaq və ya hansısa inyeksiya qəti qadağandır. O ki qaldı bayaq dediyim kimi bazarlara, orda nə istəsən tapa bilərsən.  Qovun tumundan tutmuş raketə qədər. Hər şey alınır və satılır. Hətta silah belə rahat əldə etmək mümkündür”.

 

Bu yerdə həmsöhbətimiz maraqlı bir məqama toxunur. Deyir ki, burada hər evdə silah var. Sən kiminsə evində qonaqsansa, - yeri gəlmişkən, buraların əhalisinin çox qonaqpərvər olduğu deyilir - sənin təhlükəsizliyin ev sahibi üçün ən ümdə məsələdir. Qalacağın otaqda sənə rahat çarpayıdan başqa… silahlar da qoyulur. Elə şəkildə gördüyünüz kimi. Bu silahlar isə təbii ki özünü qorumaq üçündür. Vəzirilər fikirləşirlər ki, Allah eləməmiş, qan ədavətində olduqları kimsə onların evinə hücum etsə, elə bir şərait yarana bilər ki, qonağa da sui-qəsd olunar. Ona görə də qonaq otağının bir küncündə ona özünü qorumaq üçün silah da qoyulur.

 

Şimali Vəziristanın belə özəllikləri haqda çox yazmaq olar. Məsələn, yazmaq olar ki, Vəziristanda çoxlu kiçik silah fabrikləri var. Bu fabriklərdə təyyarə və vertolyotdan başqa nə desən, “Kalaşnikov”dan tutmuş, “UZİ”yə qədər hansı silah növünü desən istehsal edə bilirlər. Partlayıcı maddələr hazırlamağı isə burda hələ uşaq yaşlarından bacarırlar. Və bütün bu, necə deyərlər, istehsala isə heç bir nəzarət yoxdur.

 

Elə ərazinin özünə də. Elə güman etməyin ki, oradakı bütün tayfalar özünü vilayətin əmiri adlandıran Mola Ömərin ətrafında birləşiblər. Düzdür, Mola Ömər Vəziristanda önəmli fiqurdur. Amma söhbət ondan gedir ki, oradakı silahlı birləşmələrə tamam başqası nəzarət edir. Onu Qərbdə “Radio Molla” adlandırırlar. Şimali Vəziristandakı bütün silahlı qüvvələr məhz onun rəhbərliyi altındadır.

 

Kimdir bu “Radio Molla”?

 

Əsil adı Fayzulla olan bu şəxs Sufi Məhəmməd deyilən tayfa başçısının oğludur. Ona “Radio Molla” adı təsadüfən verilməyib. Bu məqama qayıdacağıq. Bizə verilən bilgilərə görə, Fayzullanın atası hələ SSRİ Əfqanıstanı işğal edəndə sovetlərə qarşı döyüşüb. Onun cihad, kafirlərə qarşı mübarizə adıyla gəncləri “verbovka” etməkdə inanılmaz istedada malik olduğu bildirilir. Deyilənə görə, məhz onun və davamçılarının sayəsində yüzlərlə əcnəbi kafirlərlə vuruşmaq üçün Vəziristana gəlir. Məhz onun rəhbərliyi altında Təhrik-e Nafas-Şerieti-Mohamadi adlı böyük silahlı birləşmə və bu birləşmənin ətrafında minlərlə döyüşçü var. Elə Vəziristana cihada gələn keçmiş MDB, o cümlədən Azərbaycan vətəndaşları da bu hərbi qruplaşmanın tərkibində döyüşürlər. Bu qruplaşma Vəziristanın 70-dən çox yaşayış məntəqəsinə tam nəzarət edir. Sufi Məhəmməd və Fayzullanın adamları hökmran olduqları ərazilərdə öz şəriət məhkəmələrini və qaydalarını qoyublar. O ki qaldı “Radio Molla” adına, bunu ona radiostansiya sahəsində fitri istedadına görə veriblər. “Radio Molla”nın nəzarətində onlarla FM radioları var. Deyilənə görə, yüksək dağlıq ərazilərdə öz verilişlərini ötürmək üçün o, radio ötürücüləri hətta eşşəklərin belinə belə bağlayıb təbliğatını apar bilir. Hə, məhz təbliğatını. Onun radiolarının dalğaları nəinki ətraf regionlara, Tacikistana, Özbəkistana qədər gedib çıxır. Atasının və özünün şəriət qanunlarının vacibliyi barədə moizələri məhz bu radiolar vasitəsi ilə yayılır.

