Ürəyini dinləyən dövlət katibinin bitməyən arzuları - HEKAYƏT
14 fevral 2011 18:12 (UTC +04:00)

Ürəyini dinləyən dövlət katibinin bitməyən arzuları - HEKAYƏT

O, ABŞ-ın 3-cü xanım, ümumilikdə 67-ci dövlət katibidir.

O, hazırda Barak Obama Administrasiyasının ən fəal və populyar üzvlərindəndir.

O, 2001-ci ildən 2009-cu ilədək Nyu-Yorkun Senatoru olub. 1993-cü ildən 2001-ci ilədək ABŞ-ın Birinci Xanımı olub. 2008-ci il prezident seçkilərində ən populyar prezidentliyə namizədlərdən biri olub. Onun ömrü bir sıra “İLK”lərə səhnə olub! Bu, Hillari Dayen Rodhemdən – Hillari Klintondan başqası deyil! (Hillary Diane Rodham Clinton)

O, 1995-ci ildən 2000-ci ilə kimi – Birinci Xanım olduğu dövrlərdə qəzetdə həftəlik məqalə çap etdirirdi. Bu, onun səyahətləri zamanı tanış olduğu qadınlar, uşaqlar və ailələr; bir sözlə, təcrübələri barədə idi.

1996-cı ildə Klinton “Uşaqların bizə verdiyi dərslər” adlı kitabında Amerika uşaqları üçün yeni bir baxış ortaya çıxardı. Kitab “Nyu York Tayms” qəzetinin bestseller siyahısına daxil oldu, nəşrin audio variantı isə 1997-ci ildə Qremmi ödülünə layiq görüldü.

“Əziz corablar, əziz dost: Birinci ev sevimlilərinə uşaqların məktubu” (1998) və “Ağ Evə dəvət: Tarixlə bir evdə” (2000) kitabları onun Birinci Xanım olduğu dövrlərdə çap olundu. 2001-ci ildə o, “Biatrisin keçisi” uşaq kitabına giriş sözü də yazdı.

2003-cü ildə Klinton 562 səhifəlik “Yaşanan tarix” adlı “özkeçmiş”ini nəşr etdirdi. Yüksək satışlar əldə olunacağını gözləyərək “Simon və Şuster” nəşriyyatı əvvəlcədən Klintona rekord sayıla biləcək miqdarda qonorar (8 milyon ABŞ dolları) ödədi. İşıq üzü gördüyü ilk ayda kitabın rekord sayıla biləcək – 1 milyon (!) nüsxəsi satıldı və üstəlik, 12 başqa dilə çevrildi. Kitab (audio versiyası ilə birgə) Qremmi ödülünə layiq görüldü.

Hillari Klintonun fikir və mülahizələri ilə bərabər, onun haqqında düşüncələr mediada tez-tez geniş (və belə deyək, spektral şəkildə) yayınlanmışdır.

Xanım Klinton haqqında 50-dən çox kitab və elmi məqalə yazılıb. 2006-cı il sorğularına əsasən bəzi mühafizəkar nəşrlər onun əleyhinə “Madam Hillari – Ağ Evə gedən qaranlıq yol”, “Onu dayandırmaq olar?”, “Hillari Klinton ABŞ-ın növbəti prezidenti olacaq, əgər...” kimi cəlbedici ad daşıyan kitabları çap etdirdilərsə də, onlar Hillari və Bill Klintonların memuarları qədər populyarlıq qazanmadı...

Prezidentliyə namizədliyinin ilk aylarında “Taym” dərgisi üz qabığında Hillari Klintonun böyük şəklini və hər iki tərəfində “Onu sevirəm” və “Ondan zəhləm gedir” yazılarını çap etdi (!?).

“Newsweek” məcmuəsinin redaktoru Con Miçem, xanım Klinton və Amerika ictimaiyyəti arasında münasibətləri təhlil edərkən deyirdi: “Hillari Rodham Klintonun on illərlə gündəmdə olmasına baxmayaraq, o ən çox tanınan və eyni zamanda Amerika siyasətində ən az başa düşülən simalardan biridir.”

Dövlət katibi olduqdan sonra xanım Klintonun imici Amerika ictimaiyyəti arasında daha da yüksəldi və o, dünyanın hörmət edilən ünlü simalarından birinə çevrildi. (O, daima yüksək reytinqə malik olub. 2010-cu ildə Klinton Amerikanlar tərəfindən ən çox pərəstiş edilən şəxs hesab olundu.)

Xanım Klinton karyerası boyu, səhiyyə, qadın və uşaqlarla iş sahəsində göstərdiyi xidmətlərə görə ABŞ-ın və bir sıra nüfuzlu beynəlxalq təşkilatın ödüllərinə layiq görülüb.

Arkanzasın Birinci xanımı ABŞ-ın Birinci xanımı oldu

Əziz oxucu, gəl, indi də bir qədər geriyə – XXI yüzilliyin birinci onilliyindən XX yüzilliyin 60-cı illərinə, Vaşinqtondan Arkanzasa qayıdaq.

Hillari Klinton ilk dəfə diqqəti 1969-cu ildə, Uellesli Kollecində məzuniyyət törənində söylədiyi nitq ilə cəlb etdi. 1973-cü ildə Yeil (Yale Law School) Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra hüquqşünas karyerasına başladı.

1974-cü ildə Arkanzas ştatına köçmüş Hillari Dayen Rodhem, 1975-ci ildə Bill Klintonla evləndi. 1977-ci ildə Arkanzas Qadın və Uşaqlar üçün Vəkillər Təşkilatının həmtəsisçisi və 1978-ci ildə Hüquqi Xidmətlər Korporasiyasının ilk qadın sədri oldu.

1979-cu ildə Rose Hüquq Firmasında tərəfdaş kimi xidmət göstərərək, iki dəfə Amerikanın 100 ən nüfuzlu hüquqşünası siyahısında yer aldı! Qeyd edək ki, o, bu firmanın tərəfdaşları arasında da ilk qadın idi!

Həyat yoldaşı Bill Klintonun Arkanzasın qubernatoru olduğu 1979–81-ci və 1983–92-ci illərdə Arkanzasın birinci xanımı kimi o, ştatın təhsil sistemində bir sıra uğurlu islahatlar aparılmasına nail oldu və Val Mart (Wal-Mart) mağazalar şəbəkəsinin, digər bir sıra korporasiyaların idarə heyətinin üzvü olmuşdur.

O, 1993–2001-ci illərdə, prezident Bill Klintonun həyat yoldaşı kimi ABŞ-ın birinci xanımı fəxri “titul”unu daşıdı. Xanım Klinton Nyu York ştatına köçdükdən sonra (2000-ci ildə) senator seçildi (bu seçkili orqanda üzvlüyü 2009-cu ilədək davam etdi). Bu, Amerika tarixində Birinci xanımın dövlət orqanına seçilməsi baxımından bir ilk idi!

O, həm də ştatı təmsil edən ilk qadın senator idi! Senatda çalışdığı ilk illərdə o, Buş Administrasiyasını, İraqda müharibəyə başlamaq haqqında Qətnamə də daxil olmaqla bir sıra önəmli (siyasi) məsələlərdə dəstəkləyirdi. Lakin vaxt keçdikcə administrasiyanın İraqda apardığı siyasətə (və ən çox da ölkədaxili məsələlərlə bağlı yürütdüyü siyasətə) qarşı çıxdı.

2006-cı ildə Senator Klinton böyük səs çoxluğu ilə yenidən Senator seçildi.

