İsmayıl Haniyə
31 iyul 2024 17:10 (UTC +04:00)

İsmayıl Haniyə

İsmayıl Haniyə kimdir? – Dəfələrlə sui-qəsdə uğrayan, “xüsusilə təhlükəli”, 13 uşaq atası

HAMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda iqamətgahında vurularaq öldürülüb. Lent.az “Bioqrafiya” rubrikasında İsmayıl Haniyənin həyatı və fəaliyyəti barədə məlumat verir.

- İsmayıl Haniyə harada və nə zaman anadan olub?

İsmayıl Haniyə, bəzi mənbələrə görə, 1962-ci ildə (dəqiq tarix məlum deyil) Qəzzada (Fələstin) əl-Şati fələstinli qaçqın düşərgəsində anadan olub.

- İsmayıl Haniyə ali təhsil alıb?

O, 1987-ci ildə Qəzza İslam Universitetinin Ərəb ədəbiyyatı fakültəsini bitirib.

- İsmayıl Haniyə siyasi fəaliyyətə necə başlayıb?

Təhsil aldığı müddətdə islamçı tələbə icmasına rəhbərlik edib. 1987-ci ildə İslami Müqavimət Hərəkatına (HAMAS) qoşulub. Haniyə bu islamçı təşkilatın yaradıcılarından biri olan Şeyx Əhməd Yassinə yaxın idi.

1988-ci ildə Haniyə İsrail dövlətinə qarşı Fələstin xalq etiraz hərəkatında iştirak etdiyinə görə, İsrail hakimiyyəti tərəfindən həbs edilib və altı ay müddətinə həbsdə qalıb. 1989-cu ildə o, yenidən həbs olunub və digər islamçı fəallarla birlikdə Livanın cənubuna deportasiya edilib.

O, 1993-cü ildə Oslo sazişləri (İsrail-Fələstin münaqişəsinin həlli üçün 1993-1995-ci illərdə bir sıra sazişlər) imzalandıqdan sonra Qəzzaya qayıdıb. 1994-cü ildə Haniyə Qəzza İslam Universitetinin fakültələrindən birinin dekanı olub. 1997-ci ildə o, HAMAS-ın ruhani lideri Şeyx Əhməd Yasinin ofisinə rəhbərlik edib (Yasin 2004-cü ilin martında öldürülüb).

2004-cü ilin martında Haniyə HAMAS-ın liderlərindən biri olub, təşkilatın Qəzza zolağında fəaliyyətinə rəhbərlik edib. O, İsrailin məhv edilməsi ilə bağlı ictimai çağırışlardan yayınıb və “mötədil” islamçı, praqmatist və bacarıqlı danışıqlar aparan şəxs kimi şöhrət qazanıb. HAMAS və FAT arasında vasitəçi olub. İordan çayının qərb sahilində yerləşən bu hərəkat Fələstin Azadlıq Təşkilatının (FAT) əsas siyasi qüvvəsidir və rəsmi olaraq fələstinlilərin maraqlarını beynəlxalq səviyyədə təmsil edir

2006-cı ildə Fələstin Milli Administrasiyasına keçirilən parlament seçkilərində (PNA; Oslo razılaşmalarına uyğun olaraq, onun suverenliyi İordan çayının qərb sahili və Qəzza zolağına qədər uzanır) HAMAS siyahısında birinci yeri tutub. Seçkilərdəki qələbəsindən sonra Haniyə bildirib ki, HAMAS “Fələstinin maraqlarına cavab verən siyasi xətt yaratmaq üçün FAT və bütün milli qüvvələrlə tərəfdaşlığını davam etdirəcək.

- İsmayıl Haniyə nə zaman baş nazir olub?

2006-cı ilin fevralında Fələstin Milli Administrasiyasının başçısı Mahmud Abbas İsmayıl Haniyəni baş nazir vəzifəsinə təsdiq etdi. Haniyə 2007-ci ilin fevralına qədər birpartiyalı HAMAS hökumətinə rəhbərlik edib.

