Qənirə Paşayeva: “Ölümü bir neçə dəfə gözümlə görmüşəm” - MÜSAHİBƏ
25 sentyabr 2009 10:00 (UTC +04:00)

Qənirə Paşayeva: “Ölümü bir neçə dəfə gözümlə görmüşəm” - MÜSAHİBƏ

“Persona” rublikasında qonağımız millət vəkili, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Qənirə Paşayevadır. Qənirə xanımla həyatfı, arzuları ilə bağlı oldu.


- Müsahibə almaq üçün səy göstərdiyimiz bu günlərdə Qənirə xanımın iş rejimi haqqında bizdə müəyyən təsəvvür formalaşdı. Həyatınız elə səhərdən axşama işdə keçir?

- Jurnalistikada da həyatım belə keçmişdi, millət vəkilliyində də. Mən jurnalistikada olanda anam həmişə deyirdi ki, bu sahədən çıx, belə həyat tərzi, səhərdən gecəyə qədər çalışmaq olmaz. Mən millət vəkili seçiləndən sonra da eyni temp davam etdi. Bir gün anam dedi ki, mən elə bilirdim ki, səni jurnalistika belə edir, sən demə, günah jurnalistikada deyilmiş, özün beləsən, səhərdən gecəyə qədər özünə iş tapacaqsan.
Düzdür, hərdən həddindən artıq yorulursan, amma bu, bir həyat tərzidir. Mən həyatımı saatlara bölürəm. Qeyd dəftərçəmdə hər gecə sabah üçün görəcəyim işlərin 1-2 səhifəlik siyahısı olur. Mən kimə zəng etməliyəm, kimin məsələsi var, onunla danışmalıyam, rayonda hansı məsələ var, işimdə hansı sənədlər getməlidir və s. Amma mən Allahımdan narazı deyiləm. Vay o gündən ki, insanın işi olmasın, insan çalışmaq, özünü reallaşdırmaq üçün bir iş axtarsın! O çətindir. Hərdən yaxın qohumlarım deyir ki, görüşə bilmirik.

- Deməli, şikayətlənirlər?

- Hamımız şikayətlənirik, mən də şikayətlənirəm. Ürəyim istədiyi yaxın qohumlarım, dostlarım var, tez-tez görüşə bilmirik. Bir də görürsən ki, anam kimi yaşlı nəslin nümayəndələri deyirlər ki, bizim vaxtımızda belə deyildi. Mən də deyirəm ki, mobil telefonlar, kompüterlər, informasiya texnologiyaları həyatımıza girib, həyat o qədər sürətlənib ki, insan artıq yetişdirə bilmir. Ancaq şükür, Allah bu imkanları verir ki, nədəsə yararlı olmağa çalışıram, kiməsə kömək etməyə imkan tapıram, kiməsə dəstək verirəm, öz işinin öhdəsindən gəlməyə çalışıram və bundan hansısa rahatlıq tapıram. Amma bu iş rejiminə alışmayan insanlar üçün belə həyat tərzi çətin görünür. Yəqin ki, mən vərdiş etmişəm.

- Belə həyat tərzi ümumilikdə, bir xanım üçün nə dərəcədə çətin, yaxud asandır?