“Radio Molla”nın çox qəddar birisi olduğu da deyilir. Onun hərbi birləşməsindən, onun iradəsindən kənara çıxmaq sadəcə mümkün deyil. Deyilənə görə, bu hərbi birləşmələri tərk etmək istəyənlər dərhal güllələnir. Adını da qoyurlar ABŞ casusu…

 

Adı çəkilən hərbi qruplaşmadakı əcnəbilərin öz camaatlıqları var. Və bu camaatlığa da Fayzullanın güvəndiyi şəxslər rəhbərlik edir.

 

Əvvəl Quran, sonra buşido

 

Məlumatlara görə, Vəziristanda 150-dən çox azərbaycanlı var. Əslində bu onların hamısının əldə silah döyüşməsi anlamına gəlmir. Əvvəla, onların bir çoxu ailələri ilə birgədir. Çoxu orada yaşayarkən övlad yiyəsi belə olub. İkincisi, döyüşə də hər adam aparılmır. Ən hazırlıqlıları seçilir.

 

Bizə Vəziristanda təlim düşərgələrindəki hazırlıq barədə də ilginc məlumat verdilər. Sən demə, bu düşərgələrdə “qalx” əmri səhər beşin yarısında verilir. Sübh namazından sonra Quran dərsləri başlayır və bu proses saat 9-a kimi davam edir. Səhər 9-da yoxlama başlayır. Adbaad – daha dəqiqi ləqəblərlə, cihada qərar verən şəxs öz adını unutmalıdır, ona ləqəb verilir - hamı yoxlandıqdan sonra səhər yeməyi verilir. Səhər yeməyindən sonra dərslər davam edir. Ta nahara qədər. Nahardan sonra günün ən gərgin hissəsi başlayır. 30 dəqiqəlik istirahətdən sonra əvvəlcə əlbəyaxa döyüş növləri məşq etdirilir. Orda əsasən buşido adlı döyüş idman növü öyrədilir. Buşido cüdo, karate, kikboksinq və sambonun qarışığından ibarət döyüş idman növüdür. Bu idman növündə öldürücü zərbələrin insan bədəninin hansı hissəsinə, hara vurulduğu dəqiqliklə öyrədilir. Bu tip məşqlər iki saata yaxın davam edir. Axşama yaxın isə güllə atıcılığı, taktiki hazırlıq və digər təlimlər keçirilir.

 

Məhz bu vərdişləri tam və mükəmməl öyrədəndən sonra döyüşə aparılır. Hər bir döyüş, sonuncu ola bilər. Həmin döyüşdə həlak olmuş azərbaycanlını, ya da elə çeçeni, özbəki elə oradaca dəfn edirlər. Yaxınları isə bundan ancaq təsadüf nəticəsində xəbər tuta bilir. Elə İmamverdiyevlər ailəsi xəbər tutan kimi. Onlara da Xəqaninin ölüm xəbəri qəfil gəlib. Heç zəng edənin kim olduğunu belə bilmirlər. Amma zəng edən təbii ki, Xəqani ilə birgə ora getmiş həmvətənimiz olub.

 

“Oğlum zəng edəndə dedi ki, burda 200-dən çox azərbaycanlı var, hələ ardı da gəlir. Ora Bakı Dövlət Universitetində təhsil alan bir qız da gedib”. Bunu da Xəqani deyibmiş. Anasına etdiyi telefon zənglərinin birində.

 

Yandırılmış pasportlar

 

Səfərdən qayıdandan sonra Pakistana vuruşmağa getmiş azərbaycanlılarla bağlı kiçik bir araşdırma apardım. Məhkəmə proseslərini öyrəndim. Məhkəmələrdən birinin materiallarında maraqlı və Pakistanda bənzərini eşitdiyim bir epizodla qarşılaşdım. “Musa” ləqəbli Rəşad İsmayılov. Onun məhkəməsi də olub. İş də alıb. Rəşad, həyat yoldaşı Şəkurə Lazımovanı və azyaşlı qızını da götürüb gedibmiş Vəziristana. Sitat: "Bizi İranda Pakistana adam göndərilməsi ilə məşğul olan bir nəfər bələdçi qarşıladı və təxminən bir ay həmin bələdçinin evində qaldıqdan sonra evdə olan digər şəxslərlə birlikdə maşınla Pakistana yola düşdük. Pakistanın Vəziristan vilayətinin Miranşah şəhərinə gəldikdə bizi bir nəfər azərbaycanlı qarşıladı və balaca komalardan ibarət həyət evinə gətirdi. Burada məlum oldu ki, Miranşah şəhərində Azərbaycandan gəlmiş şəxslərdən ibarət "camaat" fəaliyyət göstərir. Onlara azərbaycanlı Abuhəmzə başçılıq edir. Təxminən bir ay sonra başqa bir həyət evinə köçdüm. Həmin həyət evində Azərbaycandan gəlmiş ləqəblər “İsa” və “Abuaişə” olan Vüqar, Eldəniz adlı şəxslər də ailələri ilə birlikdə qalırdı".
 