2007-ci ilin martında HAMAS və FAT arasında əldə olunan razılaşmalardan sonra Haniyə milli birlik hökumətinə rəhbərlik edib. Haniyə hökumətin məqsədinin “azadlığa, müstəqilliyə nail olmaq və qaçqınların geri qayıtmaq hüququnu həyata keçirmək” olduğunu bildirib.

2007-ci il iyunun 14-də Qəzza zolağında hakimiyyəti HAMAS silahlıları tərəfindən zorla ələ keçirdikdən sonra Mahmud Abbas Haniyənin kabinetini buraxıb. Lakin o, ləğvetmə fərmanının qanunsuz olduğunu bildirib. Yalnız HAMAS üzvlərinin qaldığı hökumət 2014-cü ilə qədər Qəzza zolağında fəaliyyətini davam etdirib.

Faktiki olaraq Qəzza zolağı Mahmud Abbasın başçılıq etdiyi Fələstin hakimiyyətinin nəzarətindən kənar bir anklav halına gəlib.

2014-cü ilin yazında, fələstinlilərarası barışıq prosesinin bir hissəsi olaraq, İsmayıl Haniyə baş nazir vəzifəsindən istefa verib və bununla da FAT və HAMAS nümayəndələrinin daxil olduğu milli birlik hökumətinin yaradılması üçün fürsət yaranıb.

2014-2017-ci illərdə Yəhya Sinvarla əvəzlənənə qədər təşkilatın Qəzza zolağında lideri olaraq qalıb. 2017-ci ildən HAMAS siyasi bürosunun rəhbəri olub.

ABŞ Prezidenti Donald Trampın 2020-ci ilin yanvarında Fələstin-İsrail probleminin həlli planını, əsasən, İsrailin maraqlarını nəzərə almaqla açıqladıqdan sonra Haniyə ABŞ-ın təşəbbüsünün “Fələstin milli layihəsini ləğv etmək” məqsədi daşıdığı qənaətində olduğunu bildirib. Haniyə və Abbas razılaşmaya qarşı çıxmaq üçün birgə addımlar barədə razılığa gəliblər.

- İsmayıl Haniyə ailəli idi?

 Bəli. Ailəli idi, onun 13 övladı var.

- İsmayıl Haniyə kasıb idi yoxsa zəngin?

İsmayıl Haniyə dünyanın ən zəngin fələstinlilərindən biri hesab olunurdu. Onun sərvəti 10 milyard dollardır. O, son illər Qətərdə mühacirətdə yaşayırdı.

- İsmayıl Haniyəni kimlər terrorçu elan edib?

2018-ci ilin yanvarında ABŞ Dövlət Departamenti İsmayıl Haniyəni “xüsusilə təhlükəli qlobal terrorçu” elan edib. ABŞ hakimiyyəti bunu onunla əsaslandırıb ki, o, amerikalıların 1997-ci ildən rəsmi olaraq terrorçu, 2001-ci ildən isə xüsusilə təhlükəli kimi təsnif etdiyi təşkilata rəhbərlik edir.

- İsmayıl Haniyəyə əvvəllər  sui - qəsd edilib?

Haniyə 2006-cı ilin oktyabrında Qəzzada öz kortejinə hücumdan və 2007-ci ilin mayında evinə raket hücumundan sağ çıxıb. 61 yaşlı HƏMAS liderinin Hazem, Əmir və Məhəmməd adlı üç oğlu və üç nəvəsi bu ilin aprelində Qəzza zolağındakı Şati qaçqın düşərgəsinə hava hücumu nəticəsində həlak olub.

Ona edilən son hücum nəticəsində İsmayıl Haniyə və onun bir cangüdəni həlak olub. Rusiya İsrailin bu hərəkətini qətiyyətlə pisləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 858
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar