Tiflisdə evsizlərin etirazı
25 oktyabr 2012 22:57 (UTC +04:00)

Tiflisdə evsizlərin etirazı

Oktyabrın 25-də evi və sosial təminatı olmayan bir qrup Tiflis sakini şəhər meriyasına soxularaq, binanın ikinci mərtəbəsində məskunlaşıb.

Lent.az-ın «lenta.ru»-ya istinadən məlumatına görə, onlar binanını təhlükəsizlliyinə cavabdeh olanlarla üzləşsələr də, etirazçılar mühafizəni sıxışdıraraq binaya daxil ola bilib.

Aksiya iştirakçıları İsveçrənin hökuməti tərəfindən evləri olmayan Tiflis sakinləri üçün tikdiyi yeni binalarda evlərinin verilməsini istəyiblər.

Tiflis şəhər Sosial xidmətinin başçısı Mamuka Katsarava bildirib ki, yeni binada cəmi 24 mənzil var: «Onların da hamısı artıq bölüşdürülüb. Mənzillərin bölüşdürülməsinə xüsusi qurumlar baxır və onları bölüşdürmək onun rəhbərlik etdiyi qurumun səlahiyyətində deyil».

Şəhər sakinlərinə yeni mənzillərin açarları ötən gün Tiflis meri və İsveçrənin Gürcüstandakı səfirliyi nümayəndəsinin iştirakı ilə paylanılıb. Bu gün isə bu bölgüdən narazı qalanlar meriya qarşısında etiraz aksiyası keçiriblər. Onlar meriya qarşısındakı əsas yolda nəqliyyatın hərəkətini kəsiblər. Bu da sürücülərin narazılığına səbəb olub. Bundan sonra isə onlar meriyanın binasına daxil olublar.

Aksiya iştirakçıları iddia edib ki, onların yaşamağa evləri yoxdur və onlara ev verilməyənə kimi binanı tərk etməyəcəklər.

Qeyd edək ki, son 10 gün ərzində Gürcüstanda, xüsusilə də Tiflisdə boş olan evlərin ələ keçirilməsi halları xeyli artıb. Əvvəllər bunu qaçqınlar edirdisə, indi bu yola evsizlər və sosial təminatı olmayan insanlar əl atır.
# 530

Oxşar yazılar