Yaxın Şərqin qanayan yarası: Musa uşaqları çarizmdən Hitlerə qədər və ondan sonra... - ARAŞDIRMA
14 oktyabr 2012 12:21 (UTC +04:00)

Yaxın Şərqin qanayan yarası: Musa uşaqları çarizmdən Hitlerə qədər və ondan sonra... - ARAŞDIRMA

Lent.az DOSYE layihəsinə davam edir. Bəşər tarixinin ən maraqlı, qalmaqallı və sirli tarixi hadisələri, şəxsiyyətləri haqqında araşdırma yazıların növbəti seriyasına başlayırıq: “Yaxın Şərqin qanayan yarası - Fələstin”.

Əgər biz müharibəni uduzsaq, o deməkdir ki, yəhudilər bizə qalib gəldilər “ .
Adolf Hitler


1945-ci ilin sentyabrında bütün dünya tarixinin ən böyük hadisəsi - İkinci Dünya müharibəsi başa çatdı. Hadisələrin miqyasına və şiddətinə görə bu müharibənin analoqu yoxdu. Qurbanların sayına görə isə yalnız kosmik fəlakətlə müqayisə oluna bilər. Müharibə 2194 gün - 6 il - çəkdi. Hər iki tərəfdən müharibədə 61 ölkə iştirak edirdi. Müharibə quruda, havada, suda aparılmaqla, planetin hər yerini əhatə edirdi. Müharibədə iştirak edən dövlətlərin əhalisinin sayı 2 milyardı keçmişdi. Bu zaman bütün dünyadakı yəhudilərin sayı isə 12 milyona yaxın idi.

Bu müharibədə yəhudi xalqı tamamilə məhv olmaq təhlükəsi qarşısında qalmışdı. Bu zaman Avropanın böyük hissəsində yaşayan yəhudilərin sayı kəskin azalmışdı. Çünki Hitler və onun müttəfiqləri yaşlarına baxmadan, ayrı-seçkilik qoymadan hamını məhv edirdilər. Məhz o zaman “soyqırımı” ifadəsi meydana gəldi. Bu siyasət həm də qaraçılara münasibətdə həyata keçirilirdi.

«Yəhudiləri döy, Rusiyanı xilas elə!»

Müharibənin səbəbləri arasında yəhudi faktorunu nəzərə almamaq mümkün deyil. XIX əsrin sonunda Qərbi Avropada yəhudilərin vətəndaşlıq hüququ var idi. Rusiyada isə proses yeni-yeni başlayırdı. İslahat dövründə Rusiyanın demək olar ki, bütün sol partiyaların rəhbərliyində təmsil olunurdu. Onlar Dövlət Dumasının aktiv üzvləri idilər, mətbuatın işində iştirak edirdilər. Eyni zamanda çarizmə qarşı silahlı mübarizədə də xidmətləri vardı. 1881-ci ildən Rusiyada qırğınlar dövrü başladı. Qırğının 1-ci dalğası 1881-1884-cü illəri əhatə edir. Çoxlu sayda yəhudi evi talan edilmişdi, öldürülən və yaralananlar vardı. İkinci dalğa 1905-1906-cı illəri əhatə edir: 625 kiçik icma darmadağın edilmiş, 2000-ə yaxın yəhudi öldürülmüş, 10 min nəfərə yaxın isə yaralanmışdı. 3-cü mərhələ 1915-1921-ci illəri əhatə edir. Bu dövr Ağqvardiyaçı ordunun, eləcə də Ukrayna və Belorusda müxtəlif təxribatçı qrupların fəaliyyəti dövrünə təsadüf edir. Ağqvardiyaçıların «Yəhudiləri döy, Rusiyanı xilas elə!» şüarı o dövrdə məşhur idi. Tarixçi alim S. Dubnov bu dövrdə 887 böyük, 349 kiçik qırğınların olduğunu qeyd edir. Onun dəyərləndirməsinə görə, 60 min nəfər öldürülmüş, yüz min nəfərə yaxın yəhudi yaralanmışdı.

Sovet dövrünün arxiv materialları əsasında hazırlanmış hesabatda qeyd olunur ki, vətəndaş müharibəsi dövründə keçmiş Rusiya imperiyasının ərazisində 100 mindən çox yəhudi öldürülmüş, yarım milyondan çox insan evsiz-eşiksiz qalmışdır.

Talan və qırğınlar Ukrayna, Belarus, Moldova və Krım ərazisində geniş miqyasda aparılırdı. 1918-1920-ci illərdə bu yerlərdə olan fransız hüquqşünas Bernar Lekaş öz kitabında talan və qırğınlardan məsul olan hərbi birləşmələrin adlarını qeyd edir: Denikin - 226, Petlyura - 211, Polşa ordusu - 47, ataman Balaxoviç - 47, digər banditlər - 989 talan. Onun verdiyi məlumatlarda talanların sayı 1520, dağıdılmış və boşaldılmış şəhər və yaşayış yerlərinin sayı isə 911 göstərilir. Hadisəni görənlər isə bu vəhşəti belə təsvir ediblər: «Jitomirdə qırğın 1918-ci il 25 oktyabrda baş verdi. Bir həftə sonra qırmızılar şəhərə girdilər və səkilərə səpələmiş cəsədləri, tikələrə bölünmüş uşaqları, qarnı yarılmış qadınları gördülər. Bu, ölüm şəhəri idi. Vinnitsaya gedən yolda yanmış daşlar və insan ətinin son qalıqlarını gəmirən itlər qalmışdı. Kazatində nə bir yəhudi, nə bir ev qalmışdı. İsrail qırılmış, ya da qaçmışdı».

Bu hadisələr başqa yerlərdə də baş verirdi. Talan və qırğınlarda qırmızı ordu hissələrinin də iştirakı qeyd olunurdu. Lakin bu hallar epizodik idi. Çünki bolşevik inqilabının başlanğıcında antisemitizm ilə mübarizə haqqında bir neçə qətnamə qəbul edilmişdi. Məhz bu amil yəhudilərin böyük hissəsinin bolşeviklərin tərəfinə keçməsinə səbəb olmuşdu.

Onları məhv etməyə haqqım var!

Almaniyada isə bu dövrdə millətçi hərəkat başlayırdı. Ölkənin hərbi elitası Birinci Dünya müharibəsində məğlub olmalarını sosial-demokratların və yəhudilərin “arxadan zərbə” vurmasında görürdü. Bu fikirlər də yəhudilərə qarşı yönəlmiş millətçilik hərəkatının alovlanmasına gətirib çıxarırdı. Çünki orta əsrlərdən bəri alman xalqında yəhudilərə qarşı möhkəmlənmiş nifrət hissini yenidən oyatmaq asan idi. Hitlerin partiyasının mövqeyi isə D. Ekkartın «Bolşevizm Musadan Hitlerə qədər: Adolf Hitlerlə mənim dialoqum» kitabında öz əksini tapıb. Burada Hitler partiyasının məqsədi 3 əsas maddədə təqdim olunur: yəhudilərlə mübarizə, sülh müqavilələri və marksizmlə mübarizə.

Hitlerin fəaliyyətinin ilk illərindən Almaniya müharibəyə intensiv hazırlaşmağa başlayır. Hərbi qüvvələr dirçəldilir, yeni hərbi texnika istehsal edilirdi. Bununla yanaşı, yəhudilərə qarşı repressiyalar da başlayırdı. Onlar Reyxin əsas düşməni olaraq təqdim edilirdilər. Hitler deyirdi: «Əgər mən alman millətini müharibənin cəhənnəminə göndərirəmsə, heç bir rəhm etmədən qiymətli alman qanını axıdıramsa, deməli heç şübhəsiz, mənim, soxulcan kimi artan aşağı irqin milyonlarla insanını məhv etməyə haqqım var».

İşğal olunmuş ölkələrin xalqlarına qarşı ən qəddar münasibət yəhudi və qaraçılara göstərilirdi. Bu qəddarlıq eyni zamanda partizanlara və hərbi əsirlərə də tətbiq olunurdu. Milyonlarla sovet hərbi əsirləri dözülməz şəraitdə saxlanırdılar və onların üçdə ikisi dözməyib həyatlarını itirmişdi. Stalinin Cenevrə Konvensiyasını imzalamaması səbəbindən alman əsir düşərgələrindəki sovet hərbi əsirləri dəhşətli dözülməz şəraitdə yaşayırdılar.

Aynzasqruplar

SSRİ ərazisində yaşamayan, eləcə də Avropanın digər yerlərindən gətirilən yəhudiləri məhv etmək üçün Heydrixin rəhbərliyi altında hər birində 500-900 nəfər olan SS-in aynzasqrupları (işğal olunmuş ərazilərdə müqaviməti yatırmaq, Reyxin gizli və aşkar düşmənlərini məhv etmək üçün cəza qrupları) yaradılırdı. Onlar Pribaltikada, Belarusda, Ukrayna və Moldovada fəaliyyət göstərirdilər. Şəhər və digər yaşayış yerləri alman qoşunları tərəfindən işğal olunduqdan dərhal sonra yəhudilər məhv edilirdilər. Qızıl Ordunun əsir düşmüş yəhudi əsgərləri anında güllələnirdilər. Məhv edilənlərin sayı 80 min nəfərə çatırdı. Aynzasqruplara kömək məqsədi ilə SS-in nəzdində əlavə qruplar, eyni zamanda “asayiş polisi” yaradılmışdı. İşğal olunmuş ərazilərdə eston, latış, ukraynalı, kazak, tatar və hətta ruslardan ibarət 170 mobil polis batalyonu fəaliyyət göstərirdi. Məsələn, Ukraynada və Rusiyanın cənubunda belə qruplarda 10194 alman, 70759 nəfər yerli sakin xidmət edirdi. Polşa və Pribaltika ərazisində yəhudi qırğınları hələ alman ordusu oralara gəlməzdən əvvəl yerli faşistlər tərəfindən törədilmişdi. Yəhudi uşaqlarının güllələnməsində əsasən Ukrayna polisi iştirak edirdi, çünki alman komandanlığı bu hərəkətlərin öz əsgər və zabitlərinə mənfi təsir göstərəcəyindən qorxurdu. Hesablamalarda göstərilir ki, işğal olunmuş ərazilərdəki 2 900 000 nəfər yəhudidən 1%-dən də az hissəsi sağ qalmışdı.

Bu qruplar təhlükəsizlik xidməti və SS-in professional alman polisləri ilə tamamlanırdı. Onlar siyasətçiləri və partiya üzvü olan yəhudiləri güllələməli idilər. Sonradan onların qarşısına başqa tapşırıq qoyuldu: istisnasız olaraq bütün yəhudiləri məhv etmək! Aynzasqrupun komandirləri gördükləri işi bütün xırdalıqları ilə səliqəli şəkildə Berlinə məruzə edirdilər. Bütün bu hesabatlara əsasən günbəgün baş verən hadisələr barədə aydın təsəvvür yaratmaq olur. Sənədlərin birində Litvada aynzasqrupun 4 iyul-1 dekabr 1941-ci il tarixlərindəki fəaliyyətinə dair statistika verilib. Bu müddətdə 137 346 nəfər öldürülüb. Bunların arasında rus və litva kommunistləri, rus hərbi əsirləri, “ürək xəstələri”, litvalılar, polyaklar, qaraçılar və partizanlar vardı. Lakin daha çox yəhudilər öldürülmüşdü. 28 oktyabr 1941-ci il tarixində Kaunas gettosundakı edam barədə: 9200 nəfər yəhudi öldürülüb: 2007 kişi, 2920 qadın, 4273 uşaq.

1941-ci il noyabrın 1-də Belqrad yaxınlığındakı edam haqqında Leytenant Valterin hesabatından: “Əsas vaxt quyu qazmağa sərf olunurdu. Edam isə daha az vaxt tələb edirdi (40 dəqiqəyə 100 nəfər)... Əvvəllər mənim əsgərlərim çətinlik çəkmirdilər. Lakin ikinci gün hiss etdim ki, güllələməni davam etdirmək üçün biri-birinin ardınca psixoloji güclərini itirirlər. Mənim fikrimcə, edam zamanı çox nadir halda emosional problemlər yaranır. Yalnız bir neçə gün sonra sakit bir zamanda baş verənləri xatırladıqda emosional hallar yaşanır”.

Alman əsgəri Alfred Mesner: “Edam 3-4 saat davam etdi. Bu müddətdə mən fəaliyyətdə idim. Fasilələr ancaq karabinin yenidən doldurulması zamanı yaranırdı. Ona görə də mən bu 3-4 saat ərzində nə qədər yəhudi öldürdüyümü deməyə çətinlik çəkirəm. Çünki mən silahı yenidən dolduranda mənim yerimə başqası güllələyirdi. Biz həddən çox içmişdik ki, əhvalımız yaxşı olsun”.

Şərqi Avropada və keçmiş SSRİ ərazisində fəaliyyət göstərən aynzasqruplar polis batalyonlarının və digər hərbi qüvvələrin köməyi ilə 2 milyona yaxın insani məhv etmişlər.

Müharibədə yəhudi faktoru

Bu müharibədə yəhudilərin rolu və iştirakını analiz edərkən, belə bir qənaətə gəlmək olur ki, yəhudilər həm aşkar düşmən - Hitler faşizmi, həm də gizli düşmən – hətta işğal olunmayan ərazilərdə belə yayılan antisemitizmlə mübarizə aparmalı olmuşlar.

Yəhudilərin Rusiya tarixinin mühüm məqamlarında iştirakı böyükdür. İstər bolşevik inqilabı, istərsə də sosializm quruculuğu prosesində yəhudilərin rolu danılmazdır. Sonradan SSRİ-nin kəşfiyyat və hətta cəza orqanlarının da işində fəal iştirak etmişlər. Lakin Stalin repressiyaları digər xalqlar kimi yəhudilərdən də yan keçməmişdir. Stalin dövrünün bolşevik rejimi tədricən və məqsədyönlü şəkildə rəhbərlikdə təmsil olunan yəhudilərdən xilas olurdular.

Bütün bu faktlar bir daha göstərir ki, Birinci Dünya müharibəsindəki ideoloji problemlər İkinci Dünya müharibəsində də kəskin şəkildə özünü büruzə verirdi. Nəticə etibarilə belə qənaətə gəlmək mümkündür ki, İkinci Dünya müharibəsində yəhudi amilini gözardı etmək mümkün deyil. Yəhudi xalqı müharibə zamanı tamamilə məhv olmaq təhlükəsi qarşısında qalmışdı. Yəhudiləri məhv etmək şüarı Hitlerin ilk şüarı idi. Lakin faşizmin müharibədə məğlub olması yəhudi xalqının ümid işığına çevrildi və xalqın özünüdərk prosesində qəfil yüksəlişə səbəb oldu...

Bu barədə növbəti yazıda...

Yaqut Əliyeva
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5175

Oxşar yazılar