- İş fəaliyyətində qadın-kişi ayrımını qəbul etmirəm. Mənim üçün insan, onun fiziki və zehni imkanları var. Elə qadınlar var ki, kişilərdən daha fəal işləyə, yararlı ola bilər. Biz belə görmüşük. Gözümü açandan anam kimya müəlliməsi işləyib və öz ailəsinə də baxıb, 4 uşaq böyüdüb, onları tərbiyə edib. Öz evində çox oturan xanımlar var ki, öz uşaqlarının dərdləriylə çox maraqlana bilmir, daha doğrusu, maraqlanmırlar. Amma anam hər gün işə gedirdi, evin yükü üzərindəydi, onu da çatdırırdı. Hər gün 4 övladının dərsləriylə məşğul olurdu, bizə kitablar oxumağa da vaxt tapırdı. Əsas istəkdir, insan istəsə, həm işinin, həm də ailəsinin yükünü çəkməyi çatdıra bilər. Hesab etmirəm ki, iş fəaliyyəti qadın üçün ailə həyatında bir əngəldir. Mənim nəzərimdə insanlar tənbəl və qoçaqlara, məsuliyyətli və məsuliyyətsizlərə bölünür. Biz belə görmüşük, ətrafımızda mühafizəkar mühit olmayıb.
Həm də bizim evimiz demək olar ki, tələbə yığıncağı olardı. Evimizdə lövhəyə qədər vardı, kimya fənnini öyrənmək istəyən uşaqlar bizə gələrdilər. Bir də görürdün ki, 1 otaqda 10 uşaq var, bu və ya digəri sual verirlər. Anam səbrlə onlara cavab verərdi. Anam rus dilindən kimya sahəsində çox yüksək səviyyədə tərcümələr etmişdi. Universiteti bitirib, müdafiə etmək istəyənlər də gəlirdi, anam onlara yol göstərirdi. Anamın yetişdirdiyi tələbələr var ki, bu gün kimya üzrə elmlər namizədidirlər. Biz belə görmüşük.
Karyera vəzifə demək deyil. Bizdə karyera deyəndə fikirləşirlər ki, o, ya deputat, ya da nazir olmalıdır. Xeyr. Karyera odur ki, hər bir qadının öz potensialını reallaşdıra bildiyi bir işi olsun. Yaxşı müəllimlik, həkimlik də karyeradır. Təbii ki, hamı ali təhsil ala bilməz. Amma Qadınlarımızın məşğul olduğu bir peşə mütləq lazımdır. Hər bir qadın özünü ayaq üstə saxlayacaq gücdə olmalıdır. Qadının bu formada özünü ayaq üstə saxlayacaq gücünün olmaması qadın haqlarının pozulmasının, onun əziyyət və təzyiqlərə məruz qalmasının əsas səbəblərindən biridir. Ona görə də mən rayonumuzda da həmişə təbliğat aparıram ki, oğlanlardan da qabaq qızları oxutmaq, onları bir peşə sahibi etmək lazımdır. Heç bir insan bilmir ki, 3-4 ildən sonra onun başına hansı iş gələcək. Əgər sabah qadın həyat yoldaşını itirsə, yaxud ayrılmaq məcburiyyəti yaransa, o, doğru-dürüst, namusuyla, əxlaqıyla öz çörəyini qazanmağı, övladlarını saxlamağı bacarmalı və həyat yolunda özünü itirməməlidir. O zaman qadının hüququ cəmiyyətdə də lazımi səviyyədə möhkəmlənəcək.
Yeri gəlmişkən, bu il biz rayonumuzda ali məktəbə daxil olanlarla bağlı tədbir keçirirdik. 500-dən yuxarı balla ali məktəbə daxil olanlar arasında qızların sayı oğlanlardan çox idi. Bu, məni sevindirdi.
Mühafizəkar insanlar deyirlər ki, qadının işləməsi mütləq onun ailəsi ilə məşğul olmasına mane olacaq. Belə deyil. Bilirəm ki, bu sual da haradan gəlir.

- Bəs ananız tez-tez sizə irad tutmurmu ki, qızım…

- Yox. Bizim ailə bir az fərqli olub. Bu, yəqin ki, atamdan gəlir. Hər bir qızın uğur əldə etməsində atasının dəstəyi, atasının onun arxasında olması çox böyük rol oynayır. Məktəbdə oxuduğumuz zamanlarda atam deyərdi ki, qoy bütün günü dərslə məşğul olsunlar, oxusunlar, çünki onlara ilk növbədə bu lazımdır. Ali məktəbə daxil olanda da atam həmişə arxamızda olub, deyib ki, , çalışın, öz üzərinizdə işləyin. Bizim evdə “qızsan, otur yerində!” sözləri dilə gətirilməyib. Əksinə, atam həmişə deyirdi ki, biz dəstək olmalıyıq ki, qızlarımız qabağa getsin. Atam bu prinsipi anam üçün də əsas sayıb, onun çalışmasını, savadıyla cəmiyyətə müsbət nə isə verməsini istəyib. Bu baxımdan mən şanslıyam.
Bizdə ailə ənənələri də möhkəm olub və həmişə ailəyə vaxt ayırmışıq. Ana ilə atanın, qardaş və bacının qayğısına qalmağa iş mane olmur. Əsas istəkdir, bu, insanın içərisində olur, ya da olmur. İşləyib işləməməyin buna hç bir maneəsi yoxdur.

- Ananızın sizinlə bağlı ən böyük arzusu nədir?

- Bunu anamdan soruşmaq lazımdır. Amma mənə elə gəlir ki, hər bir valideynin ən böyük arzusu övladlarını sağlam və üzünün güldüyünü görməkdir. Eyni zamanda Azərbaycanımızda yaxşı ab-hava olsun, çünki bura hamımızın vətəni, ölkəsidir.

- Siz Tibb Universitetinin məzunusunuz. Tibbi baxımdan bir xanım üçün gərgin iş rejimi, belə yaşam tərzi onun sağlamlığına nə dərəcədə xeyirli, yaxud ziyanlıdır?

- Fitnə obrazını yəqin ki, hamı sevə-sevə oxuyub. Böyük Nizami bu obrazın dili ilə nə deyirdi? Vərdiş! İnsan çalışmağa öyrənir. Hesab etmirəm ki, çalışmaq insanın həyatı üçün zərərlidir. Əksinə, çox yatmaq zərərlidir. Hər yaşın öz dövrü var. Təbii ki, insan cavan vaxtında çox işləyəcək. Yaş artdıqca, fiziki imkanlar tükəndikcə onun da fəaliyyəti yavaş-yavaş məhdudlaşır. Ona görə də gənc, orta yaşlarında olan insanların çalışma anlayışının yanında bunun səhhətə zərəri məsələsini mən qəbul etmirəm.
Digər tərəfdən, buna öyrəşməyən insan birdən-birə belə rejimə düşərsə, əlbəttə, çətin olur. Ona görə də uşaqlıqdan vərdiş etdirmək lazımdır. Bizi uşaqlıqdan belə vərdiş ediblər. Bəzən mənə deyirlər ki, sən bu məsələlərdə çox sərtsən. Məsələn, orta məktəbi rayonda oxumuşam. Rayona gedəndə görürsən ki, biri şikayətlənir ki, yazıq uşaq, çatdıra bilmədiyi üçün yaxşı oxuya bilmir. Deyirəm k, niyə? Biz əlaçı oxuyurduq, olimpiadalarda, o cümlədən şahmat yarışlarında iştirak edir, musiqi məktəbinə gedirdik, ictimai işlərlə məşğul olurduq. Üstəlik, bizim rayonda çox böyük bağımız, üzüm sahəmiz vardı. Qardaşım Hüseynlə 5-6-cı siniflərdə oxuyurduq, o böyük bağın bütün işi bizim ikimizin üzərində idi. Evdə də ailəyə kömək etməliydik. Üstəlik, sovet dövrü idi, təhsil ilinin 2 ayını da gedib üzüm yığırdıq. Atam məktəb direktoru idi, ancaq orta məktəb uşaqları arasında ən çox üzüm yığanlardan biri idim. Buna baxmayaraq, tədris proqramını başa çatdıra bilirdik. Atam məktəb direktoru olduğu üçün maşın vermişdilər, amma yağışda, qarda da biz o maşınla məktəbə getmirdik. Atam deyirdi ki, camaat deyər ki, baxın, onun uşaqları hökumət verən direktor maşınında dərsə gedirlər…
Uşaqları tənbəl öyrətmək lazım deyil. Filosofların birindən soruşublar ki, bütün uğurlarına görə nəyə borclusan? Deyib ki, bütün uğurlarımı çəkdiyim zəhmət və əziyyətə borcluyam. Yəni uğurun açarlarından biri zəhmətdir, ona da uşaqlıqdan öyrətmək lazımdır.
Mən indi toylara gedəndə çox əsəbiləşirəm. Görürəm ki, balaca-balaca uşaqlar toylarda gəzirlər. Axı onların toy gəzən vaxtları deyil! Yaxud görürəm ki, saatlarla küçələrdə gəzirlər. Mən bu anlayışları qəbul etmirəm. Vaxtı itirmək olmaz, uşaqlıqdan vaxtdan düzgün istifadə etmək lazımdır.
Mən özüm də uşaq vaxtı yorulurdum. Atam bizi musiqi məktəbinə qoymuşdu, dərsdən sonra ora gedirdik. 7 il musiqi məktəbində oxuduq. Yuxarıda dedim, şahmata da gedirdik. Amma indi fikirləşirəm ki, bütün bunları atam və anam çox yaxşı ki, ediblər. Musiqidən təhsil alırsan, az-çox anlayışın olur. Şahmatla məşğul olmaq da bu qəbildəndir. Bütün bunlar insanlara uşaqlıqdan məntiqi, düşünmə bacarığını öyrədir.

- Sizin ali məktəbə qəbul zamanı ixtisas seçiminiz nə dərəcədə düzgün olub? Biz sizi jurnalistikada, ictimai fəaliyyətdə görmüşük, ancaq Tibb Universitetinin məzunusunuz.

- Bunun səbəbi var. Mən orta məktəbə çox tez getmişəm. Məktəbdə böyümüşəm desəm, daha yaxşı olardı. 3 yaşımdan məktəbdə olmuşam. 4 yaşımda 1-ci sinfə gedən qohumlarımızdan biriylə məktəbə gedirdik. Amma yaş həddinə görə 1-ci sinifdə oxumağa icazə vermirdilər. Amma 5 yaşında icazə verdilər. 16 yaşını bitirəndə ali məktəbə, Tibb Universitetinə daxil olmuşam.
Orta məktəbdə qiymətlərim yaxşı idi. Anam kimyaçı idi, mən də kimyanı çox yaxşı oxuyur, kimya olimpiadalarında iştirak edirdim. Anam həmişə yaxşı bir həkim olmağımı istəyirdi. Çünki bu, nənəmin də arzusu idi. Nənəm istəmişdi ki, anam həkim olsun, anam həkim olmamışdı, sonra ikisi də istəyirdi ki, mən həkim olum. Ancaq mən uşaqlıqdan həmişə jurnalist olmaq istəyirdim. Məktəbdə soruşanda o zamanda dəbdə idi. Qızlar Tibb Universiteti, oğlanlar hüquq fakültəsinin adını çəkirdilər. Mən həmişə deyirdim ki, jurnalist olacam. Anam mənə hərdən deyirdi ki, həkim ola-ola yaza da bilərsən. Açığı, yuxarı sinifdə fikirləşirdim ki, bəlkə öz arzumun arxasınca gedim? Ancaq ona da mane olan bir amil oldu. Bunu heç vaxt danışmamışam, sizə deyirəm. Mənim atam çox möhkəm xəstə olmuşdu. Bəzi həkimlərin belə düşüncələri də vardı ki, bu, xərçəngdir. Amma fərqli oldu və sonra atam sağaldı. Həmin vaxt bir nəfər atama demişdi ki, qoyma Qənirə Tibb Universitetinə sənəd versin. Bizim dövrümüzdə hələ test yox idi. Həmin şəxs demişdi ki, Tibb Universitetinə daxil olmağın nə demək olduğunu hamı yaxşı bilir, çox çətin olacaq, daxil ola bilməyəcək. Həm də Tibb Universitetinə o zaman birinci il öz biliyinə daxil olmaq çox nadir hadisə idi. İnsanların yarıdan çoxu Tibb Universitetinə 3-cü, 4-cü, 5-ci illər daxil olurdular.
Ədəbiyyat müəllimim də mənə deyirdi ki, sən mənim ən yaxşı tələbəmsən. O dəhşətə gəlirdi ki, mən ədəbiyyatı qoyub, necə Tibb Universitetinə gedə bilərəm. Tarix müəllimim də həmişə anama narazılığını bildirirdi ki, Qənirə tarixi yaxşı oxuyur, niyə zorla onun yolunu dəyişdirmək istəyirsən. Amma atama söz verəndən qərarım qəti idi. Atam çox məşhur bir müəllim idi, uzun illər məktəb direktoru kimi çalışmışdı, hörmətlə qarşılanan bir maarif işçisi idi. Dedim ki, qoymaram ki, sənin adın aşağı düşsün, desinlər ki, onun qızı Tibb Universitetinə daxil ola bilmədi. Anama söz vermişdim, amma atama da söz verəndən sonra geri çəkilmədim.

- Beləliklə, birinci il Tibb Universitetinə daxil oldunuz və tələbə həyatına başladınız.

- Yadımdadır, tələbə biletini vermişdilər. Yaxın qohumlarımızdan bir neçəsi alıb baxdı, dedilər ki, bilirsən bu nə deməkdir?! Amma mən heç elə sevinmirdim. Artıq Tibb Universitetində oxumağa başlayanda qərara aldım ki, jurnalistika sahəsində işləməyə gedəcəm. Birinci kursda oxuyan zaman ilk dəfə ANS televiziyasına gələndə yoxladılar, mənə dedilər ki, səni götürərik, amma işə gəlmək lazımdır. Tibb Universitetində isə dərslər gündüz saat 15-ə qədər çəkirdi. Bu halda heç cür işləmək mümkün deyildi və valideynlərim də razı olmazdılar ki, dərsi atım. O zaman dedim ki, mən üçüncü kursu bitirib gələrəm. Üçüncü kursu bitirən kimi, praktik dərslər başlayanda heç kimin xəbəri olmadan televiziyada çalışmağa başladım. İlk dəfə reportajım televiziyada gedəcəkdi. Atam səhər işə gedirdi, dedim ki, 15 dəqiqə gözləyərsən, televiziyada reportajım var, istəyirəm ki, ona baxasan. Atam heç nə demədi, oturub baxdı. Reportaj bitəndən sonra dedi ki, get, davam etdir. Sonra anama dedik. Anam da dedi ki, bir şərtlə, Tibb Universitetini bitirməlisən. Ona görə də bir az çətin oldu, həm televiziyada işləyir, həm də oxuyurdum. Amma o arzunun arxasınca getdim.
Amma mən peşman da deyiləm. Tibb Universitetində oxumaq mənə çox müsbət şeylər verdi. Çünki insanı öyrənmək üçün tibb çox böyük bir sahədir. Mənim Tibb Universitetində çox yaxşı müəllimlərim olub. Bəzi fənləri hətta o qədər sevib bağlı olmuşam ki, deyirdilər ki, bu sahə üzrə həkim ol. Tibb Universitetində əldə etdiyim biliklər mənə həm həyatda, həm jurnalistikada, indi də millət vəkilliyimdə kömək edir. İkincisi, evdə təcili yardım mən həmişə özüm olmuşam. Bu da həyatın bir qismətidir.

Düzdür, sonra Universitetdə ikinci təhsil kimi beynəlxalq hüquq fakültəsində oxudum. Amma Tibb Universitetinin mənim həyatımda önəmli yeri var. Hər bir peşəni sevmək lazımdır. Həkimlik çox gözəl bir peşədir ki, sadəcə, gərək insan hər bir sahənin fanatı olsun. Əgər fanatısınızsa, hər bir sahədə uğur qazanacaqsınız. Potensialını reallaşdırmaq üçün insan özünü tapmalıdır.

- Yeri gəlmişkən, Qənirə xanım ev işlərinə nə dərəcədə vaxt ayıra bilir?

- Bu sahədə mənim problemim yoxdur. Məktəbdə oxuyandan ailəmizdə ev işlərinə kömək etmək öyrədilib. Tibb Universitetinə qəbul olan zaman da ailəmiz hələ rayonda yaşayırdılar. Qardaşım Hüseynlə mən tələbə idik, hər işi özümüz görmüşük. Ailəmiz sonradan Bakıya köçəndə də nənəmiz ağır xəstə olduğu üçün anamız tez-tez onun yanında qalırdı. Demək olar ki, ailənin o cəhətdən də yükü mənim üzərimə düşürdü. O baxımdan “hansısa işi edə bilmirəm, mətbəxdə onu bacarmıram” məsələsi yoxdur. İndi də evimdə xüsusi qulluqçu gəlsin, belə bir şey yoxdur. Öz ailəmizin ehtiyaclarını həyata keçiririk. Qonaqlarımız, yaxınlarımız olanda, istəyirik ki, öz evimizdə toplaşaq. Mən çöl həyatını sevmirəm. Düzdür, əvvəllər vaxtım daha çox idi. Amma deyim ki, bu gün bu qədər vaxtım var, ev işləriylə məşğul oluram, düzgün olmaz. Əslində elə çox ev işləri də yoxdur.

- Ailəniz nə vaxt rayondan Bakıya köçüb?

- Böyük qardaşımla mən tələbə olandan bir müddət sonra ailəmiz də Bakıya köçdü. 15 ildən artıqdır ki, Bakıda yaşayırıq. Sonra atam rəhmətə getdi, indi anam bizimlədir.

- Bəs xoşladığınız yeməklər hansılardır?