***

1994-cü ildə onun Birləşmiş Ştatların Birinci Xanımı kimi başlıca təşəbbüsü olan Səhiyyə planı ABŞ Konqresi tərəfindən qəbul edilmədi. Lakin 1997-ci və 1999-cu illərdə xanım Klinton Uşaqların Səhiyyə Sığortası Dövlət Proqramının, Övladlığa Götürmə və Sağlam Ailə, habelə Himayədarlıqdan Azadolma Aktının yaradılmasında böyük rol oynadı!

Birinci Xanım olduğu illərdə o, Amerika ictimaiyyətində özünəməxsus canlanma yaratmağa və ictimaiyyətin mənəvi dəstəyini qazanmağa nail oldu. 1996-cı ildə Ağ Evdə baş vermiş əmək mübahisəsi ilə bağlı federal məhkəmə qarşısında ifadə verən Hillari Klinton, bununla da məhkəmə qarşısında ifadə verən ilk Birinci Xanım oldu (lakin həyat yoldaşının hakimiyyəti dövründə bu və ya bir sıra digər məhkəmə araşdırmaları zamanı ona qarşı heç vaxt ittiham irəli sürülmədi)...

2008-ci ildə prezident seçkiləri zamanı Hillari Klinton cüzi fərqlə Senator Barak Obamaya uduzdu.

Onu da vurğulayaq ki, xanım Klinton, Prezident kabinetində Dövlət Katibi kimi xidmət göstərən ilk (keçmiş) Birinci Xanımdır. Necə deyərlər, ad bəlli, yer bəlli, nəticə bəlli: yenə o, yenə ilk, yenə uğur!

Ata evinin birinci övladı

Hillari Dayen Rodhem 1947-ci ilin oktyabrın 26-da İllinoyis ştatında, Çikaqoda doğulub. O, öncə Çikaqoda, üç yaşından isə Park Ridge-də böyüyüb. Uels və ingilis mühacirlərin uşağı olan atası Hyu Rodhem tekstil sahəsində kiçik biznes sahibi olub. İngilis, şotland, fransız, Kanada və Uels əsilli (bir sözlə, beynəlmiləl ruhlu!) anası Doroti Emma Rodhem isə evdar qadın idi. Onun Hyu və Toni adlı, yaşca ondan kiçik iki qardaşı var.

Hillari Park Ridge məktəbində müəllimlərinin sevimlisi idi. Özü də o, bu sevgi-sayğını yalnız yaxşı oxumaqla deyil, həmçinin üzgüçülük, beysbol və digər idman növləri ilə məşğul olmaqla, habelə ictimai işlərdə çalışqanlığı ilə qazanmışdı. O, hələ məktəbdə oxuyarkən bir sıra mükafatlar qazanmağa başlamışdı. Hillari orta məktəbdə oxuyarkən Məktəb Şagird Şurasının üzvü idi və Milli Şərəf Cəmiyyətinə seçilmişdi. Təsadüfi deyildi ki, o, məktəbi “fərqlənmə” ilə bitirmişdi (1965-ci il).

Onun anası qızının azad peşəkar karyera sahibi olmasını istəsə də, atası qızının imkanlarının gender baxımından məhdudlaşmamasını istəyir, xanımının istəyinə ehtiyatla yanaşırdı.

Siyasi cəhətdən mühafizəkar ailədə böyüyən Hillari 1960-ci il seçkiləri zamanı (hələ 13 yaşında olarkən), Güney Çikaqodakı təbliğ-təşviq işinə maraq göstərdi, toplantılara yaxından kömək etdi və elə burada da Respublikaçı Niksona qarşı seçki fırıldağının şahidi oldu... Bu fırıldaq, bu şahidlik yeniyetmə qız olaraq ona mənəvi təsir göstərsə də, “hər ziyanda bir xeyir var” həqiqətindən çıxış edərək deyək ki, bu hal onun mətinləşməsində, gözünün açılmasında rol oynadı. Sonralar o, 1964-cü il seçkilərində Respublikaçı namizəd Berri Qoldvaterin seçki kampaniyasında könüllü kimi çalışdı – artıq 17 yaşı vardı, müəyyən təcrübəsi və müəyyən yetkinliyi də öz yerində...

Hillarinin siyasi baxışlarının formalaşmasında ona, Qoldvaterin “Mühafizəkarın Vicdanı” adlı klassik əsərini təqdim etmiş tarix müəlliminin və sonralar 1962-ci ildə Martin Lüter Kinqlə tanışlığına səbəb olmuş Metodist Kilsəsinin gənclərlə işə məsul keşişinin böyük təsiri olmuşdur.

...O mehriban, o əziz tələbəlik illəri

Artıq yuxarıda da vurğuladığımız kimi, Hillari Dayen Rodhem 1965-ci ildə Uellesli Kollecində siyasi elmlər üzrə təhsil almağa başladı. Birinci kursda oxuyarkən o, Kollecin Gənc Respublikaçılar Təşkilatının prezidenti olub. O, hələ orta məktəb illərindən mənimsədiyi “seçki təcrübəsi”ni Con Lindsey və Edvard Brukun seçki kampaniyalarına yaxından köməklik göstərməklə yenidən şəkilləndirib, sərgilədi. Ancaq sonralar Amerika Vətəndaş Hüquqları Hərəkatı və Vyetnam müharibəsi ilə əlaqədar olaraq bu vəzifədən uzaqlaşan Hillari, Kilsə Keşişinə məktubunda özünü “beyində mühafizəkar, qəlbdə liberal” adlandırırdı.

1960-cı illərdə siyasi sistemə qarşı hökm sürən radikal cərəyanın əksinə olaraq, o, bu sistemdə dəyişiklik etmək yolları arayırdı. Üçüncü kursda oxuyarkən o, demokratlardan olan Yugin Makkartinin müharibə əleyhinə seçki kampaniyasını dəstəkləyirdi. Martin Lüter Kinqin qətlə yetirməsinə etiraz əlaməti olaraq o, kollecin bütün qaradərili tələbə və professor heyətini toplayaraq, iki günlük tətil keçirdi. (...Və bir ağ dərili gözəlin qaradərililərə, demokratik dəyərlərə bu şəkildə yaxınlaşması onun haqqında xoşməramlı düşüncələrə də səbəb oldu: Tələbə yoldaşları bir gün onun Amerikanın ilk qadın prezidenti ola biləcəyini düşünürdülər...)

...O, 1968-ci ildə Mayamidə respublikaçıların Milli Qurultayında iştirak etdi, ancaq Niksonun seçki kampaniyasında üstüörtülü irqçiliyin olduğunu hiss edərək, Respublikaçılar Partiyasını tərk etdi – həm də həmişəlik!

Fakültə yoldaşlarının təkidi ilə o, Kollec tarixində ilk dəfə olaraq “müraciət nitqi” ilə çıxış etdi. Yeddi dəqiqə davam edən çıxış sürəkli alqışlarla qarşılandı. Alqışlar öz yerində, lakin çıxışında, ondan öncə çıxış etmiş Senator Edvard Bruku tənqid etməsi “Life” jurnalında öz əksini geniş şəkildə tapdı.... İllinois və Nyu England qəzetləri də onun haqqında yazdı və İrv Kupcinetin televiziya tok-şousunda çıxış etdi.

Həmin yay o, yolunu Alyaskadan salaraq Maunt Makkinli Milli Parkında – ümidvaram, təəccübünüzü kontrol edərsiniz – qab yudu və Valdezdə balıq emalı vətəgəsində qızıl balıq təmizlədi...

1969-cu ildə Hillari, siyasi elmlər fakültəsini humanitar elmlər üzrə bakalavr dərəcəsi ilə bitirdi.

O, Kolleci bitirdikdən sonra Yeil Universitetinə daxil oldu. Universitetdə oxuduğu dövrlərdə o, Yeil Hüquq və Sosial Fəaliyyət İcmalında redaksiya heyətində işlədi. İkinci kursda oxuduğu zaman universitetin Uşaq Təhsil Mərkəzində uşaq beyninin inkişafının ilkin mərhələlərinin öyrənilməsinə dair aparılan tədqiqatlarda assistent kimi çalışdı.O, Yale-New Haven xəstəxanasında uşaq məsələləri ilə məşğul oldu və New Haven hüquq xidmətində yoxsullar üçün könüllü hüquqi xidmətlər göstərdi.

1970-ci ilin yayında o, Marian Vrayt Edelmanın Vaşinqton Tədqiqat Layihəsində işləmək üçün qrantla ödülləndirilir, burada o, Miqrasiya Əməyi üzrə Senator Volter Mondalın Altkomitəsinə təyin olunur. Sözügedən Komitədə Hillari miqrant fəhlələrin yerləşmə, sanitariya, səhiyyə və təhsil problemlərini araşdırdı. (Edelman sonralar tanınmış bir hamiyə çevrildi.)

O, 1970-ci ildə ABŞ-ın Konnektikut ştatının Senatına namizədliyini irəli sürmüş Cozef Dafiinin namizədlik kampaniyasında siyasi məsləhətçi Anne Veksler tərəfindən işə dəvət olundu. Hillari Klinton sonralar Veklerin siyasi sahədə ona ilk iş yeri təklif etmiş şəxs olduğunu xatırlayacaqdı...

Hillarinin Yeildə hüquq üzrə təhsil alan Billə tanış olduğu 1971-ci ilin yayında Kaliforniyada hüquq firmasında təcrübəyə başlayır. Firma Konstitusiya hüquqları, vətəndaş azadlığı və radikal məsələlərin dəstəklənməsi sahəsində təcrübəyə malik bir qurum kimi tanınırdı. Hillari burada uşaqların himayəsi məsələsi üzərində işləməyə başladı. Bill də yay planlarını təxirə salaraq, onunla Kaliforniyaya getdi. Onlar yenidən təhsillərini davam etdirmək üçün Nyu Hevinə (New Haven) qayıtdılar. Növbəti yay Hillari və Bill Texasda Demokratların prezidentliyə namizədi Corc Makgovernin 1972-ci ilin uğursuz prezident namizədliyi kampaniyasını keçirirlər.

Hillari 1973-cü ildə Yeil Universitetini hüquq doktoru kimi başa vurur. Universiteti bitirdikdən sonra Bill Klinton ona evlənmək təklif edir, lakin Hillari bu təklifi qəbul etmir. O, Yeil Uşaq Araşdırmaları Mərkəzində uşaqlar və təbabət mövzusunda təhsilini davam etdirir. Onun ilk “Uşaq Hüquqları” elmi məqaləsi Harvard Təhsil İcmalında 1973-cü ilin sonunda dərc edildi. Yeni uşaq hüquqları hərəkatını müzakirə edərək o, “uşaq vətəndaşlar”ın “gücsüz şəxsiyyətlər” olduğunu bildirmiş və uşaqlara doğulandan həddi-buluğa çatanadək hüququ olmayan varlıqlar kimi baxılması əleyhinə olduğunu sərgiləmişdir. Məqalə çox populyar oldu və təsadüfi deyildi ki, məqaləyə o dövrdə tez-tez istinad edilirdi.

Ailə həyatı və hüquq karyerası

O Uşaqların Müdafiə Fondunda vəkil, Karnegi Uşaqlar Şurasında, o cümlədən Nümayəndələr Palatası Məhkəmə Komitəsində Uaterqeyt münaqişəsi zamanı məsləhətçi kimi çalışdı. (1974-cü il). Komitə ciddi fəaliyyət göstərirdi. Yalnız onu deməklə kifayətlənək ki, Komitənin işi, sonda Niksonun (1974-cü ilin avqustunda) istefa verməsinə gətirib çıxardı...

Elə o zamanlar Hillari Rodhemin parlaq siyasi karyerasının ola biləcəyini düşünən Demokrat Partiyanın təşkilatçısı məsləhətçisi Betsi Urayt, gələcək karyerasında ona dəstək olmaq üçün Texasdan Vaşinqtona köçdü. O, Hillaridə gələcək senator və ya prezident ola biləcək potensialı görürdü. Bu dövrlərdə Bill Klinton ona israrla evlilik təkliflərini davam etdirməkdə, o isə yenə də Klintonun evlilik təkliflərini rədd etməkdə idi. Lakin Vaşinqtonda hüquq imtahanından kəsildikdən və əksinə Arkanzasda imtahanından keçdikdən sonra Hillari qəti qərarlılıq göstərdi. O, sonralar bu barədə yazırdı “mən bu dəfə ağlımı yox, ürəyimi dinlədim.” Hillari Vaşinqtonda daha parlaq karyeranı tərk edərək, Bill Klintonla birlikdə Arkanzasa köçdü və burada Arkanzas Universitetində (Bill Klintonla birlikdə) cinayət hüququndan dərs deməyə başladı. Fakültədə dərs deyən ilk iki qadından biri oldu.

Universitetdə ciddi və ötkəm müəllim kimi tanınan Hillari Universitetin hüquqi yardım kurslarının ilk direktoru oldu. Bill Klinton həmin il Nümayəndələr Palatasına Arkanzasdan namizədliyini irəli sürmüşdü və seçki kampaniyası üzərində işləyirdi. Hillari, yenə də evlilik barədə qərarını gerçəkləşdirməyə tələsmirdi; çünki qürurlu Hillari bununla karyerasının başqasının adı altında kölgələnəcəyindən narahat idi...

...Nəhayətdə olan oldu. Markesin üslubu ilə desək, “Gözlənilən bir evliliy”in tarixi başladı... Hillari sonda evliliyə razı oldu və gənc cütlük 1975-ci ildə Fayettevildə ev aldı. Onların toyu 1975-ci il oktyabrın 11-də oldu. O, peşəkar fəaliyyətini “özü kimi” davam etdirmək üçün Rodhem soyadını saxlayacağını bildirirdi. Klinton 1974-cü ildə seçkilərdə qalib gələ bilməsə də, 1976-cı ildə Arkanzasın baş prokuroru seçildi və cütlük birlikdə ştatın paytaxtında Litl Roka köçdülər. Hillari burada da uşaq hüquqları sahəsində işini davam etdirirdi.


O, 1977-ci ildə “Uşaq qanunları – tərk edilmiş və unudulmuş” adlı məqalələrlə çıxış etdi. Amerikanın Vəkillər Assosiasiyasının sədri sonralar deyəcəkdi: “Onun məqalələri olduqca önəmli idi, ona görə yox ki, onlar mahiyyət baxımından tamamilə yeni idilər, ona görə ki, onlar yenicə başlanğıcı qoyulan bir təfəkkürün formalaşmasına kömək edirdilər”. Tarixçi Qarri Uils onu “son iki onilliyin önəmli alim-aktivistlərdən biri” adlandırdı. Konservatorlar isə əksinə onun nəzəriyyələrinin ənənəvi valideyn nüfuzunu darmadağın edəcəyi; uşaqların valideynlərinə qarşı cəfəng məhkəmə iddiaları irəli sürmələrinə gətirib çıxaracağı fikrində idilər (və onun məqalələrinin hüquqi baxımdan “dağıdıcı” nəzəriyyə olduğuna israr edirdilər).

O, elə həmin ildə Arkanzas Uşaq və Ailə Vəkilləri Assosiasiyasını təsis etdi. Prezident Cimmi Karter (Hillari onun 1976-cı ildə İndianada keçirilən səyyar kampaniyasının direktoru olmuşdu) onu Hüquqi Xidmətlər Korporasiyasının idarə heyətinə təyin etdi və Hillari bu vəzifədə 1981-ci ilin sonunadək çalışdı. O, 1978–81-ci illərdə heyətin ilk qadın sədri kimi fəaliyyət göstərdi. Özü də çox uğurlu. Hillari Klinton təşkilatın büdcəsini 90 milyon ABŞ dollarından 300 milyon (!) ABŞ dollarına qaldıra bildi. Ayrıca, Hillari prezident Reyqanın Fondun gəlirlərini azaltmaq və istiqamətini dəyişmək cəhdlərinə də uğurlu göstərdi.

Həyat yoldaşının 1978-ci ildə Arkanzasın qubernatoru seçilməsindən sonra 12 il müddətində ştatın Birinci xanımı oldu. O, 1979-cu ildə Rose Hüquq firmasının tam hüquqlu tərəfdaşı oldu. 1978-ci ildən Ağ Evə Birinci Xanım kimi köçənə qədər onun onun illik gəliri həyat yoldaşından daha çox idi.) 1980-ci ilin fevralın 27-də onların yeganə övladları Çelsi dünyaya gəldi.

O, 1982-ci ildə həyat yoldaşının seçki kampaniyasında iştirak etmək üçün hüquq firmasından məzuniyyət götürdü və seçicilərin şübhələrinə son qoymaq üşün Klinton soyadından daha tez-tez istifadə etməyə başladı. Xanım Klinton seçkilərdən sonra yenidən Hüquq firmasına geri döndü. O, məhkəmə işlərinə tez-tez qatılmasa da, firmaya çoxlu müştəri yığa bildiyinə görə daha çox qazanmağa başladı. O, təhsil, uşaqların hüquqları və bir çox istiqamətlər çox geniş fəaliyyət göstərirdi və 1983-cü ildə İlin Arkanzas Qadını, 1984-cü ildə ilin Aranzas anası adını aldı. Xanım Klinton həm də ştatda hakimlərin təyin olunmasına təsir göstərə bilirdi.

1990-cı ildə Bill Klinton qubernatorluğa namizədliyini vermək istəmədikdə Hillari bunu özü etməyi qərara aldı, lakin seçicilər arasında keçirilən özəl sorğular bunun yaxşı fikir olmadığlnı göstərincə də fikrindən daşındı. Və nəhayət, Bill Klinton yenidən namizəd oldu və yenidən qubernator seçildi.

1992-ci ilin seçki kampaniyası

Bill Klinton 1992-ci ildə Demokrat Partiyasından namizədliyini irəli sürdükdən sonra Hillariyə ölkədə diqqət daha da artdı. Ancaq Nyu Hempşir seçkilərindən qabaq Klintonun Arkanzaslı müğənni ilə nikahdankənar münasibətləri olması barədə mətbuatda yazılar çıxdı. Buna cavab olaraq cütlük “60 Dəqiqə” verilişinə çıxıb açıqlamalarda bulundu. Bill Klinton deyilənləri təkzib etsə də, ailəsinə bundan mənəvi zərər dəydiyini bildirdi. Cütlüyün bu addımı Bill Klintonun seçki kampaniyasının yenidən dirçəlməsinə səbəb oldu. Bill Klinton seçki zamanı öz kampaniyasında həyat yoldaşının nüfuzunu, onun geniş ictimai fəaliyyətini və qadın arasında reytinqini nəzərə alaraq, “birinin dəyərinə ikisini əldə et” kimi ifadələrdən istifadə edirdi.

Birinci Xanımın təfəkkür siyasəti

Bill Klinton 1993-cü ilin yanvarında Prezidentlik fəaliyyətinə başladı və Hillari Klinton ABŞ-ın Birinci Xanımı oldu. O, Ağ Evə daxil olmazdan öncə şəxsi karyerası olan, habelə, Ağ Evin Birinci Xanımlara məxsus şərq hissəsində deyil, Qərb hissəsində öz şəxsi ofisi olan ilk Birinci xanımı idi.

Ağ Evə müxtəlif vəzifələrə təyinatlarda yaxından iştirak edən Birinci Xanım, Ağ Ev tarixində ən nüfuzlu Birinci xanım kimi yadda qalib. O, Amerika tarixində Eleonor Ruzveltdən sonra açıq-aydın səlahiyyətə, nüfuza, gücə malik olan prezident xanımı kimi tanınırdı.

Bəzi tənqidçilər Birinci Xanımın ictimai həyatda, siyasətdə mərkəzi rol oynamasını uyğunsuz hesab etsələr də, tərəfdarları hələ Bill Klintonu Prezident seçərkən həyat yoldaşının fəal olacağından xəbərdar olduqlarını ifadə edirdilər. İctimaiyyətin bəzi nümayəndələri isə onun Ağ Evə gəldikdən sonra dəyişən xarici görünüşünü, imicini müzakirə edirdi və bu, onun 1998-ci ildə “Vogue” dərgisinin üz qabığında çıxan şəkli ilə bir daha öz təsdiqini tapmış oldu.

1993-cü ilin aprel ayında atasının ölümündən məyus olan Hilları Amerikanın “yuxu xəstəliyinə düçar olmuş ürək”lərini oyatmaq və “yeni yüzilə keçən cəmiyyəti silkələmək” üçün açıq şəkildə özünü Metodist nəzəriyyələrdə, liberal dini siyasi fəlsəfədə və “Tikkun”un redaktoru Maykıl Lemersin “təfəkkür siyasəti”ndə tapmağa çalışırdı.

Səhiyyə və digər qanun təşəbbüsləri

O, istər Birinci xanımlıq dönəmində, istərsə ondan öncə və sonrakı dönəm çalışmalarında öz təşəbbüskarlığı ilə seçilib.

Prezident Klinton 1993-cü ildə Hillarini Milli Səhiyyə İslahatlarına başçı təyin etdi. O, bununla Hillarinin Arkanzasdakı təhsil islahatında göstərdiyi uğurlu nəticənin davamına ümid edirdi. Bu islahat çərçivəsində xanım Klintonun təklif etdiyi Səhiyyə planı geniş müzakirələrə səbəb oldu və bəziləri bunu “Hillarycare” adlandırmağa başladı. Bəzi əleyhdarları hətta kəskin çıxışlar edirdi və 1994-cü ilin iyul ayında sözügedən plana yardım məqsədi ilə keçirilən səyahət zamanı o, gülləyədavamlı gödəkcə geyinməyə belə məcbur oldu...

Onun bütün xoşgörülü çabalarına, habelə Demokratların hər iki palataya nəzarət etmələrinə baxmayaraq, “Plan” nə Senatda, nə də Nümayəndələr Palatasında yetərincə səs toplaya bilmədi və 1994-cü ilin sentyabr ayında rədd edildi. Xanım Klinton sonralar bu məğlubiyyəti “Yaşanan tarix” kitabında siyasi təcrübəsizliyi ilə əlaqələndirsə də, digər faktorların da az rol oynamadığını yazırdı. Olaylar ictimai fikrə təsirsiz ötüşmürdü. Birinci Xanımın fəaliyyətinin ilk ilində 50 faizdən yuxarı olan reytinqi 1994-cü ilin aprel ayında 44 faizə, 1994-cü ilin sentyabr ayında isə 35 faizə düşdü. Bir çox analitiklər və tədqiqatçılar “Plan”ı Demokratların məğlubiyyətində əsas faktor hesab edirdilər. Opponentləri hələ də başqalarının buna oxşar “Plan”larına “Hillarikeir” kimi təhqiredici damğa vurmaqda davam edirdilər. Beləliklə, bəlli gedişatı göz önündə tutan Ağ Ev, Hillari Klintonun siyasi səhnədə rolunu azaltmağı məqsədəuyğun saydı.

Baxmayaraq ki, 1994-cü il seçkilərində respublikaçılar Birinci Xanımın Səhiyyə planını əsas təbliğat mövzusuna çevirdilər və bununla da Nümayəndələr Palatasında 53 yer, Senatda isə 7 yer qazanaraq, hər iki palatada tam üstünlük əldə etdilər.

1997-ci ildə o, senatorlar Ted Kenedi və Orrin Hatçla birlikdə “Uşaqların Səhiyyə Sığortası” Dövlət Proqramının təbliğatına başladı. Proqramın məqsədi valideynləri tərəfindən səhiyyə sığortası ilə təmin edilə bilməyən uşaqlara dövlət dəstəyi idi. O bütün ölkə ərazisində uşaqların xəstəliklərə qarşı peyvənd olunmasını, yaşlı qadınların isə döş xərçənginin qarşısının vaxtında alınması üçün mamoqram etdirilməsini önərirdi.

O, Milli Səhiyyə Təsisatlarında prostat vəzi xərçənginin və uşaq astmasının müalicəsi üçün tədqiqat işlərinə maliyyə yatırımının artırılmasına nail oldu. Birinci Xanım həmçinin, Körfəz Savaşı sindromu kimi tanınan Körfəz savaşı veteranlarının düçar olduqları xəstəliklər haqqında hesabatların araşdırılması üzərində çalışırdı.

O, baş prokuror Canet Reno ilə birlikdə Ədliyyə Departamentində Qadınlara Qarşı Zorakılıq Mərkəzini təsis etdi. 1997-ci ildə özünün Birinci Xanım kimi ən böyük uğuru hesab etdiyi “övladığa götürmə və sağlam ailə” Aktını, 1999-cu ildə “Himayədarlıqdan azad olma” Aktını irəli sürdü.

Hillari Klinton Birinci Xanım kimi Ağ Evdə bir çox konfranslar təşkil etdi. O, “Uşaqlara qayğı” (1997), “Erkən uşaq inkişafı və öyrənməsi” (1997), “Uşaqlar və yeniyetmələr” (2000), “Gənclər” (2000) və “Xeyriyyəçilik” (1999) barədə ilk Ağ Ev konfranslarına təşkilatçılıq etdi.

Xanım Klinton bu dövr ərzində 79 ölkəyə səfər etməklə, ona qədər ən çox səyahət edən Birinci Xanım kimi tanınan Pat Niksonu geridə qoydu. 1995-ci ildə Güney Asiyanın 5 ölkəsinə qeyri-rəsmi səfər etməklə, Hindistan və Pakistanla münasibətləri inkişaf etdirməyə çalışdı. Heç şübhəsiz ki, bu, onun daha sonrakı diplomatiya karyerasında önəmli rol oynadı. 1995-ci ildə Pekində keçirilən IV Dünya Qadınlar Konfransında çıxış edən Klinton, dünyada, eləcə də Çin Xalq Respublikasında qadınlara yönəlik zorakılıq aktlarına qarşı çıxaraq, qadın hüquqlarının insan hüquqlarından ayrı müzakirə olunmasının qəbuledilməzliyini vurğuladı. O, 1990-cı illərdə, dünyanın, Taliban rejiminin Əfqan qadınlarına münasibətinə (münasibətsizliyinə!) qarşı çıxış edən ən görkəmli lider qadınlarından biri idi.

Söz vaxtına çəkər deyirlər, mən bu sətirləri yazarkən, televiziya kanalında, xanım Klinton (ABŞ-ın dövlət katibi olaraq) Haitiyə şəfqət səfərinə (onun vərəm əleyhinə kampaniyaya dəstəyinə) həsr olunmuş süjet yayımlanır. İllər dəyişir, situasiyalar dəyişir, Hillari Klintonun daşıdığı dövlət və ictimai vəzifələr dəyişir, amma onun qadın, xanım kimliyindən irəli gələn şəfqət missiyası dəyişmir, daha doğrusu müsbət işarə ilə dəyişir!

Yenidən xanım Klintonun “Birinci Xanım”lıq dönəminə qayıdaq. Hillari Klinton qadınların öz ölkələrinin siyasi həyatında yaxından iştirakını dəstəkləyən “Canlı Səslər” uluslararası təşəbbüsünün də müəllifi idi. (Deməliyik ki, onun təşəbbüsləri, təklifləri bir çox nəticələr doğururdu. Məsələn, adı keçən təşəbbüsün və Klintonun şəxsi səfərlərinin nəticəsi olaraq, qadınlar Quzey İrlandiya sülh prosesində səslərini eşitdirməyə başlamışdılar.)

****

1998-ci ildə Prezident Klintonun Ağ Evdə təcrübə keçən Monika Levinski adlı gənc xanımla münasibətlərinin olması iddiaları qalmaqala səbəb oldu. Bu da nəticədə Prezident Klintonun məhkəməyə cəlb olunmasına gətirib çıxardı. Olaya münasibət bildirən Hillari Klinton qalmaqalın həyat yoldaşının rəqibləri tərəfindən təşkil olunmuş bir plan olduğunu açıqladı. Klintonla Levinski arasında münasibətlər təsdiqləndikdən sonra o, ictimaiyyətə açıqlamasında ailəsinə sadiq qalacağı barədə məlumat verərək, necə deyərlər, soyuqqanlı bir qətiyyət sərgilədi (ancaq gizli məlumatlara görə, bir ara nikahlarının davam etməsinin (mümkünlüyünün) sual altında olduğunu da dilə gətirmişdir).

Bu hadisədən sonra Hillariyə, onun açıqlamalarına müxtəlif ictimai reaksiyalar gəlməyə başladı. Bəzi qadınlar onun ailə məsələsinin ictimai şəkildə müzakirə olunmasına qarşı güclü dayanışına həsəd aparır; bəziləri onu ərinin hərəkətlərinin qurbanı adlandırır; bəziləri isə öz karyerası naminə belə bir nikahı davam etdirməsinə görə Hillarini qınayırdılar. Ancaq rəy sorğularında onun reytinqi 70%-ə qədər artdı ki, bu da Hillarinin Birinci Xanım olduğu müddətdə ən yüksək göstərici idi. Daha sonra, Hillari öz xatirələrində, bu evliliyi davam etdirməsinin səbəbi barədə yazırdı: “Məni heç kim Bill qədər başa düşə və güldürə bilməz. Bu qədər illər keçməsinə baxmayaraq, mən hələ də Bill qədər maraqlı, onun qədər həyat (və eşq) dolu insan tanımıram”.

Onun bu açıqlaması ən azı iki baxımdan diqqətəlayiqdir. Birincisi, topluma, ikincisi, həyat yoldaşının özünə mesaj verməsi, onunçün nələrin, hansı hisslərin daha ön planda olması (bildiyini bilib də, öz ləyaqət və qürurunu əzimli şəkildə saxlamağı bacarması) anlamında... Digər yandan, üslubu (ifadə tərzi), olayı mürəkkəblilikdən çıxarıb da, sadə müstəvi üzərinə çıxarması ilə (“...güldürə bilməz!” şəklində)...

Ənənəvi vəzifələrdə yeni təcrübə

Klinton tarixi yerləri və əşyları qorumaq və federal fondların özəl fondlara köçürülməsini təşkil etmək məqsədilə “Amerikanın Sərvətlərini Qoruyaq” Proqramının təsisçisi olub. O, Ağ Ev Millenium Şurasının başçısı olmuş, Millenium Axşamları təşkil edib. O, Jaklin Kennedi bağında yığılıb qalmış çağdaş Amerikan heykəllərini “Heykəllər bağı”nda bir yerə toplamağa nail oldu və bu onun təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirildi.

Amerikan incəsənət xadimləri tərəfindən bağışlanmış əl işlərinin Ağ Evdəki “Ştatlar otağı”nda nümayişini də o, təşkil edib. Bundan əlavə, xanım Klinton, James Monroe dövrü üçün önəmli olan “Mavi otağ”ı təmir etdirib; “Saziş otağı”nı XIX yüzillikdəki görünüşünə, “Xəritə otağı”nı isə II Dünya müharibəsi zamanındakı görünüşünə uyğun yenidən bərpa etdirib. Xanım Klinton Ağ Evdə Müqəddəs Patrik Gününə həsr olunmuş qəbul, Çinin rəsmi şəxslərinin şərəfinə təşkil olunmuş dövlət səviyyəsində nahar, dövlət məktəblərində musiqi təhsili üçün maliyyə vəsaitinin yığılması məqsədi güdən konsert, XXI əsrin gəlişi münasibəti ilə yeni İlin, yeni yüzilliyin qeyd olunması (habelə, 2000-ci ilin noyabr ayında Ağ Evin iki yüzilliyi münasibəti ilə nahar) kimi böyük miqyaslı tədbirlərə sahiblik edib.

2000-ci ilin Senat seçkiləri

1998-ci ilin noyabrında, uzun müddət Nyu Yorkdan senator olan Daniel Patrik Moynihan vəzifədən gedəcəyini elan etdi. Demokratlardan olan nümayəndələr, o cümlədən Çarlz Rangel xanım Klintonu bu vəzifə üçün öz namizədliyini irəli sürməyə çağırdı. Bu qərarı aldıqdan sonra Klintonlar, necə deyərlər, bu işin üsulu gərəyincə, Nyu York şəhərinin quzeyində özlərinə yeni ev aldılar. Və xanım Klintonun timsalında daha bir “ilk” – Birinci xanımın dövlət orqanına seçkilərdə namizədliyini irəli sürməsi faktı meydana gəlmiş oldu.

Öncə Klintonun rəqibinin Nyu Yorkun meri Rudi Ciuliani olacağı gözlənilsə də, 2000-ci ilin mayında Ciuliani səhhəti ilə bağlı namizədliyini geri götürməli oldu və Klintonun rəqibi Respublikaçı Rik Lazio oldu. Rəqibləri onu heç vaxt Nyu Yorkda yaşamadığına və əvvəllər ştatın siyasi həyatında iştirak etmədiyinə görə ittiham edirdilər. Kampaniyası dövründə Klinton ştatın hər bir əyalətini kiçik qruplarla gəzərək problemlərlə tanış olurdu. O, diqqəti öncəliklə ştatın əsasən “Respublikaçı” olan quzey əyalətlərinə cəlb etdi. Klinton burada iqtisadi vəziyyəti 200 000 iş yeri açmaqla düzəldəcəyi vədini verirdi.

Onun planına vergiləri azaltmaqla iş yerlərinin və özəlliklə də texnika sahəsində yatırım qoyuluşunu artırmaq daxil idi. O, kollec ödəmələrinə görə şəxsi vergilərin azaldılması təklifi ilə çıxış etdi. Bu seçki kampaniyasına, Lazio, Klinton və Ciulianinin xərcləri, birlikdə rekord həddə çatmışdı: 90 milyon ABŞ dolları! 2000-ci il noyabrın 7-də Klinton seçkilərdə Lazionun 43% səsinə qarşı 55% səs toplamaqla qalib gəldi və 2001-ci il yanvarın 3-də ABŞ senatoru kimi and içdi.

Senator (birinci müddət)

Senata daxil olduqdan sonra xanım Klinton, hər iki partiya nümayəndələri ilə münasibətləri yaxşılaşdırmağa başladı. O, Senatda 5 komissiyada – Büdcə Komissiyası (2001-2002), Silahlı Xidmətlər Komissiyası (2003-cü ildən sonra), Səhiyyə, Təhsil, Əmək və Pensiya Komissiyası (2001-ci ildən sonra), habelə, “Yaşlanma üzrə xüsusi komissiya”da fəaliyyət göstərib. O, həm də Avropa Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının üzvü idi.

2001-ci il 11 sentyabr hadisələrindən sonra Nyu York şəhərində və ştatında təhlükəsizlik sahəsini inkişaf etdirmək məqsədi ilə yeni maliyyə qaynaqları axtarmağa başlayan xanım senator, Dünya Ticarət Mərkəzinin bərpası üçün lazım olan 21 milyon ABŞ dollarının yığılmasında çox vacib rol oynadı. Hillari 11 sentyabr hadisəsinin şahidləri olmuş insanların sağlamlıq durumlarının araşdırılmasında yaxından iştirak etdi. 2001-ci ilin oktyabr ayında terrorizmə qarşı mübarizənin gücləndirilməsinə yönəlmiş ABŞ Vətənpərvərlik Aktına səs verən senatorların sırasında o da vardı.

Xanım Klinton: əleyhinə, lehinə...

O, ABŞ-ın 2001-ci ildə başlamış məlum Əfqanıstan hərbi əməliyyatlarının, 2002-ci ilin oktyabrında isə o vaxtkı prezident Corc Buşun İraq müharibəsi Qətnaməsinin lehinə səs verib.




İraq müharibəsi başlandıqdan sonra Klinton İraqa və Əfqanıstana səfər edərək oradakı ABŞ hərbiçilərinin durumu ilə yerindəcə tanış oldu. 2005-ci ildə o, İraqdan qoşunların qısa müddət ərzində çıxarılması ilə razılaşmasa da, Buş Administrasiyasının “işimizi sona yetirənədək orda qalacağıq” fikri ilə də razı deyildi. Onun bu mövqeyi qoşunların dərhal çıxarılması fikrini dəstəkləyən Demokratik Partiya üzvlərinin ciddi narazılığına səbəb olurdu. Klinton veteranlara sağlamlığa görə müavinətin artırılması fikrini dəstəkləyir və bir neçə hərbi bazanın bağlanması əleyhinə çıxırdı.

Xanım Klinton prezident Buşun vergi azalmaları barədə iki önəmli qanun layihəsinin əleyhinə səs vermiş, o cümlədən Con Robertsin ölkənin Baş Hakimi təyin olunmasının və Samuel Alitonun ABŞ Ali Məhkəməsinə təyinatının əleyhinə səs verir. 2004 və 2006-cı illərdə o, eynicinsli şəxslərin nikaha daxil olmasını qadağan edən Federal Nikah barədə dəyişikliyin əleyhinə səs verənlərdən biri olur.

2006-cı ilin seçki kampaniyası

2004-cü ildə o, yenidən namizədliyini irəli sürəcəyini elan etdi. Respublikaçılar Partiyasından olan Vestçester Qraflığının əyalət prokuroru Cianin Pirro zəif təşkil olunmuş kampaniya nəticəsində öz namizədliyini geri götürdü. Klintonun seçkilərdə əsas rəqibi respublikaçı Con Spenser oldu. O, 7 noyabr 2006-cı ildə səslərin 67%-ni toplamaqla Spenserə qalib gəldi. Bu həmin ilki seçkilərdə qalib gəlmək üçün toplanmış ən yüksək səs idi. O, seçki kampaniyasına 36 milyon ABŞ dolları (!) pul xərcləmişdi.

Senator (ikinci müddət)

Xanım Hillari Klinton 2007-ci ildə Prezident Buşun İraqdan qoşunları çıxarmaq üçün lazım olan pul ehtiyatlarını xərcləməsinə imkan verən qanun layihəsinin lehinə səs versə də, sonda layihə, Buşun özü tərəfindən veto qoyularaq arxivə göndərildi.

O, 2007-ci ildə general Deyvid Petrausun İraqdakı vəziyyət barədə Konqresə Hesabatına cavab olaraq bu hesabata inamsız olduğunu dilə gətirdi, həmin ilin may və iyun aylarında Təhlükəsiz Sərhədlər, İqtisadi imkan və İmmiqrasiya islahatları üzrə Aktın lehinə bir neçə dəfə səs versə də, Akt senatdan keçmədi.

2007-ci ilin mart ayında ABŞ prokurorlarının işdən çıxarılması ətrafında yaranan səs-küyə cavab olaraq, xanım Klinton Baş Prokuror Alberto Qonzalesi istefa verməyə çağırdı.

2007–2008-ci illlər maliyyə böhranının pik səviyyəyə çatması ilə ABŞ maliyyə sisteminə yardım layihəsini dəstəkləyən Hillari Klinton 700 milyard dollarlıq “Təcili İqtisadi Balanslaşdırma Akt”ının (2008-ci il) lehinə səs verdi. Akt senatdan 74 – 25 səslə keçdi.

2008: dəyişiklik istəyi təcrübədən üstün oldu

Klinton ABŞ prezidentliyinə namizədliyə 2003-cü ilin əvvəllərindən hazırlaşırdı. 2007-ci il, yanvarın 20-də o, veb-səhifəsi vasitəsi ilə prezident seçkilərinə namizədliyini irəli sürdüyünü açıqladı və əlavə etdi: “Mən gəlirəm və mən qalib gələcəm!” O zamana qədər heç bir qadın əsas partiya tərəfindən ABŞ prezidentlyinə namizəd göstərilməmişdi! (seçilməmişdi).

Sonralar açıqlanan hesabatlardan bəlli olmuşdur ki, Klinton cütlüyünün sərvəti 50 milyon ABŞ dolları təşkil edir və onlar 2000-ci ildən bəri 100 milyon ABŞ dolları qazanmışlar. Bu vəsaitin çox hissəsi Bill Klintonun kitablarından, çıxışlarından və digər fəaliyyətlərindən əldə edilmişdir.

O, 2007-ci ilin birinci yarısında Demokratlardan olan namizədlər arasında liderliyi qoruyub saxlamışdı. Sorğular onun əsas rəqiblərinin İlinoyisdən olan senator Barak Obama və Quzey Karolinadan olan senator Con Edvards olduğunu göstərirdi. Klinton və Obama ilin seçki ehtiyatlarını rekord həddə çatdırdılar. 2007-ci ilin oktyabr sorğularının nəticələrinə görə ilkin seçkilərin keçiriləcəyi 6 ştatda Klinton öz rəqiblərini geridə qoyurdu. Oktyabrın sonunda Klintonun Obama, Edvards və digər rəqibləri ilə debatının nəticələri o qədər güclü olmadı.

Obamanın seçki kampaniyasının şüarı olan “Çeync” (“Change” – “Dəyişiklik”), Klintonun “Ekspiriyens” (“Experience” –“Təcrübə”) şüarından daha qüvvətli səslənməyə başlayınca, Klinton artıq dekabr ayında sorğu nəticələrinə görə öz yerini itirməyə başladı...

2008-ci ilin ilkin seçkilərində o, yanvarın 3-də Ayovada 3-cü oldu. Sorğular Nyu Hempşir ştatında da onun məğlub olacağını göstərsə də o, bu dəfə (yanvarın 8-də) Nyu Hempşir ştatında Obamaya qalib gəldi. Bunu çoxları onun qadınlar tərəfindən rəğbət görməsi ilə əlaqələndirirdilər. Yanvarın 26-da Güney Karolina seçkilərində Obama qalib gəldi. Edvards seçkilərdən çəkildi və Klintonla Obama mübarizəni uzun müddət davam etdirdilər. Super Çərşənbə axşamı seçkilərində Klinton ən böyük ştatların–Kaliforniya, Nyu York, Nyu Cersi və Massaçusetsin səslərini qazansa da, Obama daha çox ştatda qalib gəldi və demək olar ki, onlar ümumi səsləri yarıya böldülər. Xanım Klinton Super Çərşənbədə qalib gələcəyinə inansa da, seçkilərin yenidən davam etdirilməsi üçün maliyyə və təşkilatçılıq cəhətdən buna hazır deyildi. O, bu dəfə internet üzərindən çağırışlar edərək, seçki kampaniyasına pul toplamağa başladı. Onun rəqibi Obama də boş durmurdu və təsadüfi deyil ki, fevral seçkilərində nəzərəçarpacaq dərəcədə irəliyə çıxdı. Obama əsasən Afro–Amerikalıların, tələbələrin (ümumən, gənclərin), savadlı seçicilərin daha çox olduğu ştatlarda, Klinton isə ispan–amerikalı, ortayaşlı, işçi sinif və universitet təhsili almayan seçicilər çox olan ştatlarda yaxşı nəticələr göstərirdi. Ancaq demokratların bəzi tanınmış nümayəndələri ikili arasında gedən mübarizənin, sonuncu (əsas) seçkilərdə respublikaçı Con Makkainə qarşı mübarizədə qalibi pis vəziyyətə sala biləcəyindən narahat idilər.

...Aprelin 22-də o Pensilvaniyada qalib gəldi. Ancaq daha sonrakı günlərdə İndiana və Quzey Karolinadakı məğlubiyyət xanım Klintonun əsas seçkilərdə namizədlik şansına tamamilə son qoydu. Buna baxmayaraq, o, “Uduzmağı qəbul etmək olar, ancaq işi yarımçıq qoymağı qəbul edə bilmərəm” deyərək, yenə də seçkiləri davam etdirirdi. Bundan sonra xanım Klinton, daha bir neçə ştatda qalib gəlsə də nəticədə Obama qədər səs toplaya bilmədi.

İyunun 3-də, sonuncu seçkilərdə Obama namizəd olmaq üçün kifayət qədər nümayəndə qazandı. İyunun 7-də seçiciləri qarşısında çıxış edən Klinton, kampaniyasının sona yetdiyini açıqlayaraq, “Mübarizəmizi davam etdirərək məqsədlərimizə çatmaq üçün bütün enerjimizi, gücümüzü və ehtirasımızı toplayıb Barak Obamanın seçilməsinə kömək etməliyik” dedi.