Rəşad qanunsuz silahlı birləşmənin yazılmamış qanunlarına riayət edərək, öz-özlüyündə bir daha Azərbaycana qayıtmayacağına və "cihadda" iştirak edəcəyinə qərar verib. O, özünün və həyat yoldaşının adlarına olan Azərbaycan pasportlarını yandırıb...

 

Yox, bu məqamla razılaşmaq mümkün deyil. Çünki pasportunu yandırmayıb, yandırıblar. Geri qayıtmağa imkan verməmək üçün. Oranın qaydaları belədir, oradan təsadüf hallarda geri qayıtmaq olur. Çünki Abuhəmzə və Rəhim adlı iki nəfər icma rəhbərlərinin gözündən quş da yayına bilməz. Qaçsan belə, bu, sadəcə, Allahın möcüzəsidir.

 

Biz həmin Rəhimin kimliyinə, oradan necə və hansı yollarla baş götürüb getməyin mümkünlüyünə də aydınlıq gətirəcəyik.

 

***

 

Amma hələlik sizə bir möcüzə barədə danışacağıq. Trilleri xatırladan kiçik bir hekayət….

 

Onun əri cihadda öldürülmüşdü. Əri öləndən sonra körpə qızı ilə kampların birində yaşayırdı. Günlərin bir günü ona ərə getmək təklif edilir. Hətta nəinki təklif edilir, ona bunun dində, şəriətdə vacib əməl olduğunu başa salırlar. Amma qəti şəkildə rədd cavabı verir. Onu xəbərdarlıq edirlər ki, zorla da olsa ərinin cihad qardaşlarının birinə ərə veriləcək. Hətta fikirləşmək üçün müəyyən vaxt da qoyurlar. Gələcək ərin kim olacağı isə  bu məsələlərdə əhəmiyyətli rol oynamır. Qadına başa salırlar ki, gələcək ərini, onun ərəb, puştun və ya özbək olacağını o müəyyən etmir. Kim onu bəyənsə, onu özünün hərəmi edəcək. Və ən dəhşətlisi də odur ki, bir dəfəyə, bir günlüyə, bir aylığa belə evlənə bilərlər. Ona görə də müqavimət göstərmək lazım deyil.

 

…Ona yerli kəndlilərdən biri kömək edir. Vəziristanla sərhəd Bannu şəhərinə ət-süd aparan həmin kəndli ana və balanı maşında, malın altında gizlədir. Az qala boğulmaq həddinə çatan ana və bala birtəhər Vəziristanı Pakistanla ayıran kəndlərin birinə gəlib çıxırlar. Burda o yana isə piyada getməli olurlar. Hər yoldan keçən maşında Fayzullanın, Rəhimin, Abuhəmzənin adamlarının olduğunu düşünən və bəlkə də min dəfə ölüb-dirilən qadın körpəsi ilə Bannuya yetişə bilir. Nə ingilis, nə də puştu dilində danışa bilməyən qadın iki gün Bannuda dilənçilik edir. Körpəni ac qoymamaq üçün əl açır, çörək, düyü qırıntıları ilə iki günü yola verir. Kiçik bir təsadüf onu Peşəvərə gətirib çıxarır. Pakistanın ən böyük şəhərlərindən olan Peşəvərdə isə o, polisin diqqətini cəlb edir, azərbaycanlı olduğu məlum olur… Sonra isə…

 

Sonrası məlumdur. Həmin qadın indi vətəndədir. Və yəqin ki baş verənləri acı bir yuxu kimi xatırlayır… 

 

Bəs hələ də orda qalanlar?

 

Onları hansı aqibət gözləyir?

 

“Cihad”a getmiş azərbaycanlılar qan çanağından necə qaçıb qurtuldular?...

 

Davamını Lent.az-da gözləyin...

 

Səbuhi Məmmədli,

Pakistan

# 7368
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar