“Ok-Base946” ləqəbli internet istifadəçisi milyoner ailəsində yaşamağın necə olduğunu danışıb. Zəngin həyatın çətinliklərini o, sosial şəbəkə hesabında bölüşüb.
Lent.az xarici mediaya istinadla bildirir ki, müəllifin sözlərinə görə, onun babası 1960-cı illərdə öz şirkətini qurub və 30 il sonra həmin şirkət milyard dollarlıq dövriyyəyə çatıb.
“Mənim təxminən 25 yaşım var. Ailə şirkətində çalışmıram və hazırda biznes məktəbinə qəbul olunmağa hazırlaşıram. Bununla belə, mənim biznesim tamam başqa bir sahəyə yönələcək. Amma istənilən vaxt təxminən 30 milyon dollara çıxış imkanım var və mümkün irsimin dəyəri 150 milyon dollara çata bilər”, – deyə o yazıb.
İstifadəçi etiraf edib ki, onun həyatında ən çətin şey — az tanıdığı insanların ona qarşı əvvəlcədən mənfi münasibət göstərməsidir. Bu insanlar onu var-dövlətinə görə sevmirlər. Bununla yanaşı, milyonçunun nəvəsi deyib ki, heç vaxt sadə insanların yaşadığı kimi – “maaşdan maaşa” prinsipi ilə yaşamağa çalışmayıb. Çünki bu halda onun sərvəti olduğu yerdə qalardı və o, kasıb insanların yaşadığı “qorxunu” tam olaraq hiss edə bilməzdi.
Gənc bildirib ki, o, dəbdəbəyə can atmır və buna görə də adi bir “Honda Accord” avtomobili sürür. Çünki bu maşın onu A nöqtəsindən B nöqtəsinə çatdırmaq funksiyasını mükəmməl yerinə yetirir. Onun sözlərinə görə, israfçılığın ən böyük əlaməti sevdiyi restoranlarda verdiyi böyük ziyafətlərdir. Onu sevindirən şeylər arasında isə gözəl konsertlər, dostlarla görüşlər və sevdiyi idman komandasının qələbələri var. O, xüsusi olaraq vurğulayıb ki, onun fikrincə, pul insanı təkbaşına xoşbəxt edə bilməz.
“Mən 300 milyon dollardan çox sərvəti olan birini tanıyıram. Onun şəxsi təyyarəsi və bir neçə evi var. Amma bir neçə il əvvəl oğlu vəfat etdi və bu hadisə onun ailə həyatını dağıtdı. O vaxtdan bəri o, sanki bir kölgəyə çevrilib. Qorxuram ki, dünyanın heç bir pulu onun problemlərini həll edə bilməz”, – deyə milyonçunun nəvəsi sözlərini tamamlayıb.