“ABŞ İranla İraqdakı vəziyyəti müzakirə etməyə hazırdır, ancaq bu ölkə ərazisində hərbi fəaliyyəti əlaqələndirmək niyyətində deyil”.
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, ABŞ Müdafiə Nazirliyinin təmsilçisi kontr –admiral Con Kirbi bu haqda jurnalistlərə açıqlamasında bildirib.
O, qeyd edib ki, İranın nüvə problemi ilə bağlı “altılıq”ın Vyanadakı görüşündə İraq məsələsi də gündəlikdə ola bilər.
Avstriya paytaxtında ABŞ dövlət katibinin birinci müavini Uilyam Berns və siyasi məsələlər üzrə müavini Uendi Şermanla İranın xarici işlər naziri Məhəmmədcavad Zərif görüşəcək.
Kirbi xatırladıb ki, əvvəllərdə ölkəsi Tehran təmsilçiləri ilə “regional təhlükəsizlik məsələlərini müzakirə” edib: “Bu yaxınlarda Əfqanıstan üzrə məsələləri müzakirə etmişik. Ancaq qəti olaraq, İranla hərbi fəaliyyətimizi əlaqələndirmək niyyətində deyilik”.
Xatırladaq ki, iyunun 16-da ABŞ-ın dövlət katibi Con Kerri İraqda İranla hərbi yöndə əməkdaşlıq edəcəklərini istisna etməmişdi.