«Ölüm matçı»nın sirləri – TARİX –
14 avqust 2012 18:25 (UTC +04:00)

«Ölüm matçı»nın sirləri – TARİX –

Kiyevdəki Lobanovski adına stadionun (Kiyevin futbol üzrə «Dinamo» klubunun keçmiş ev stadionu) qarşısında böyük bir monument ucaldılıb. Daşdan hazırlanan bu massiv monumentdə harasa uzaqlara – üfüqə doğru baxan 4 nəfərin fiquru yonulub. Bu fiqurlar İkinci Dünya müharibəsi dövründə Ukraynanın faşistlər tərəfindən işğalı zamanı öldürülən dörd futbolçunun – Nikolay Korotkix, İvan Kuzmenko, Aleksey Klimenko və Nikolay Truseviçin fiqurlarıdır.

Onların haqqındakı hekayə sovet dövründə SSRİ-nin bütün respublikalarının dərsliyinə salınmışdı. Onilliklər ərzində bu hadisə barədə bədii və sənədli filmlər çəkilib, romanlar yazılıb, məqalələr dərc edilib. Düzdür, 1992-ci ildə dərc edilən sənədlər həmin əfsanənin üzərinə ciddi kölgə salıb. Amma mövzu hələ də aktuallığını itirməyib və tarixçilər həqiqət uğrunda savaşmaqda davam edirlər.

2011-ci ilin noyabrında Almaniya və Ukrayna yığmaları arasında keçirilən yoldaşlıq görüşündən sonra alman jurnalistləri məşhur matçı yenidən yada salıblar. Əfsanəyə görə, ukraynalı futbolçular 1942-ci il avqustun 9-da keçirilən görüşdə qələbəyə görə həyatlarını itiriblər. Rusiya tərəfindən çəkilən və bir qədər əvvəl ekranlara çıxan film də ocağın üzərinə yağ tökür. Amma idman tarixçisi və nasional-sosializm dövründəki futbol üzrə tarixçi Markvart Hersoq «Ölüm matçı» barədə 70 ildir davam edən əfsanəni təkzib edir.

70 ilin əfsanəsi

Qəhrəmanlar haqqında miflərin yaradılması sovet rejiminin adi taktikası olub. Məsələn, 1930-cu illərdə öldürülən məktəbli Pavlik Morozov buna misal ola bilər. Pavlik Morozovun hadisəsi əfsanəyə çevrilmişdi və sovet məktəblilərinin bir neçə nəsli əsl məktəblinin dövləti düşmənlərdən qorumaq üçün necə hərəkət etməsi ruhunda tərbiyə edilirdi. Müharibədən sonrakı dövrdə də «Ölüm matçı» ilə bağlı hadisə analoji tərzdə şişirdilirdi.

Bu əfsanəyə görə, almanlar 1941-ci ildə SSRİ-nin tərkibinə daxil olan Ukraynanı işğal ediblər. Həmin ilin sentyabrında işğalın qəddarlığı öz pik nöqtəsinə çatıb. Sentyabr ayında 2 gün ərzində Kiyevdəki Babiy Yarda 30 min yəhudi öldürülüb. 1942-ci ilin əvvəlində Kiyevdə aclıq hökm sürürmüş. Yaz aylarında isə almanlar Ukrayna paytaxtında «normal vəziyyət» əhval-ruhiyyəsi yaratmaq üçün bir neçə futbol matçı keçirmək qərarına gəliblər.

1942-ci ilin yazından işğalçılar qida rasionunu genişləndirirlər və futbol oynamağa icazə verirlər. Ukrayna komandası formalaşdırılır. Komandanın potensial üzvləri öz aralarında işğalçılarla oyunun nə dərəcədə düzgün olacağı ilə bağlı mübahisə edirlər. Amma yekunda komanda yığılır və ona «Start» adı verilir. Komanda üzvləri əsasən yerli çörək zavodunun işçiləri olur. Deyilənə görə, çörək zavodunun direktoru çılğın futbol azarkeşi olduğundan, keçmiş futbolçulara işğal dövründə sağ qala bilmək üçün iş verib. «Start»ın heyətinə cəlb edilən futbolçuların çoxu da Kiyev «Dinamo»sunun və «Lokomotiv» klublarının keçmiş oyunçuları olur. Amma digər futbolçular da professional olurlar və rəqiblərini xeyli üstələyirmişlər.

«Start» 1942-ci ilin iyunundan avqustuna kimi faşistlər tərəfindən təşkil edilərək keçirilən 10 oyunun hamısında qalib gəlir. Bu oyunların 7-si işğalçılara (almanlar və macarlardan təşkil edilən klublar), 3-ü isə Ukrayna komandalarına qarşı keçirilir. 1942-ci il avqustun 6-da kiyevlilər almanlara qarşı (bəzi məlumatlara görə, bu komanda Lyuftvaffenin – Hərbi Hava Qüvvələrinin heyətindən təşkil edilibmiş) oyunda 5:1 hesabı ilə qalib gəlirlər. Sonra isə «Ölüm matçı» keçirilir. Elə buradaca faktlar və əfsanələr bir-birinə qarışır. Almanlar hesab edirlər ki, artıq uduzduqları bəsdir. Revanş sayılan «Ölüm matçı» 1942-ci il avqustun 9-da «Zenit» stadionunda keçirilməliymiş. Bəzi məlumatlara görə, ukraynalılara onlardan «ancaq bir nəticə gözlənildiyi» barədə xəbərdarlıq da edilir. Birinci hissədə hesab 3:1 «Start»ın xeyrinə olur. Sovet əfsanəsinə görə, fasilə zamanı ukraynalıların soyunub-geyinmə otağına bir neçə nəfər, o cümlədən SS zabiti və hətta oyunun baş hakimi daxil olur. Onlar ukraynalı futbolçulara qələbənin onların taleyində hansı faciəyə səbəb olacağı ilə bağlı xəbərdarlıq ediblər.

Burada şübhə yeri olmayan bir məqam var – «Start» oyunu 5:3 hesabı ilə udur. Bəzi iddialara görə, «Start»ın oyunçusu son dəqiqədə alman qapıçını keçir, qapıya yaxınlaşır, amma topu qapıya vurmayaraq, geriyə – orta xəttə göndərir. Faşistlər görünməmiş şəkildə alçaldılır...

İddiaya görə, oyundan dərhal sonra komandanın qırmızı sovet bayrağı rəngində fubolka geymiş oyunçuları həbs olunur və güllələnir...

Əfsanəni təkzib edən həqiqət

Tarixi fakt isə bir qədər fərqlidir. Oyundan dərhal sonra heç bir hadisə baş verməyib. Ancaq bir neçə gün sonra 9 futbolçu çörək zavodunda, iş başındaca həbs edilib. Bəzi tarixçilər bildirirlər ki, onlar almanlar üçün bişirilən çörəklərə əzilmiş şüşə qırıntıları qatışdırdıqlarından, zavodun digər işçilərilə birgə həbs olunublar. Digər versiyalara görə, almanlar tutulan futbolçular, «Dinamo» komandası və NKVD arasında əlaqə tapıblar.

Onlardan ən azı birinin – Nikolay Korotkixin məhz bu səbəbdən tutulduğu şübhə doğurmur. Onun NKVD-çi formasında fotosu tapılıb. Sonradan təsdiq edilib ki, o, NKVD mayoru olub və 1932-1934-cü illərdə bu orqanda çalışıb, Kommunist Partiyasının üzvü olub. Korotkix həm də ilk öldürülən şəxs olub. Onu gestaponun Kiyevin mərkəzindəki binasına aparıblar. İşğaldan əvvəl və sonra sovet gizli milisinin yerləşdiyi bu binada Korotkix işgəncə verilərək öldürülüb. Məlumatlara görə, işgəncələrə dözməyən Korotkix infarkt keçirib.

Digər futbolçuları Sıretsk əsir düşərgəsinə göndəriblər. 1943-cü il fevralın 24-də – «Ölüm matçı»ndan bir neçə ay sonra Truseviç, Klimenko və Kuzmenko güllələnib. Yəni, hadisə heç də sovet təbliğatında göstərildiyi kimi matçdan dərhal sonra baş verməyib. Əslində, futbolçuların öldürülməsində qeyri-adi heç nə olmayıb da. 1943-cü ilin sonunda Kiyevin sovet qoşunları tərəfindən azad edilməsinə qədər – 2 il ərzində Sıretsk düşərgəsində və Babiy Yarda bir çoxları eyni aqibətlə üzləşmişdilər. Öldürülənlərin ümumi sayı 100 min nəfəri keçir.

Əfsanə necə yaradılıb?

Bu hadisə simvolik qələbə olub – işğal edilənlər, işğalçılara qalib gəliblər. Amma futbolçuların həbsi və öldürülməsi barədə ilk informasiya 1943-cü ildə yayılıb. Tarixçi Markvart Hersoq bildirir ki, əfsanənin yaradılmasına 1943-cü il noyabrın 5-dən – Qırmızı Ordunun almanları Kiyevdən vurub çıxarandan sonra başlanılıb.

Həmin oyunun «Ölüm matçı» adlandırılması isə müharibədən sonraya təsadüf edir. 1946-cı ildə sovet qəzetlərindən birində «Ölüm matçı» adlı məqalə çıxır. 1962-ci ildə film çəkilir, 1963-cü ildə bir neçə futbolçu ölümündən sonra təltif edilir. 1971-ci ildə isə Kiyevdə abidə açılır. Beləliklə, həmin hadisə sovet tarixində əbədiləşdirilir.

Hersoqun sözlərinə görə, «Start»ın futbolçuları almanlarla görüşdən sonra deyil, tamamilə başqa bir matçdan sonra həbs ediliblər: «1942-ci il avqustun 16-da «Start» ukraynalı millətçilərin «Rux» komandası ilə görüş keçirib və 8:0 hesabı ilə qalib gəlib. Müasir araşdırmalar göstərir ki, bundan sonra «Rux»un futbolçuları «Start»ın futbolçularından gestapoya çuğulluq ediblər və onları NKVD-çi adlandırıblar. Bu, birinci növbədə məğlubiyyətin qisasını almaq, ikinci növbədə isə Kiyevdəki «Start» kimi güclü rəqibdən yaxa qurtarmaq cəhdi olub».

Bununla yanaşı alman tarixçisi Korotkixin işgəncə nəticəsində öldürüldüyünü, daha 3 futbolçunun isə bir neçə ay sonra kütləvi güllələnmə zamanı öldürüldüyünü etiraf edib: «Kütləvi güllələnməyə isə onların saxlanıldığı əsir düşərgəsinin komendantı Paul fon Radomskinin iti olub. Guya ki, onun iti düşərgə mətbəxindən sosika oğurlayıb və əsirlər itin üzərinə cumublar. Bu «özbaşnalığa» görə əsirləri kütləvi şəkildə güllələyiblər».

Oyun zamanı alman futbolçularının qaydaları kobud şəkildə pozması, hakimin isə qərəzli olması faktı da özünü doğrultmur. Müasir ukraynalı tarixçilər Mariya Kruqlyak və Viktor Yakovenko sovet təbliğatında söylənənlərin təsdiqini aşkar etməyiblər. Əksinə, ukraynalı futbolçular ilk oyun zamanı alman futbolçunun dizini qırıblar.

Alman zabitlərinin «Start»ın soyunub-geyinmə otağına daxil olması faktı da özünü doğrultmur. Ən azı futbolçular özləri bu barədə bir kəlmə belə deməyiblər. Ukraynalıların əynində SSRİ-nin bayrağının simvolu kimi qırmızı köynək də başqa məna daşıyıb. Həmin köynəklər kommunist ideologiyasının simvolu olmayıb, oyunçulara Kiyevin alman rəhbərliyi tərəfindən verilib. Hətta «Start»ın 3 futbolçusunun gestapo çuğulu olduğu barədə də məlumat var. Yəni, futbolçuların heç də hamısı «stalinçi» olmayıb.

Alman tarixçisi bildirir ki, «Start»ın qələbəsinin almanlar tərəfindən təhqir kimi qəbul edilməsi təbliğatı da yanlışdır: «Ancaq Yozef Göbbel və onun təbliğat nazirliyi belə düşünürmüş. Məsələn, Xarici İşlər Nazirliyi ümumiyyətlə matçın nəticəsinə əhəmiyyət verməyib. Bu oyunların keçirilməsində əsas məqsəd işğal edilmiş ərazilərin əhalisinin əhval-ruhiyyəsini qaldırmaq və onları SSRİ-yə qarşı mübarizədə müttəfiqə çevirmək olub. Belə bir təbliğata isə almanların qələbəsindən çox, məğlub olmaları uyğun gəlirmiş. Görüşdən dərhal sonra çəkilən və uzun müddət gizli qalan foto da bunu təsdiq edir. Həmin fotoda hər iki komandanın oyunçuları bir yerdə dayanaraq gülümsəyirlər və çox şən əhval-ruhiyyədə görünürlər».

Həqiqətən də, oyunçulardan birinin oğlunun müharibədən sonra təqdim etdiyi foto bu faktı təsdiq edir. Oyunçular arasında heç bir düşmənçilik görünmür. Düzdür, bəziləri iddia edirlər ki, fotoya inanmaq olmaz. Guya ki, həmin şəkil əvvəlki oyunlardan sonra da çəkilə bilərmiş...

Bu dörd nəfərin faşistlərin əlindən öldüyü şübhə doğurmur. Amma onların niyə öldürüldüyü qaranlıqdır. Bəlkə onları doğrudan da alman komandasını darmadağın edən komandanın əsasını təşkil etdikləri üçün öldürüblər? Bəlkə bu, təsadüf olub və onları Almaniya əleyhinə aşkar təbliğatlarına görə qətlə yetiriblər?

Ola bilər ki, sonuncu versiya həqiqətə daha çox uyğundur və indi kiyevlilərə abidədən baxan bu 4 nəfər futbola görə öldürülməyiblər. Amma o da bir həqiqətdir ki, onlar idman aləminin, ümumiyyətlə bəşəriyyətin onları həmişə xatırlamasına layiqdirlər. Və yəqin ki, onların öldürülməsinin arxasında nə dayanmasından asılı olmayaraq, həmişə əfsanə olaraq qalacaqlar...

Kamal Gürşad
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5877

Oxşar yazılar