Silahı oyuncaq bilən körpələr, təşkilatlanmayan türkmənlər... – REPORTAJ
25 avqust 2012 14:10 (UTC +04:00)

Silahı oyuncaq bilən körpələr, təşkilatlanmayan türkmənlər... – REPORTAJ

Azərbaycan mətbuatında ilk dəfə “APA Group” Suriyanın savaş bölgəsinə jurnalist ezam edib. Qrupumuza daxil olan Lent.az-ın əməkdaşı Səbuhi Məmmədli Suriyaya səfəri ilə bağlı hazırladığı materialları ümumi təəssüratları ilə yekunlaşdırır...



Yox, daha savaşdan, onun gətirdiyi fəlakətdən, yarımçıq qırılmış insan talelərindən yazmayacam. Sadəcə, bəzi təəssüratlarımı bölüşmək istədim. Hətta neçə gündür haqqında söhbət açdığım, reportajlarda dəfələrlə adını çəkdiyim Əhməddən, məni Türkiyə sərhədindən keçirib Suriyaya aparan sürücü-mühafizəçi-tərcüməçi Əhməd Əl-Maktumdan da söhbət açmayacam.

Elə Türkiyədən, həm də Suriyadan təbii ki bəhs edəcəm. Və həm də səfər boyu rastlaşdığım elə səfərə bir başa dəxli olan yol qeydlərimi yazacam...


***

…Bir ucu Hataydan Mardinədək yüzlərlə km uzunluğu olan Türkiyə-Suriya sərhədində vaxtı ilə 15-dən çox sərhəd-keçid məntəqəsi fəaliyyət göstərirmiş. İndi böyük əksəriyyəti bağlanıb. Əslində bu da təəccüblü deyil. Qonşuluqda savaş gedir. Onsuz da on minlərlə qaçqın sığınıb Türkiyəyə. Sərhəd açıq olsa, onların sayının milyona çatmayacağına heç kim zəmanət verə bilməz.


İki qapıdan - Urfa vilayətinə aid olan Akçakala və Kilisə aid Özcapınardan Suriyaya böyük məhdudiyyətlərlə də olsa, keçid məntəqəsi fəaliyyət göstərir. Bunlar bir-birindən ı təxminən 300 kilometr məsafədə yerləşir. Bəlkə də daha az. İndi siz təzada baxın : Akçakalayla üzbəüz o tərəfə, yəni Suriyanın buraxılış məntəqəsinə, gömrüyünə Əsəd, Kilisdəki ilə üzbəüz olana isə Suriya Azadlıq Ordusunun qüvvələri, bir sözlə müxalifət nəzarət edir.


Hər ikisindən qaçqın axını var. Hər ikisindən keçid mümkündür. Amma…
Elə hər şey də bu «əmma»dadır. Əsədin qüvvələrinin nəzarət etdiyi məntəqədən o yana nə Türkiyə vətəndaşları, nə də jurnalistlər keçə bilir. Buna qarşı tərəf icazə vermir. Öz vətəndaşlarını Türkiyəyə buraxan hələ ki Suriya tərəfi türklərə və jurnalistlərə az qala casus gözü ilə baxır. Və ora keçərkən kiminsə saxlanmayacağına zəmanət verən yoxdur. Əslində onların özlərinin də həmin məntəqəni nə vaxtadək əllərində saxlaya biləcəyinə heç kim zəmanət verə bilmir. Bu səbəbdən də Akçkalada olarkən ərəb dəllallardan biri israrla deyirdi ki, məni və Cənubi Koreyadan olan jurnalist Zeni o taya 500 dollara keçirə, ən azı Hələbə kimi apara, reportaj hazırlamağa yardımçı ola bilər.


Əvvəl Zen qıyıq gözləri ilə buna «yox» dedi. Mənsə - şərqliyik axı - əvvəlcədən bu adamın fırıldaqçı olduğunu zənn etdiyimdən 500 dolları Suriya səhrasına atmaq fikrim yox idi.


Maraqlıdır ki, bu dəllal sərhəddə həm adam keçirir, həm dollar, lirə, avro, Suriya funtu olmaqla müxtəlif valyutaları dəyişir, həm də Türkiyəyə gələn qaçqınlara kamplarda rahat yerlər düzəldəcəyi vədini verirdi. Şəkildə bu adamı görürsüz. O, bizi inandırmağa çalışırdı ki, bütün «qəzetəçilər»i o taya o, keçirir. Bu, hətta onun bir missiyasıdır da.


***


Kilisdə isə vəziyyət tamam fərqlidir. Burdan həm Türkiyə, həm də Suriya vətəndaşları rahat gedib-gələ bilirlər. Bircə jurnalistlərin problemi var; onlar da bələdçi ilə hərəkət etməlidilər.

Türkiyə sərhədində məmur o tərəfə keçən jurnalisti mütləq xəbərdarlıq edir: «Güvənliyiniz varmı?»
Keçidə heç bir maneə törətmədən, sadəcə narahatlıqlarını izhar edirlər. Axı çox yox, cəmi 50-60 kilometr aralıda bütün dünyanın diqqət mərkəzində olan Hələb yerləşir. Və bu gün Suriyanın da, Əsədlərin də taleyi məhz bu şəhərdə həll olunur desək, yanılmarıq.


***

Suriya bu cəbhədə ilk şəhidlərindən birini harda versə, yaxşıdır? Bəlkə də təəccüblənəcəksiniz: gömrükdəki bayraq dirəyindən Suriyanın dövlət bayrağını endirib, ora Suriya Azadlıq Ordusunun bayrağını asarkən. Hə, hündür bayraq dirəyinə dırmanan gəncəcik bir uşaq, bayrağı qopardır…amma yenisini ora taxarkən yıxılıb ölür. Gənc demişkən, Suriya müxalifəti tərəfində vuruşan minlərlə gənc var. Gömrükdəkilər isə lap yeniyetmədilər. Məsələn, bizim pasportumuza möhür vuran gəncin uzağı 20 yaşı olardı. Pasporta baxıb Azərbaycanın əvvəl İran, sonra nədənsə…Polonya-Polşa olduğunu düşündü. Daha sonra başqa bir, nisbətən yaşlı əsgərə uzatdı. Ondan sonra pasporta giriş möhürü vuruldu. Və mənə həm də elə gəldi ki, bu uşaqlar əllərindəki «Kalaşnikov»dan istifadə etməyi belə bacarmırlar. Avtomatın qoruyucusunu, çaxmağını ora-bura oynadan bu gənclərə nəzarət edən, təlimat verən belə göz dəymirdi…


***
İstər Əl Səlamədə, istərsə də Azazda xarabalıqların arasında oynayan uşaqlar elə kitablardan oxuduğumuz, filmlərdə gördüyümüz savaş çocuqlarından əsla fərqlənməzlər. Əsəd qüvvələrinin vurulmuş, yandırılmış tankları onlar üçün ən yaxşı oyuncağa çevrilib. Tankın içinə girirlər, üstünə çıxırlar, iki barmaqlarını qaldırıb mənasını belə dərk etmədikləri «Azadlıq» deyə işarə edib poz verirlər.
Azazda təxminən 12-13 yaşlı bir uşağın əlində tutduğu tapançanı isə əvvəlcə oyuncaq zənn etmişdim. Amma sonradan məlum oldu ki, bu oyuncaq yox, həqiqi tapançadır, sadəcə atası darağını çıxarıb verib ki, oynatsın.

***

Suriyada ən çox diqqət çəkən məqam bir gün əvvəl ən əziz adamını itirənlərin soyuqqanlılığıdır. Düzdür, onlarla söhbət edəndə emosional şəkildə Əsədə qarğış edir, əllərini üzü göyə tutub «Allah, Allah» deyə qışqırırlar. Amma Azazda səhəri toyu olası, bombardman nəticəsində həlak olmuş Təbir adlı gəncin qardaşının məni onun bəzədilmiş toy otağına aparması və çox təmkinlə yerlə bir olmuş çarpayıları, qırmızı lentləri, ətrafa səpələnmiş şirniyyatı göstərib belə həmin soyuqqanlılıqla nəql etməsi də onların artıq savaşın ən pis dəhşətlərinə hazır olduğundan xəbər verirdi.


***

Hələb isə bir başqa aləm. Tacirdilər ki, tacir. Təsəvvür edin, şəhərin bir başında ölüm-qalım mübarizəsi gedir, bu başında dükanlar açıq, alış-veriş öz qaydasında. Hətta kiçik kafelər belə heç nədən ehtiyat etmədən müştəri gözləyir. Hələbin o başını vuran təyyarələrin bəri başıyla uçuş müddəti heç iki dəqiqə olmaz. Amma türklər demiş, umurlarında deyil.


***

Türklərdən söhbət düşmüşkən, bir az da Suriya türkmənləri barədə. Təşkilatlanmayıb Suriya türkmənləri. Və adama elə gəlir ki, onlar vətənlərində gedən savaşa belə hardasa biganədirlər. Əsasən, Suriyanın şimalında-elə Hələbdə, Lazkiyada da onların sayı kifayət qədərdir, “türkmənlərin silahı yoxdu” - deyənlər yanılırlar. Silah çoxdu, necə deyərlər hamıya çatar. Söhbət ondan gedir ki, Suriyanın sabahkı taleyi belə bəlli deyil. Türkiyədə söhbətləşdiyimiz şəxslər maraqlı analizlər edilər. Onların qənaətinə görə, sabah Suriyada kimlərsə əməlli başlı muxtariyyat əldə etsələr, türkmənlər bu «xoşbəxtlikdən» bəhrələnməyəcəklər. Çünki düz-əməlli qurumları, təşkilatları yoxdu.
Türkmənlərlə bağlı bəndənizin başına gələnlər də əslində bu məqamlardan xəbər verir. Təsəvvür edin, səfərdən əvvəl Suriya türkmənlərinin liderlərindən sayılan Əli Öztürkmənlə əlaqə saxlayırıq, ondan Suriyada yaşayan türkmən qardaşlarla əlaqə saxlamaqda yardımçı olmağı xahiş edirəm. Əli bəy mənə düz üç telefon nömrəsi verir. Bakıdaykən onların biri ilə əlaqə qururuq. Hətta bölgədəki durumla bağlı onlara istinadən Lent.az-da xəbərlər də qoyuruq. Səfərə çıxırıq, Türkiyədən həmin nömrələrə zəng edirik. Ya cavab verirlər, ya da «tezliklə Suriyada olacağam harda görüşək» soruşan kimi qəribə cavablar alırıq: «Biz bu numaradan sizi ararız».
Həmin adamlar Suriyanın Türkiyə ilə sərhəd Çobanbəy kəndində yaşayırlar. Bu kənd Türkiyənin Reyhanlı istiqamətində yerləşir. Əslində sərhədi də o tərəfdən keçməyi planlaşdırıram. Özümüzünküdülər deyə. Akçakaladan çıxanda həmin telefonlara zəng vururam, anormal cavablar davam edir: «Bizə deyiblər köydən çıxmayın»; «Sizin kimliyinizi bilmirik»; «Numaramıızı nerdən aldınız?»
Bir daha, dəfəm-dəfəm Əli Öztürkmənin adını çəkirik, Bakıdan onlarla danışdığımızı xatırlayırıq, sadəcə belə cavab verirlər: «Anlamadıq əfəndim».


Artıq dostumuz Əhmədlə Suriya ərazisindəyik. Əli Öztürkmənin sözü olmasın, «türkmənlərin səsini dünyaya duyurmaq» üçün yenidən onları arayarkən telefonu söndürürlər. Suriyada olarkən onlara bircə dəfə danışa bildim. Ridvan adlı həmin türkmən qardaş sadəcə belə dedi: «Bizi rahatsız etməyin, lütfən. Politikaya qoşmayın».
Yəqin anlaşıldı nə dediyim...


***


Səfər zamanı Türkiyənin hər bəlaya hazır olan bir dövlət olduğu aydınca görünürdü. Hər gün minlərlə qaçqın, onlarla yaralı qəbul edən qardaş dövlət onların yerləşdirilməsində heç bir problemlə rastlaşmırdı. Qaçqınlara ən yüksək səviyyədə kamplar qurulub. Hətta kişilər və qadınla üçün ayrıca hamamlar, televizora baxmaq üçün xüsusi çadırlar, tibb məntəqələri, uşaqların əylənməsi üçün belə yerlər düzəldilib. Ərzaq və paltar təminatına isə söhbət ola bilməz. Türk rəsmilər də qaçqınlarla hər an maraqlanır. Məsələn, biz Urfada olarkən vilayətin valisi hər iş gününün sonunda çadır şəhərciyə gələr, - fotolarda da görürsünüz - gecə yarısınadək onların dərdini dinləyər, bütün problemlərinin həllinə yardımçı olardı.


***

- Aman Türkiyə, aman Türkiyə, biz səni heç sevməzdik. Nə yaxşı ki varmışsan.
Yadınızdadırmı bu sözlər. Bunu ötən reportajlarımızın birində Əhmədin dilindən yazmışdıq.
Hə, Türkiyə doğrudan da onları yaxşı mənada peşman eləyib. Türkiyə onlar üçün indi onlar üçün sıcaq bir yuva, pənah, xilas yeridir. Belə Türkiyəni necə sevməyəsən, ay Əhməd!

Səbuhi Məmmədli, Suriya-Türkiyə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4577

Oxşar yazılar