- Mən öz mətbəximizi sevirəm. Düzdür, hərdən öz mətbəximizin zərərli təsirləri də var. Çünki bizim mətbəximizdə xəmir, yağ, yağlı ət çox üstünlük təşkil edir. Amma mənim ən çox sevdiyim kələm dolması, dovğa, bir də təbii ki, mənim doğulduğum bölgənin xüsusiyyətindən asılı olaraq xəngəldir. Xəngəl bizim mətbəxin tacı hesab olunur. Bir də Bakıda qutab, bizim bölgədə kətə deyirlər. Elektrik piltəsinin yox, sac üzərində bişən kətə. Gərək odunun istisi ona dəysin. Bax o kətəni çox sevirəm. Rayona gedəndə yemək istədiyim şeylərin başında o gəlir.

- Arzularınızı da bilmək maraqlı olardı.

- Yunanların yaxşı bir sözü var. Deyilir ki, Allahı güldürmək, əyləndirmək istəyirsənsə, ona öz planlarından danış. Mənim fəlsəfəm budur ki, insan həyatı hər zaman bitə bilər. Mənim bir neçə sinif yoldaşım artıq həyatda yoxdur, Ermənistan Azərbaycan ərazilərini işğal edən zaman torpaqlarımızın müdafiəsində şəhid olublar. Bəziləri də itkin düşdülər. Eləcə də onların içərisində mənim yaxın qohumlarım var, içərisində milli qəhrəmanlar var. Biz bir yerdə böyümüş və oxumuşduq. Amma onlar çox gənc yaşlarında həyatlarını itirdilər. Ona görə də düşüncəmdə yoxdur ki, uzun yaşayacam, arzular da belə olmalıdır. Mən hər gün səhər şükür edirəm ki, bu gün həyata gözümü açdım, günəşi, havanı gördüm. Hər gecə də yatanda şükür edirəm ki, bu günü də başa vurdum, çalışdım ki, yaxşılıq edərək, insanlara yararlı olaraq günü başa vurum. Pis əməllər etməyərək, günahların içərisinə girməyərək. Bu, mənim həyat fəlsəfəmdir. Hindlilərdə və digər xalqlarda da məşhur olan bir məsəl var. Deyirlər ki, sən dünyaya gələndə hər kəs sevinirdi, təkcə sən ağlayırdın. Həyatını elə yaşa ki, sən həyatdan köçəndə hər kəs ağlasın, qəmlənsin. Sən isə üzündə təbəssüm, rahatlıqla həyatdan gedə biləsən.
Ölüm mənim çox yaxınlığımda olub, ölümü bir neçə dəfə gözümlə görmüşəm. Ölüm mənim o qədər yaxınımda olub ki!...

- Bu, necə olub?

- Jurnalist kimi İraqda olmuşam. Ora bombalanırdı, sığınacağa qaçırdıq. Sabah tezdən dururdum, çölə çıxanda görürdüm ki, qaldığım binanın sağındakı, solundakı bina yerlə yeksandır. Fikirləşirdim ki, arada 3-5 metr məsafə var, bu, mənim qaldığım binada da ola bilərdi. Bu, ölümü hiss etmək deməkdir. Yaxud yadımdadır, İsmayıl Ballı vardı, indi Türkiyədə “İhlas” xəbər agentliyinin rəhbərlərindən biridir. İsmayıl Ballının 4 qızı vardı. Hər gün də mənə deyirdi ki, sən çox ora-bura gedirsən, hər yeri də vururlar, sənə bir şey olsa, gərək qızlarımın gözünə baxa bilməyəm.
Bir gün yenə də reportajım vardı, axşamüstü çəkilişə getməli idim. Televiziyaların qərargahları İraq televiziya qülləsinin olduğu yerdə yerləşirdi. Axşam saat 7 idi, mən girirdim, İsmayıl Ballı çıxırdı. O məndən soruşdu ki, neyləyirsən, dedim, işim var. Dedi ki, gəl düş, buraları vuracaqlar, xəbər var, deyəsən, ölüm axtarırsan. Məni zorla götürdü, digər jurnalistlərlə otelə getdik. Sabah gördük ki, qüllə yoxdur, həmin yer tamamilə darmadağın olunub. Məlum oldu ki, bizdən bir qədər sonra oranı vurublar. Düşünün ki, bu, Allahın insanın ölümdən aldığı bir andır. Fikirləşirsən ki, birdən o, qarşıma çıxmasaydı, mən otelə gəlməsəydim, deməli, indi həyatda yoxdum. Yaxud körpünü vurmuşdular, maşın körpünün üzərində, düz uçurumun kənarında qaldı. Həyatda olmayacağımıza saniyələr vardı.
Ona görə də uzun illərə hesablanmiş planlar gutmuram, Çalışıram ki, yaşadığım günü faydalı işlə məşğul olum.
İnsanın keyfiyyəti onun topluma, insanlara, cəmiyyətə nə qədər yararlı olmasından asılıdır. O, nə qədər yararlıdırsa, insan kimi keyfiyyəti də o qədərdir. İstərdim ki, həyatdan gedəndə desinlər ki, bir insan getdi və təəssüflənsinlər.
Atamın da həyat fəlsəfəsi bu idi. Birisi yetimdir, övladları oxuyur, digəri ağır vəziyyətə düşüb, kömək edək… Atamın həyatı həmişə belə keçdi və maddi yığım düşüncəsi yox idi. Həmişə də bizə bir misal danışardı. Deyərdi ki, bir insan çox imkanlı, həm də ədalətli olur, kasıblara yardım etməyi sevir. Amma görür ki, övladı onun yolunu getmir. Ölümündən qabaq oğluna vəsiyyət edir, deyir ki, bir istəyim var, öləndə o dünyaya corablarım ayağımda gedim, məni elə basdırın. Övladı söz verir. Bir dənə də bir məktub yazıb dostuna verir, xahiş edir ki, dəfni başa çatandan sonra oğluna versin. Kişi rəhmətə gedir, ancaq oğlu nə qədər çalışır, camaat kişini ayağı corablı basdırmağa razılaşmır, “elə adətinə görə olmaz” deyirlər. El adətiylə kişini basdırırlar. Övladı da bikef oturur ki, atam bir şey istədi, ona da əməl edə bilmədim. Bu zaman kişinin dostu yaxınlaşır, məktubu verir. Görür ki, atası bir kəlmə yazıb. Yazıb ki, gördünmü ay oğul, bir cüt corabı da apara bilmədim. İnsanlar bu dünyadan heç nəyi apara bilməyəcək, qazandığı yaxşılıqdır.
…Hər ay rayonda olur, qəbiristanlığa, atamın qəbrinə baş çəkirəm. Qəbiristanlığa girib çıxanda elə bil ki, bir az təmizlənirəm. Orada çox tanıdığım insanlar var. Nə qalıb onlardan? Qalan odur ki, mən keçəndə deyirəm ki, filankəs yaxşı insandı, Allah rəhmət etsin. Yaxud da kiminsə yanından keçəndə sadəcə, heç nə demirəm. Çünki yaxşı bir iş görməyib, əməl sahibi olmayıb. Amma o insan dünyadan nə apardı? Onun da bir qəbir daşı var.
İnsanın əsil ömrü həyatdan köçəndən sonra başlayır. Həyatdan köçəndən sonra bir insanı nə qədər yaxşı xatırlayırlarsa, demək, onun ömrü o qədərdir.
