“Əyildim, bıçaq başımı sıyırıb keçdi...” – <span style="color:red;">“Qurd”un qəzəbi, aktrisanın çin olmayan arzusu, 42 ilin sirri
25 sentyabr 2019 11:03 (UTC +04:00)

“Əyildim, bıçaq başımı sıyırıb keçdi...” – “Qurd”un qəzəbi, aktrisanın çin olmayan arzusu, 42 ilin sirri

Lent.az-ın “Bizim filmlər” layihəsində “Arxadan vurulan zərbə” filmi

 

“Arxadan vurulan zərbə” 1977-ci ilin filmidir. SSRİ Dövlət Təhlükəsizliyi orqanlarının 60 illiyinə həsr olunub. Elçinin "Ox kimi bıçaq" povesti əsasında, onun ssenarisi ilə çəkilib. Arif Babayevin rejissor işidir. Ali kateqoriyalı filmlər siyahısındadır. Sovet filmləri kateqoriyaya bölünürmüş, həm çəkildiyi texniki və yaradıcı göstəricilərinə, həm də prokatdakı “nüfuzuna” görə. O vaxtın statistikasına görə, “Arxadan vurulan zərbə”yə SSRİ-də 17 milyon adam baxıb.

 

Film Əhməd Qəmərli adlı sovet çekistinin müəmmalı şəkildə qətlə yetirilməsindən və bu cinayət işinin araşdırmasından bəhs edir. Bütün sovet filmləri kimi, quruluşun ideologiyasının təbliğatıdır.

Həmin il – 1977-ci ildə “Azərbaycanfilm”də irili-xırdalı, sənədli-bədii, qısametrajlı, tammetrajlı və cizgi filmi də daxil olmaqla, 50 film çəkilib. İndi başımıza gəlsin.

Film Qax, Şəki, Zaqatala ərazilərində və kinostudiyanın pavilyonunda çəkilib.

Filmin maraqlı kadrlarından biri Hüseynovun arxadan bıçaqla vurulması, daha doğrusu, az qala, vurulduğu səhnədir. Rafiq Əzimovun oynadığı obrazın başını əyməsi ilə atılan bıçağın ağaca saplanması bir olur. Riskli səhnədir.

Rafiq Əzimov deyir, bıçaq atanı sirkdən gətirmişdilər: “10 metrdən dəfələrlə atdı, bıçağı birbaşa hədəfə dəydi. Amma kadrı çəkəndə az qala başıma sancılmışdı. Üçüncü kadrda “Əyil” işarəsində, deyəsən, mən də bir az gec əyilmişəm, bıçaq başımı sıyrılıb keçib. Çəkiliş dayandı, hamı yığıldı başıma, onda anladım ki, xətadan qurtarmışam. Arif Babayev dedi ki, anan namaz üstdəymiş, Əzimov. Həmin səhnə Qaxda çəkilib. Qəhrəmanın qatardan düşdüyü hissə isə Xaçmazda”.

“Qurd Cəbrayıl”ı atla qovub yaxalamaq istədikləri ərazi Pirəküşküldü. Bəzi kadrlar isə Qubanın Nügədi kəndində çəkilib. Pirəküşküldə çəkilişlərdə cıdır atları olub, amma Nügədidə kəndin atlarını çəkilişə cəlb ediblər. Rafiq Əzimov deyir, onlarla peşəkar cıdır atlarının kəskin fərqi bizi çox yordu, həm də təhlükəli idi.

Pirəküşkül demiş, filmdə nəzərimi bir fakt cəlb etdi. Həmin atçapma səhnəsi eyni dövrdə - 70-ci illərdə çəkilən bir-neçə filmdə var. “7 oğul istərəm”, “Axırıncı aşırım” , “Qatır Məmməd” və sair. Hər üç filmdə o kadrlar hamısı eyni yerdə - Pirəküşküldə çəkilib. Aktyorlar bu barədə dəqiq fikir deyə bilmədilər, xatırlamırlar.

Aktyorlar filmdə atları özləri çapırlar. Həmin aktyorlar bu filmdən əvvəl çəkildikləri “7 oğul istərəm” filminin çəkilişlərindən əvvəl atçılıq təlimlərinə gedib at çapmağı öyrəniblər.

Amaliya Pənahovanın Ziba rolunda səhnələrinin çəkilişi bir həftəyə başa gəlib.

Onun çəkilişləri bir həftə ərzində Şəkidə olub. Yalnız polis məntəqəsindəki dindirmə səhnəsi pavilyonda aparılıb.

Eyni vaxtda aktrisa “Gün keçdi” filminin sınaq çəkilişlərində iştirak edirmiş. Ümidli imiş ki, o filmdə çəkiləcək və bundan imtina edəcək. Vəziyyət başqa cür olub, “Gün keçdi” filminin sınaq çəkilişlərindən Əsmər rolu üçün Leyla Şıxlinskaya seçilib. Amaliya xanım Ziba roluna razılıq verməli olub. Özü deyirmiş ki, onun üçün Ziba o qədər sadə və xırda rol imiş ki, aktrisa düşünüb nə isə əlavə etmək fikrinə düşüb. Zibanı milisə aparan maşını görəndə aktrisa “ə, bu nə maşındır gətirmisən, başqa maşın tapmadın?”, – deyə ssenaridən kənara çıxıb. Nəticədə obrazın ən maraqlı detalı da elə bu olub. Yəni o detalla filmdə yadda qalıb.

Aktyor Ənvər Həsənov: “Mən bütün çəkilişlərdə olurdum. Yəni çəkildim, çəkilmədim. Bazamız Şəkidə yerləşirdi. Şəki ilə Zaqatalanın arası 76 km idi. Gedib çəkilişi edib, yenidən bazaya qayıdırdıq. Məsələn, Qaxda, Zaqatalada olacaq 2-3 günlük çəkilişə görə hər şeyi ora aparmaq çətin idi. Ona görə də çəkilişimizi edib, Şəkiyə qayıdırdıq. Bəzən lazım olan məkanları Şəkidə tapa bilmirdik deyə, digər regiona gedəsi olurduq. Əsasən təbiət səhnələri üçün. Rafiq Əzimova bıçaq atılan səhnə Qaxda çəkilmişdi. Şahmar Ələkbərovun maşın sürdüyü, Cəbinin öldürüldüyü epizod Zaqatalada çəkilmişdi. Şəki dağlıq idi, Qaxda isə düz yollar çox idi deyə, müəyyən səhnələr orada olurdu. Əsas yerlər Şəkidə aparılmışdı.

“Qurd Cəbrayıl”ın tutulduğu səhnədə mən, Şahmar, Həsən, Adil iştirak edirdik. O səhnədə Yusif müəllim elə oynadı ki, biz hamımız heyran qaldıq. Tutulandan sonra polis maşınına oturdulub aparılanda şüşədən baxması şedevr idi. Çəkiliş bitəndə Arif müəllim onu öpüb dedi ki, bundan yaxşı ola bilməzdi. Adam mimikaları ilə obrazı yaratdı. Burun pərlərini tərpətməsini mükəmməl oynadı. Sənətkardı də. Gündüzün belinə banka qoyduğu səhnə isə Bakıda pavilyonda olmuşdu”.

Filmin çəkildiyi rayonlarda aktyorlara hədsiz diqqət və qayğı göstəriblər. Evlərindən yemək bişirib çəkiliş meydançasına gətirən kim, hər axşam evlərə samovar çayına dəvət edən kim. Kimisi aktyorlara bal pay verirmiş, kimisi hinduşka.

Filmdəki tükürpədici musiqilərin bəstəkarı Xəyyam Mirzəzadədir. Film rəssam Elbəy Rzaquliyevin fırçasından kinoplyonkaya köçürülüb. Tammetrajlı bədii filmin ilk nümayişi 3 oktyabr 1978-ci ildə olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8779
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar

Sənubər İsgəndərova  və Ceyhun Mirzəyev "Fəryad" filmində

İsmayılın fəryadı, son hayqırtı, ikinci dəfə öldürülən Xocalı qurbanları – BİZİM FİLMLƏR

26 fevral 2021 , 10:40
Hamilə aktrisanın əri öldü, dəhşətli qəzanın qarşısı alındı, “Nərgiz xala” niyə qəzəbləndi? – Bizim filmlər

Hamilə aktrisanın əri öldü, dəhşətli qəzanın qarşısı alındı, “Nərgiz xala” niyə qəzəbləndi? – Bizim filmlər

19 avqust 2020 , 10:15
Yoxa çıxan “məbəd”, baş tutmayan partlayış, bəxtsiz sevgililərin aqibəti – “Ölsəm, bağışla...”

Yoxa çıxan “məbəd”, baş tutmayan partlayış, bəxtsiz sevgililərin aqibəti – “Ölsəm, bağışla...”

14 may 2020 , 12:13
Ölüm ayağında konsert, gözəl aktrisanı aldadan rejissor, qorxulu xəncər yarası... - “Bizim filmlər”

Ölüm ayağında konsert, gözəl aktrisanı aldadan rejissor, qorxulu xəncər yarası... - “Bizim filmlər”

28 aprel 2020 , 11:36
Yataq səhnəsinə etiraz edən xalq artisti, Oqtay üçün ağlayan Əsmər, nakam sevginin sonu... – BİZİM FİLMLƏR

Yataq səhnəsinə etiraz edən xalq artisti, Oqtay üçün ağlayan Əsmər, nakam sevginin sonu... – BİZİM FİLMLƏR

4 mart 2020 , 11:31
Moskvanın qadağası, Heydər Əliyevin dəstəyi, özünü asan vicdan... – Bizim filmlər

Moskvanın qadağası, Heydər Əliyevin dəstəyi, özünü asan vicdan... – Bizim filmlər

5 fevral 2020 , 16:43
O əjdahadan bizdə olsaydı, 43 dəfə baxardıq... – Məşhur filmin gizli qalan məqamları

O əjdahadan bizdə olsaydı, 43 dəfə baxardıq... – Məşhur filmin gizli qalan məqamları

24 dekabr 2019 , 10:00
Cins şalvarlı ərəb, ehtiraslı səhnəyə çəkilən türk qızı, söyüş söymək istəməyən azərbaycanlı professor... – “Bizim filmlər”

Cins şalvarlı ərəb, ehtiraslı səhnəyə çəkilən türk qızı, söyüş söymək istəməyən azərbaycanlı professor... – “Bizim filmlər”

7 dekabr 2019 , 13:00