Dünyanın  ən bahalı   universitetləri: Bill Qeyts, Barak Obama..
03 iyun 2022 17:58 (UTC +04:00)

Dünyanın ən bahalı universitetləri: Bill Qeyts, Barak Obama..

Dünyanın ən yaxşı və bahalı universitetlərinin müəyyənləşdirilməsi ilə bir çox agentliklər, şirkətlər məşğul olur. Bu universitetlərin dünya və ölkə üzrə reytinqlərinin təyin olunması isə bəzi kriteriyalara görə aparılır. Buna görə də bu reytinqlərin reallığı şübhə yarada bilər. 

Bəs, məzunları arasında dünyanın ən varlı insanlarının da olduğu nüfuzlu universitetlərdə təhsil almaq neçəyə başa gəlir?

Lent.az xarici mətbuata istinadən dünyanın ən bahalı universitetlərin yerləşdiyi 5 ölkəni və universitetləri təqdim edir: 

Amerika

Siyahının birinci yerində Amerikadır. Demək olar ki, dünyanın ən bahalı universitetləri ABŞ-dadır. Ölkənin universitetləri beynəlxalq reytinqlərdə ilk sıradadır. Buna görə də burada təhsil almaq sərvət tələb edir. Burada oxuyanlar varlı ailələrin uşaqları, ya da öz zəhmətləri ilə milyardlar qazanan cəmiyyətin “qaymaqları”dır.  

Təhsilin illik orta qiyməti təxminən 25 min, tələbələrin minimum yaşayış xərcləri isə ildə 12 min dollardır. Amerikada özəl universitetlərdə alınan təhsil dövlət universitetlərindən qat-qat keyfiyyətlidir. 

Burada ən nüfuzlu özəl universitetlər Harvard, Yale, Prinston, Kolumbiya və digərləridir. Harvard Universitetində bakalavr təhsili təxminən 200 min dollara başa gəlir. Bu məbləğə yaşayış, yemək və gündəlik əlavə xərclər daxil deyil. 

Harvad Universitetinin tanınmış məzunları arasında “Facebook”un qurucusu Mark Zukerberq, Amerikanın 35-ci prezidenti Con Kennedi, “Microsoft” şirkətinin sahibi Bill Qeyts və ABŞ-ın 44-cü prezidenti Barak Obama var. 

Harvard Universiteti

Avstraliya

Universitetlərə çox pul xərcləmək istəmirsinizsə, o zaman Avstraliya sizin üçün deyil. Çünki burada təhsilin illik orta qiyməti 24 min dollardır. Yaşayış, yemək və digər xərclər üçün tələbələr ildə təxminən 18 min dollar ödəməlidir.

Siyahının ikinci yerində olan Avstraliyanın ən prestijli universitetləri bunlardır: Melburn, Sidney (USYD/Sydney Uni), Avstraliya (ANU) və Kvinslenddur (UQ). 

Sidney Universiteti

İngiltərə 

İngiltərənin ən məşhur universitetləri Oksford və Kembricdir. Buradan da məzun olanlar arasında tanınmışlar var. Bunlar arasında Britaniyanın keçmiş baş naziri Marqaret Tetçer, fizik-nəzəriyyəçi Stiven Hokinq, şair Oskar Uayld, alimlər İsaak Nyuton və Çarlz Darvin də yer alır.

Ekpertlərin fikrincə, bu ölkədə yaxşı təhsil verən uiversitetlər əsasən köhnə təhsil müəssisələridir. 

Böyük Britaniyada təhsilin illik orta qiyməti təxminən 22 min dollar və minimum yaşayış xərcləri 14 min dollardır. 

Onu da qeyd edək ki, bu il müharibə ilə əlaqəli Ukraynanı tərk etmək məcburiyyətində qalan 20 magistr tələbəsi Oksfordda təhsil almaq şansı əldə edəcək. 

Oksford Universiteti 

Sinqapur 

Sinqapurda yerləşən universitetlərdə bakalavr təhsili almaq kirayə, yemək və digər əlavə xərclərdən daha az vəsait tələb edir. Burada bir illik təhsilin dəyəri təxminən 19 min dollar, yaşayış xərcləri isə 20 min dollardır.  

Məşhur Sinqapur Milli Universiteti, Nanyang Texnologiya Universiteti, Sinqapur İdarəetmə Universiteti, Sinqapur Texnologiya Universiteti kimi yerli təhsil ocaqlarında oxumaq bir çox tələbənin arzusudur. 

Sinqapur Milli Universiteti 

Kanada

Digərləri ilə müqayisədə daha münasib qiymətə təhsil verən universitetlər Kanadada yerləşir. Burada təhsilin illik orta qiyməti 17 min dollardır. Əcnəbi bir tələbənin yaşayış xərcləri üçün isə 12 min dollar lazımdır. Kanadanı digər ölkələrdən fərqləndirən bir xüsusiyyəti isə əcnəbi tələbələr üçün daha asan viza imkanları təqdim etməsidir. Hətta bakalavr və magistr tələbələri rahatlıqla vətəndaşlıq da ala bilərlər. 

Kanadada təxminən 28 beynəlxalq tanınmış universitet var (QS World Rankings 2022) və bu universitetlər üstün tədris və tədqiqat imkanları nəticəsində populyarlıq qazanır. Toronto Universiteti, British Kolumbia Universiteti, McGill Universiteti, Kraliça Universiteti dünya üzrə ən reytinqli universitetləri arasındadır. 

Toronto Universiteti

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3288
avatar

Sevinc Fərid

Oxşar yazılar