Həm də yuxarıda dedim, torpaqlarımızın müdafiəsində iştirak etmiş bir çox məktəb yoldaşlarımı, dostlarimı, yaxinlarımı itirmişəm. Onlar şəhid oldular. Mən rayonda olanda ən çox əziyyət çəkdiyim məqam məclislərdə, toylarda onların analarıyla üz-üzə gəldiyim məqamdır. Çünki düşünürəm ki, o ana fikirləşir ki, indi övladı da bu yaşda idi. Sinif yoldaşlarımın simasında şəhidlər qarşısında mənim bir borcum var. Onlar həyatını verdi, mən yaşayıram. Hər dəfə qəbiristanlığa gedəndə onları ziyarət edirəm. Həyatdayamsa, çalışmalıyam ki, elə edim ki, onların qarşısında gözükölgəli olmayım. Ən azı analarını görəndə vicdan əzabı çəkməyim ki, onların övladları getdi, mən kef içində yaşayıram. Atam da deyirdi ki, onlar cavan yaşında həyatlarını itiriblər, mən yaşamağa utanıram. Bəlkə də həyatdan ona görə tez getdi.
Ən böyük arzum odur ki, işğal olunmuş torpaqları azad edək, mən öz məktəb, sinif yoldaşlarımın,dostlarım və yaxınlarımının qəbrinin üstünə gedim, deyim ki, gözünüz aydın, rahat yatın. Uğrunda savaşdığınız o ideyalar, düşüncələr reallaşdı. Torpagımız ışgaldan azad edildi. Onlar torpaq uğrunda canlarını veriblər. (kövrəlir, müsahibəyə ara veririk).
İnsan təbiətən naşükürdür. Həmişə allaha dua edəndə deyirəm ki, məni naşükür olmaqdan uzaq et. Allah bizə sağ can veribsə, yaxınlarımız yanımızdadırsa, işimiz varsa, yeməyə çörək tapırıqsa, insan daha nə istəyə bilər ki?! Yaxınlarımızdan kimsə nə isə söyləyəndə deyirəm ki, naşükürsünüz, bu gün dünya əhalisinin 1/5-i yeməyə çörək tapmır. Dünyada milyonlarla insan var ki, bircə dəfə bu dünyaya baxmaq, eşitmək, danışa, yeriyə bilmək üçün hər şeyi verər. Əgər bir insanın sağlığı varsa, qazandığı çörəyi ailəsi ilə rahat yeyə bilirsə, o insan xoşbəxtdir, naşükürlük etmək haqqı yoxdur.
İndi Ramazan ayıdır, ən çox sevdiyim aydır. Bu ayın çox böyük hikməti var. Bəziləri deyirlər ki, mən oruc tutdum. Baxıram ki, orucu formal dərk edirlər, mənasını dərk etmirlər. Əslində oruc nəfsinə qalib gəlmək deməkdir. Yəni görək sən bir gün axşama qədər öz nəfsinə qalib ola bilirsənmi. İkincisi, çörək tapmayıb, aclıq çəkənləri yaxşı dərk edə bilirsən. Sənin əgər çörəyin varsa, onu çörəyi olmayanlarla bölməyi bacarmalısan. Mən istəyirəm ki, cəmiyyətdə bu düşüncə formalaşsın, insanlarımız bölüşməyi, paylaşmağı bacarsınlar. Bu, allahın ən böyük sınağıdır. İnsan ehtiyacı olanların yanında olmağı bacarmalıdır. Bu, ilin hər fəslində olmalıdır. Zəkat nədir? Bölüşməyi, paylaşmağı bacarmaq deməkdir. Qazanmısansa, onun müəyyən hissəsini allah yolunda verməlisən. İnsan var ki, qazanır, sağında, solunda ehtiyacı olanı görmür, bu, ağır günahdır.
Mən həmişə arzu edir, dua oxuyuram ki, ey Allah, sən məni belə günahkar olmaqdan qoru. Mənə həmişə o gücü, düşüncəni ver ki, öz nəfsimə qalib gələ bilim, sənə şükür etməyi bacarım, sənin mənə verdiklərini ehtiyacı olan insanlarla bölüşüm. Bir insanı insan edən keyfiyyətlər, xarakterlər var. O keyfiyyətləri, dəyərləri olmayan əsil insan deyil. Yəni adı insan ola bilər, keyfiyyət olaraq insan deyil. Allaha həmişə dua etmişəm ki, məni insan olmaqdan çıxmağa qoyma.



P.S. Qənirə xanımla müsahibə götürmək üçün 10 gün lazım oldu. Bir neçə dəfə vədələşdik, sonra zəng açdı, işlərinə görə müsahibəni təxirə salmağımızı istədi, vaxtını dəyişdik. Nəhayət, 10 gün sonra razılaşdıq, müsahibəni axşam saat 8-9 arası avtomobillə Bilgəhdəki Qocalar evinə gedən zaman götürmək mümkün oldu. Xanım millət vəkilimizin dəstəyi ilə Ramazan bayramı münasibətiylə təşkil olunan bu tədbirdə də iştirak etdik, anası, qardaşı Hüseynlə tanış olduq. Qocalar evində müğənnimiz Elza Seyidcahanın ifasında “Həyata küsmə” mahnısına da həyatdan küsmüş, Qocalar evinə yığışan insanlarla birgə dinlədik. Elza xanım bu mahnının sözlərinin də Qənirə Paşayevaya məxsus olduğunu söylədi. Optimist ruhlu bir mahnı…
# 1533

Oxşar yazılar