Meksikada dayə yeni doğulmuş uşağı qaçırıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, cinayət yanvarın 25-də Paçuka şəhərində törədilib. Nelli Ceynt Ramirez üç gün əvvəl doğulan uşağa qulluq edib. Məkrli dayə uşağın anasını və nənəsini çay içməyə çağırıb, çaya isə əvvəlcədən yuxu dərmanı əlavə edib. Ana ilə qızı yuxuya gedəndə dayə körpə oğlanı, üç mobil telefonu və pulu bir anda götürərək, evdən çıxıb.
Ana və nənə Ramirezin səhər qoyub getdiyi qeydi tapıblar. Qadın orada cinayət təşkilatının üzvü olduğunu yazaraq, ailəyə onu və uşağı axtarmağı qadağan edib. Ailə dərhal polisə üz tutub.
Polis tezliklə oğlanın yeri ilə bağlı məlumat alıb. Lakin hüquq-mühafizə orqanları gələnə qədər Ramirez qaçıb. O, uşağı küçədə tərk edib. Çantada yatan uşaq yanvarın 27-də tapılaraq sağ-salamat valideynlərinə qaytarılıb.
Hüquq-mühafizə orqanları əməkdaşlarının fikrincə, Ramirez cinayəti polisdə işləyən ortağının köməyi ilə törədib. Dayə və onun köməkçisi axtarılır.