Xanım Kilonton 2008-ci il Demokratların Milli Konvensiyasında Obamanın ünvanına ruhlandırıcı fikirlər deyərək, həmin ilin payızında tez-tez onun kampaniyasını dəstəkləmək üçün çıxışlar edirdi. “...Ehtirasımızı toplayıb...” ifadəsini işlətsə də, xanım Klinton rəqiblikdən əməkdaşlığa keçidi özünəməxsus soyuqqanlılıqla gerçəkləşdirdi və biz deyərdik, illərdir formalaşdırdığı imcinə sadiq qaldı. Ardından isə Ağ Ev gəlirdi...

Yenə Ağ Ev: bu dəfə dövlət katibi kimi...

2008-ci il, noyabrın ortalarında Prezident seçilmiş Barak Obama Klintona Dövlət katibi vəzifəsini təklif etdi və bu məlumat noyabrın 21-də rəsmi şəkildə təsdiqləndi. Hər şey hadisələrin məntiqinə uyğun gedirdi. Dekabrın 1-də Barak Obama rəsmi şəkildə Klintonun Dövlət katibliyinə namizədliyini irəli sürdü. Hillari Klinton Senatı tərk etmək istəməsə də, yeni vəzifənin onun üçün “həm çətin həm də maraqlı” olacağını qeyd etdi.

2009-cu il, yanvarın 13-də Senatın Xarici Əlaqələr Komitəsində təsdiqlə bağlı dinləmələr başladı və iki gün sonra 16:1 səs çoxluğu ilə Klinton Dövlət katibi vəzifəsinə təsdiq olundu. Bu zaman artıq Hillari Klintonun reytinqi 65%-ə çatdı. 2009-cu il yanvarın 21-də Klinton Senatda 94:2 səslə dəstək alaraq ABŞ-nın Dövlət Katibi oldu.

Yeni vəzifəsinin ilk günləri Hillari Klinton dünya liderlərinə zəng edərək, ABŞ xarici siyasətinin istiqamətinin dəyişdiyini bildirməkdə idi. O, qlobal iqtisadi böhran məsələsində Dövlət Departamentinin, uluslararası münasibətlərdə (özəlliklə də İraqda) ABŞ diplomatik missiyasının rolunun artırılmasının vacibliyini qeyd edirdi. O, uluslararası münasibətlər üçün büdcənin artırılmasına çalışırdı və Obama Administrasiyası 2010-cu il dövlət büdcəsində Dövlət Departamenti və digər uluslararası proqramlar üçün büdcəni 7% artırdı. 2009-cu ilin martında Əfqanıstana daha 20 000 qoşun göndərilməsi barədə müzakirələrdə Klinton vitse-prezident Joe Baydenə üstün gəldi.

Hilllari Klinton öz vəzifəsi üçün çox ambisiyalı olan islahatlara başladı. Bu, (əvvəllər Müdafiə Departamentində də istifadə olunmuş oxşar prosesdən istifadə edərək) Dövlət Departamentinin xaricdəki missiyaları üçün spesifik məqsədlər təyin etməyi nəzərdə tuturdu. Həmin ilin sentyabrında o, həyat yoldaşı Bill Klintonun “Klinton Qlobal Təşəbbüsü”nün illik toplantısında Qlobal aclıq və Ərzaq Təhlükəsizliyi Təşəbbüsünün əsasının qoyulduğunu açıqladı. O, ABŞ-ın Pakistandakı reputasiyasını xilas etmək məqsədi ilə orada tələbələrlə, jurnalistlərlə və qəbilə başçıları ilə görüşlər keçirdi. Həmin ayda ondan siyasi gələcəyi barədə soruşulduqda belə cavab verdi: “Mən bir də heç vaxt prezidentliyə namizədliyimi irəli sürməyəcəyəm”. Və (öz siyasi üslubuna sadiq qalaraq) əlavə edirdi: “Heç vaxt. Heç vaxt!”

2010-cu ilin yanvar ayında etdiyi çıxışında Klinton Dəmir Pərdə, eləcə də Azad və azad olmayan İnternet arasında müqayisə apardı. Çinin rəsmiləri buna mənfi reaksiya verdi və ilk dəfə idi ki, Amerikanın yüksək rütbəli şəxsi interneti ABŞ xarici siyasətinin yayılması üçün əsas vasitə hesab etdiyini gündəliyə gətirirdi. Hillari Klinton Administrasiya daxilində komanda üzvü, kənarda isə onun aktiv müdafiəçisidir.

Bəlkə, bu yerdə xatırlamağımız uyğun olardı, o, qızı Çelçinin 2010-cu ilin 31 iyulunda keçirilən (və mətbuatın diqqət mərkəzində olan) toy mərasimi ərəfəsində, Koreya, Vyetnam, Pakistan və Əfqanıstana səfər etdi. – Sanki nümayişkaranə şəkildə demək istəyirdi: Ailə ailədir, iş də iş!..
İsrail-Fələstin münaqişəsi ilə bağlı dondurulmuş sülh danışıqlarının 2010-cu ilin sentyabr aynda bərpasında Hillari Klinton ciddi rol oynasa da uzun illərdir davam edən bu münaqişənin həlli istiqamətində hələ də ciddi uğurlar əldə etmək mümkün olmayıb. 2010-cu ilin noyabr ayında başlayan WikiLeaks saytının Dövlət Departamentinin ABŞ-ın və xarici diplomatların hesabat və qiymətləndirmələrindən ibarət məxfi məlumatlarını açıqlamasından sonra Hillari Klinton ABŞ-ın bu cür vəziyyəti aradan qaldırmaq tədbirlərinə rəhbərlik etdi (– edir də deyə bilərik).

Daha çox liberal, bir az moderat, bir az da mühafizəkar...

2005-ci ilin mayında keçirilən sorğularda respondentlərin 54%-i Klintonu liberal, 30%-i moderat, 9%-i isə mühafizəkar adlandırdı.

“Milli Jurnal”da (National Journal0 nəşr olunmuş nəticələrə uyğun olaraq o, 2006-cı ildə 32-ci ən liberal, 2007-ci ildə isə 16-cı ən liberal senator kimi göstərildi.

Prinston Universitetinin (Princeton University) politoloqu Coşua D.Klintonun (Joshua D. Clinton) və Stanford Universitetinin politoloqları Simon Cakmən (Simon Jackman) və Duq Riversin (Doug Rivers) 2004-cü ildə apardıqları təhlil nəticəsində o ən liberal Senator hesab edilmişdir. O, çoxlu sayda yerli və beynəlxalq mükafatların sahibidir.

...Və sonda

Hillari Klinton bu gün dünyanın “superdövlət”i adlandırılan ABŞ-ın xarici siyasət idarəsinə başçılıq edən isim, dünya lider qadınlarının gəlmiş-keçmiş və bugünkü ən ünlü şəxsiyyətlərindən biridir. O, adını TARİXƏ əbədi yazmış, arxasınca cığır açmış qadınlardan biridir… Onu bugünkü uğurlarına gətirən yol asan başa gəlməyib. Çətinliklər, əziyyətlərdən sınmamaq, geri çəkilməmək, arzu və ideallarının arxasınca yorulmadan getməyin nəticəsi idi böyük siyasətdə, dünyada və tarixdə özünü təsdiq edə bilmək və adını TARİXƏ əbədiyyən yazmaq!

Bir Lider Qadından, bir Başarılı Qadından və də bir Cazibədar, Xarizmatik Qadından bəhs etdim. Onunla nədəsə (nə barədəsə) bəhs etmək, mübahisə etmək, razılaşmamaq olar, amma, necə deyərlər, “brend”ə çevirdiyi Hillari Klintonluğunu gözardı etmək, danmaq əsla olmaz!

Uğurlar, xanım Klinton!
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1262

Oxşar yazılar