Nöfəl Süleymanov kimdir?  - Oğlu tərəfindən güllələnmiş gitaraçı
01 iyul 2024 16:02 (UTC +04:00)

Nöfəl Süleymanov kimdir? - Oğlu tərəfindən güllələnmiş gitaraçı

Lent.az “Bioqrafiya” rubrikasında  dəhşətli ölüm xəbəri ilə hamını sarsıdan məşhur gitaraçı Nofəl Süleymanov haqqında məlumat verir.

- Nofəl Süleymanov harada və nə zaman anadan olub?

Əslən Laçın rayonun Kamallı kəndindən olan tanınmış musiqiçi Nofəl Süleymanov 1973-cü il oktyabrın 15-də anadan olub.

- Nofəl Süleymanovun musiqi təhsili var idi?

O gitara çalmağı müstəqil şəkildə öyrənib. Nofəl çox qısa zamanda məşhurluq qazanıb. Deyilənlərə görə sənətə gəlişi çox çətinliklər, əziyyətlər bahasına başa gəlib. Onun "Hind mahnısı"na çəkdirdiyi klipdə öz həyatından da fraqmentlər olduğu deyilir. Bu klipdə küçədə döyülən kimsəsiz uşağa köməklik edən yaşlı gitaraçı bir müddət sonra müflisləşir, kömək etdiyi uşaq isə varlanıb məşhur gitaraçıya çevrilir və ustadını yad edir. 

- Nofəl Süleymanov necə bir insan idi?

Dostlarının, doğmalarının dediklərinə görə, çox ciddi, hörmətcil və ailəcanlı insan olub. Əliaçıq və səxavətli kişi kimi ad qazanıbmış.

- Nofəl Süleymanovun ailəsi barədə nə məlumat var?

Sevib seçdiyi xanımla ailə quran Nofəl Süleymanlının 4 övladı doğulub. Onlardan üçü oğlan, biri isə qızdır. Musiqiçinin ailəsi ilə xoş münasibətdə olduğu, övladlarını həddindən artıq sevdiyi deyilir. Qardaşı Əlibəy Süleymanov Nofəl haqqında danışarkən deyir: “Nofəl çox gözəl ailə başçısı olub. Onun ailəsində o qədər gözəl tərbiyə, qayda-qanun vardı ki, bunu sözlə ifadə edə bilmirəm. Balalarını hamıdan çox sevirdi".

- Nofəl Süleymanovun ölümünə səbəb nə oldu?

Nofəl Süleymanov məşhurluğunun ən pik nöqtəsində gözlənilmədən açılan atəşdən həyatını itirir. Nofəlin də bir güllədən həyatını itirməsi azmış kimi bu güllənin musiqiçinin 17 yaşlı oğlu tərəfindən ürəyinə saplanması ikiqat faciəyə səbəb olur.

Hadisə isə ailə üzvlərinin yaxınlarının dediyinə görə tam təsadüf nəticəsində baş verir. Nofəl ailə üzvləri ilə Ağcabədiyə getməyə hazırlaşır. Ailəsinə tapşırır ki, hazırlaşsınlar. Oğlu Şövqüyə isə deyir, ov silahını götürsün, təmizləsin. Bəlkə yolda ov etdilər, silah lazım oldu. Şövqü "Escot" markalı 12 kalibrli ov tüfəngində olan patronları boşaldarkən ehtiyatsızlıqdan tüfəngdən açılmış atəş nəticəsində qırmalar həmin vaxt mətbəxin eyvanında olan atası Nofəl Süleymanlının kürək nahiyəsinə dəyir, Nofəl 2020-ci il sentyabrın 8-də aldığı ağır xəsarətlərdən hadisə yerində vəfat edir. Nofəl "Əli yolu" deyilən məzarlıqda dəfn olunur.

Hadisə baş verəndən dərhal sonra yayılan məşum xəbərlər bütün musiqi aləmini, mətbuatı silkələyir. Cürbəcür şayiələr yayılmağa başlayır. Kimi deyir, oğlu on yeddi yaşlı Şövqü atasını qəsdən öldürüb, kimi deyir mərhum ailəsinə, xanımına xəyanət etdiyi üçün bu amansız gülləyə tuş gəlir. Bir sözlə baş vermiş faciəyə hərə bir cür don geyindirməyə, yozmağa başlayır.

Hər kəs dərin təəssüf və heyrət içində qalır. On yeddi yaşlı ata qatili həbs olunur. Nəsil, qohum, dost tanış bir-birinə dəyir.

- Nofəl Süleymanovun adı hansı mü3ğənni xanımla hallanmışdı?

Ölümündən sonra yayılan şayiələrdə Nofəl Süleymanovun adı müğənni-xanəndə Bəturə Hüseynova ilə çəkilməyə başladı. Bildirilirdi ki, mərhum ifaçı bu münasibətə görə həyat yoldaşı ilə tez-tez mübahisələr edib, ona şiddət göstərib. Anasına olan təzyiqlərə dözməyən oğlu isə məlum hadisəni qəsdən törədib. Lakin haqqında bəhs olunan müğənni açıqlama verir. İsrarla bu hadisənin ona aidiyyatı olmadığını bildirir. Məhkəmə də hadisənin ehtiyatsızlıq üzündən baş verməsi barədə hökm çıxardır və beləcə söz- söhbətə son qoyulur.

- Nofəl Süleymanovun ölümünə səbəb olmuş oğlunun sonrakı taleyi necə oldu?

Şövqü Süleymanlı peşəkar formada güləşlə məşğul olub. Azərbaycan çempionatında yarışlarda müxtəlif yerlər tutub. O, 2018-ci ildə 10-cu sinifdə oxuyarkən Gürcüstanda keçirilən yarışda 55 kq çəki dərəcəsində I yerə layiq görülüb.

Hadisədən sonra Şövqü həbs edilir. Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Bir qədər zaman  keçdikdən sonra musiqiçinin oğlu haqqında dediyi xoş sözlərin səs yazması sosial şəbəkələrdə yayılmağa başlayır:

"Gürcüstanda yarışda oğlum erməni idmançıya qalib gəldi. Var olsun Azərbaycan övladlarına. Allahdan arzum budur ki, xalqımız bir-biri ilə hər zaman mehriban olsun. Dövlətim var olsun, uca olsun. İnanın ki, oğlumdur deyə demirəm, ancaq o, Azərbaycan bayrağını dalğalandıranda mən özümü saxlaya bilmədim, ağladım". Sonra məhkəməni qərarı ilə Şövqü azadlığa buraxılıb.

- Nofəl Süleymanovun sənətini ailəsində davam etdirən var? Onun gitarası kimə verildi?

Gitaraçının sənətini 16 yaşlı oğlu davam etdirir. O atası kimi toylara gedir, ailəsinin dolanışığına kömək edir.

16 yaşlı Rəvan Nofəloğlu, atasının sənətini  davam etdirəcəyini  bildirib: "Atam sağlığında da ifa edirdim. Amma onda daha çox dərslərimə vaxt ayırırdım. İndi həm dərslərimi oxuyuram, həm də gitara ifa edirəm. İstəyirəm atamın gitarası toz basmasın. İnşallah layiqincə davam etdirirəm bu sənəti".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13551
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar