Belçikanın baş nazirinə zəhərli strixnin olduğu məktub göndərilib. “The Guardian” yazır ki, baş naziri Alexander De Krunun köməkçisi məktubu açandan sonra xəstəxanaya yerləşdirilib.
Lent.az xarici mediaya istinadla bildirir ki, Brüssel prokurorları çərşənbə günü keçən ilin noyabrında De Krunun ofisi də daxil olmaqla hökumət binalarına göndərilən maddənin mahiyyətini açıqlayıblar.
Məktublar noyabrın 22-də, daxili işlər naziri Annelies Verlindenin kabinetində və dövlət təhlükəsizlik xidmətinin qərargahında oxşar bağlamaların tapılmasından iki gün sonra aşkar edilib. Bu tapıntılardan sonra daha bir nəfər ehtiyat tədbiri olaraq qorunmaya alınıb.
Strixnin, qoxusuz ağ toz, siçovul zəhəri kimi istifadə olunur. İnsanlarda əzələ spazmlarına, ürək dayanmasına, orqan çatışmazlığına və ölümə səbəb ola bilər.